İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? - Erazm Martin Lüterə niyə qoşulmamışdı?

İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı?  -  Erazm Martin Lüterə niyə qoşulmamışdı?
28 oktyabr 2025
# 12:38

28 oktyabr holland yazıçı Rotterdamlı Erazmın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

İntibah dövründə yaranan humanizm cərəyanının qurucularından və ən tanınmış nümayəndələrindən olan Rotterdamlı Erazm 1465-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olub.

Orta təhsilədən sonra Avqustin təriqətinə qoşularaq rahib olub. Lakin o, heç vaxt ənənəvi rahibliklə məşğul olmayıb, elmi fəaliyyətinə görə dini rəhbərlikdən “cübbə geyməmək” icazəsi alıb.

Daha sonra Paris Universitetində təhsilini davam etdirib.

Həm ilahiyyatçı, həm də yazıçı olan Erazm daha çox dövrün dini hərəkatlarına qarşı apardığı mübarizələri və "Axmaqlığın tərifi" əsəri ilə tanınıb.

Onun təhsil sahəsində yazdığı əsərlər köhnə sxolastik tədris proqramının yerini klassiklərə əsaslanan yeni humanist yanaşmaya verməsinə böyük təsir göstərib. Kilsədəki sui-istifadə hallarını tənqidlə uzaq keçmişdəki “daha saf bir dövrə” işarə edərək, Erazm həm Protestant, həm də Katolik islahat hərəkatı üçün zəmin hazırlayan meylləri gücləndirib.

Papa hakimiyyətinin düşüncələr üzərində qurduğu hökmranlığa qarşı çıxaraq həqiqi xristianlıq ruhunu qədim dövrün sadəliyində axtarıb

Gözəl sənətlərin və elmin yayılmasını, Avropanın ortaq bir sənət və elm anlayışı altında birləşməsini humanizmin əsas şərti hesab edib. Öz əsərləri və tərcümələri ilə antik dövr düşüncələrinin Avropada yayılmasına böyük töhfə verib.

Martin Lüterin islahat hərəkatı başladıqda, o, kilsənin yenilənməsi fikrini dəstəkləsə də, xristian dünyasının qarışıqlığa və parçalanmaya sürüklənməsinə qəti şəkildə qarşı çıxıb.

Nəhayət, o, dini qarşıdurmaların kəskin olduğu bir dövrdə müstəqil mövqeyini qoruyaraq - nə təqdir anlayışını, nə də papalığa aid edilən səlahiyyətləri qəbul etməklə hər iki tərəfin tərəfdarlarının şübhəsinə səbəb olub, amma azadlığı dini əsarətdən üstün tutanlar üçün bir ilham mənbəyinə çevrilib.

Erazm keşiş Rocer Gerardın və həkim qızı Marqaritanın nikahdankənar doğulmuş ikinci oğlu olub.

Hər iki valideyni vəfat etdikdən sonra uşaqların qəyyumları onları "Common life brothers" (Ortaq həyat qardaşları) adlı dini hərəkatın idarə etdiyi "’s-Hertogenbosch" məktəbinə göndəriblər.

Bu hərəkat monastır həyatına marağı təşviq edib. Erazm sonralar bu məktəbi yalnız sərt intizamı ilə xatırlayıb - onun sözlərinə görə, bu intizam “gənc bir oğlanın ruhunu sındıraraq təvazökarlıq öyrətmək” məqsədi daşıyıb.

Erazmın monastır rəhbərləri onun klassik təhsilinə qarşı çıxaraq onun gözündə “barbara” çevriliblər. Buna görə də, 1492-ci ilin aprelində kahin kimi təyin olunduqdan sonra o, Kambre yepiskopu, yüksək nüfuza malik olan Henri van Bergenin latın katibi vəzifəsini qəbul edərək monastırdan ayrılmaq fürsətindən istifadə edib.

O, saray həyatını sevməyib və Kambre yepiskopu onu Paris Universitetində ilahiyyat təhsili almağa göndərdikdə (1495) vəziyyət çox da yaxşılaşmayıb.

Yazıçı əvvəlcə təhsil aldığı Montaqo kollecinin yarı-dini rejimini bəyənməyib və bir dostuna özünü skotist mühazirələri dinləyərkən “qırışmış qaş və donuq baxışla oturmuş” kimi təsvir edib.

Klassik təhsilini davam etdirmək üçün o, tələbələr yetişdirməyə başlayıb; məhz bu dövrdə (1497–1500) onun "Kolloqiya" və "Adagiya" kimi latın dilini öyrətməyə yönəlmiş ilk əsərləri meydana gəlib.

Bu əsərlər qısa zamanda Avropadakı humanist məktəblərdə geniş istifadə olunmağa başlayıb.

1499-cu ildə tələbəsi Uilyam Blunt Erazmı İngiltərəyə dəvət edib. Orada o, ömürlük dost olacağı Tomas Mor və Con Koletlə tanış olub.

Bütün həyatı boyu latın dilində danışan və yazan Erazm ölümündən əvvəlki son sözlərini ana dilində deyib: “Lieve God” (Əziz Tanrım).

“Axmaqlığın tərifi” (orijinal adı ilə: Morias enkomion seu laus stultitiae), Erazmın bu günə qədər canlılığını, aktuallığını və cəlbediciliyini qoruyub saxlayan yeganə əsəridir.

Erazm bu kiçik kitabın ilkin planını 1509-cu ilin yayında İtaliyadan İngiltərəyə səyahəti zamanı hazırlayıb, yazını isə dostu Tomas Morun evinə çatdıqdan qısa müddət sonra tamamlayıb.

O, əsəri Tomas Mora həsr edib. Erazm kitabı cəmi bir neçə gün ərzində yazıb və bu müddətdə heç bir mənbədən istifadə etməyib.

Ədəbi baxımdan “Axmaqlığın tərifi” latın şairi Horatsinin “həqiqəti gülərək söyləmək” prinsipinin, bəlkə də, ən mükəmməl nümunəsidir. Formaca Erazm əsərini yazarkən daha əvvəl tərcümə etdiyi antik yunan şairləri Lukian və Libandan da ilham alıb.

Məhz bu, ona böyük şöhrət gətirib və bu gün də yazıçı həmin əsərlə xatırlanır.

Onun haqqında yazılan ən mükəmməl əsər Ştefan Svayqın "Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi" kitabıdır.

Qısaca, Rotterdamlı Erazm 1536-cı ildə Baseldə öldüyü zaman Avropanın düşüncə həyatında papaların belə ziyarətinə gəldiyi bir adam olacaq qədər nüfuza malik olub.

# 247 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər