İrəvan şəhərini Əmir Teymur, yoxsa Şah İsmayıl qurub? - 600 illik sirr

İrəvan şəhərini Əmir Teymur, yoxsa Şah İsmayıl qurub? - 600 illik sirr
8 may 2024
# 12:00

Kulis.az Akif Azalpın "Əmir Teymur və İrəvan şəhəri" məqaləsini təqdim edir.

“Əmir Teymurun Qafqazdakı quruculuq fəaliyyəti” silsiləsindən “Əmir Teymurun Qarabağ sevgisi (Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə)” adlı birinci məqaləmizdən (“Ədalət” qəzeti, 22 oktyabr 2022-ci il) sonra növbəti tədqiqatımızda diqqəti böyük cahangirin indiki Ermənistan paytaxtının yaranmasındakı ciddi və əsaslı roluna yönəltmək istəyirik.

Sözügedən məsələdə bitərəf mənbə kimi ilk öncə Qərb alimlərinin fikirlərinə istinad etmək daha məqsədəuyğun olardı. Bu baxımdan Qərb şərqşünaslığının korifeylərindən sayılan, görkəmli rus tarixçisi, akademik V. V. Bartoldun aşağıdakı fikri diqqəti yaxından cəlb edir:

“Erivan bir kənd kimi Teymur dövründə peyda olmuş, amma yalnız XVI əsrdə, Şah İsmayıl zamanında şəhərə çevrilmiş və elə onda da özünün indiki adını almışdır". (Bartold V. V. Soçineniya, tom VII, M. “Nauka”, 1971, s. 212-213)

Görkəmli şərqşünas və tarixçi öz fikrinin istinad edilən və 213-cü səhifənin çıxarışında göstərilən bir sıra Qərb və erməni mənbələrinin hansından qaynaqlandığını dəqiq göstərməsə də, onun sözləri bir çox Azərbaycan tarixçilərinin məşhur türk səyyahı və coğrafiyaşünası Evliya Çələbinin (1611-1685) “Səyahətnamə” əsərinə istinadən söylədikləri fikirlərlə yaxından səsləşir.

Belə ki, Evliya Çələbi öz “Səyahətnamə”sinin “İrəvan şəhərinin əsasının qoyulması haqqında” adlı hissəsində yazır:

“Hicri 810 (1407-1408)-cu ildə Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir İrəvan torpağına qədəm qoyduqda çox münbit, məhsuldar torpaq görür. Öz ailə üzvlərilə burada sakin olur. Gündən-günə düyü əkini hesabına varlanaraq, bu böyük kəndin əsasını qoyur". (Evliya Çələbi. Səyahətnamə, Bakı, Azərnəşr, 1997, s. 50)

Məşhur “Səyahətnamə” müəllifi bu sözlərin ardınca Şah İsmayılın fərmanı ilə Rəvanqulu xanın Rəvan qalasını 7 ilə tikdirməsi, qalaya öz adını verməsi və sair haqda da bir sıra bilgilər verir.

Görkəmli Azərbaycan tarixçisi, akademik Yaqub Mahmudov sözügedən məsələyə öz əsərlərində dəfələrlə münasibət bildirir. O cümlədən, bir neçə dildə çap olunmuş “İrəvan xanlığı” adlı fundamental tədqiqatında akademik yazır:

“Dövrə aid mənbədə Əmir Teymurun yürüşlərindən bəhs olunarkən Əmir Səədin Çuxursəd hakimi olduğu qeyd olunur". (Mahmudlu Y. Seçilmiş əsərləri, VII cild, Bakı, “Təhsil”, 2011, s. 296)

Yaqub Mahmudov tarixçi Güntəkin Nəcəflinin “İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri” adlı kitabına yazdığı ön sözdə həmin məsələ ilə bağlı başqa bir məqamı da vurğulayır:

“İrəvan şəhərinin yerləşdiyi ərazi qədim dövrdə və erkən orta əsrlərdə, hətta Əmir Teymur dönəmində də Azərbaycanın sərhədləri daxilində olmuşdur. XVI əsr Osmanlı mənbələrində İrəvan şəhəri “Azərbaycan mülkünün gözü” adlandırılırdı". (Nəcəfli G. İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri, Bakı, ATİB, 2017, s. 6)

Sözügedən kitabın müəllifi Güntəkin Nəcəfli də öz növbəsində Evliya Çələbiyə istinadən Əmir Teymurun tacirlərindən Ləhicaninin öz yaxınları ilə məskən saldığı yerin çəltik əkini sayəsində axırda “bir böyük qəsəbə olduğunu” qeyd edərək fikrinə davam edir:

“İrəvan şəhərinin əlverişli coğrafi mövqeyini nəzərə alan Azərbaycan hökmdarı Şah İsmayıl h. 915 (m. 1509-1510) tarixində Zəngi çayının şərq sahilində qala salınması üçün Rəvanqulu xanın adına fərman göndərmişdir. 7 il müddətində salınmış bu qala Rəvanqulu xanın şərəfinə İrəvan qalası adlandı". (Nəcəfli G. Göstərilən əsəri, s. 11-12)

Əmir Teymurun indiki Ermənistan paytaxtının yaranması və təşəkkül tapmasındakı rolu ilə bağlı Azərbaycan tarixçisi Zemfira Hacıyevanın Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “İrəvan xanlığının tarixi” kitabındakı fikirlər də ciddi maraq doğurur:

“Orta əsr şəhəri İrəvanın tarixi haqqında ilk məlumatlara məşhur türk səyyahı-coğrafiyaşünası Övliya Çələbinin “Səyahətnamə” kitabında istinad edilir, müəllif bu yaşayış məntəqəsinin yaranma tarixinin XV əsrin əvvəllərinə təsadüf etdiyini söyləyir. Çələbinin verdiyi məlumata əsasən, 1407-1408-ci illərdə (Hicri tarixi ilə 810-cu ildə) Əmir Teymurun önəm verdiyi tacir Xoca xan Ləhicani ilk dəfə İrəvan torpağına ayaq basır. O, münbit torpaqlı məmləkəti görüb öz yaxınları ilə orada məskən salır". (Hacıyeva Z. İrəvan xanlığının tarixi, Bakı, “Elm”, 2013, s. 4)

Bu mülahizənin ardınca tədqiqatçı İrəvanın şəhər kimi formalaşması və böyüməsində yenə də Evliya Çələbiyə istinadən Şah İsmayıl Xətayinin xüsusi xidmətlərini qeyd etməyi də unutmur.

Nəhayət, sözügedən məsələdə bizi maraqlandıran məqam baxımından İrəvan tarixi ilə bağlı elmi ədəbiyyatda başqa bir fikir də diqqəti yaxından çəkir:

“... Bəzi hallarda Azərbaycan Əmir Teymurun yaratdığı imperiyanın (1386-1405) və Osmanlı dövlətinin tərkibində də olmuşdur (Qarayev E. İrəvan hakimlərinin tarixindən (XV – XIX yüzilliyin əvvəlləri), Bakı, “AfPoliqraf”, 2021, s. 21)”.

Beləliklə, yuxarıda gətirilən iqtibaslardan və diqqət mərkəzinə çəkilən tarixi faktlardan irəli gələn xülasələri aşağıdakı kimi bir neçə maddədə ümumləşdirmək olar:

Birincisi, erməni “elmi” iddialarının əksinə olaraq, bir kənd kimi bünövrəsi XIV əsrin son – XV əsrin ilk illərində qoyulan və şəhər kimi salındığı vaxtdan XV – XVI əsrlərdə yaşamış real tarixi şəxsin adını daşıyan İrəvan (Erivan) toponiminin eramızdan əvvəlki (VIII – VII əsrlər) qədim Urartuya aid Erebuni toponimi ilə hər hansı əlaqəsinin yoxluğu göz qabağındadır.

İkincisi, akademik V. V. Bartoldun kəndin “Teymur dövründə”, şəhərin “Şah İsmayıl zamanında” yaranmasını vurğulaması hər iki hadisənin də hər iki hökmdarın məhz sağlığında baş verdiyini bir daha təsdiq edir. Bu baxımdan, “Səyahətnamə”də tacir Ləhicaninin məskunlaşmasına aid edilən illərin (1407 – 1408) Əmir Teymur (1336 – 1405) vəfatından sonraya düşməsində müəyyən qədər qeyri-dəqiqlik var. Əsərdə bəzən belə halların başqa məqamlarda da özünü biruzə verdiyi qeyd olunur (s. 50 və s.). Amma sözügedən məsələdə akademik V. V. Bartold kimi nəinki erməni tarixçilərinin, bütün dünya şərqşünaslıq elminin hesablaşdığı bir nüfuz sahibinin olduqca qiymətli fikirlərinin indiyə qədər əksər çağdaş tarixçilərin diqqətindən kənarda qalması da ən azından dərin təəccüb və təəssüf doğurur.

Üçüncüsü, orta əsrlərdə “kənd” sözünün daha çox “qəsəbə” anlamında, “qala” sözünün isə “şəhər” mənasında işlənildiyini nəzərə alsaq və əsas mənbələrdə vurğulanan məlumatlardan çıxış etsək, XVI əsrin əvvəlində Şah İsmayılın fərmanı olmadan, İrəvan şəhərinin salınması mümkün olmadığı kimi, ondan təxminən bir əsr öncə salınan və həmin şəhərin təməlini təşkil edən qəsəbəni də Əmir Teymurun təşəbbüsü, yaxud xüsusi göstərişi olmadan salmaq mümkün deyildi. Bu amil öz-özlüyündə Əmir Teymurun Qafqaza son yürüşlərindən birində Qərbi Azərbaycana mənsub sözügedən ərazini böyük cahangirin öz gözləri ilə gördüyünə və bəyəndiyinə, oranın əlverişli iqlim şəraiti, münbit torpağı və strateji coğrafi mövqeyinə görə orada yaşayış məntəqəsi salınması üçün öz tacirinə buyruq verdiyinə və bununla da indiki Ermənistan paytaxtının bünövrəsini qoyduğuna heç bir şübhə yeri saxlamır.
Dördüncüsü, təkcə bu danılmaz tarixi faktın və ümumbəşəri xeyirxah missiyanın özü Əmir Teymur dövrünün bədnam erməni “tarixçi”si Foma Metsopskinin “Teymurləngin və onun xələflərinin tarixi (Metsopskiy F. İstoriya Timur-lanka i eqo preemnikov, M., “Директ-Медиа”, 2011, 106 s.)” adlı “əsər”ində sonuncu məğlubedilməz cahangirin ünvanına yağdırılan yalan və böhtanların nə qədər əsassız və qərəzli olduğunu bir daha sübuta yetirir.
Və nəhayət, keşməkeşli bəşər tarixinin ən böyük hikməti də ondadır ki, öz ibrətli misalları ilə Xeyiri və Şəri davamlı olaraq üzbəüz gətirir və kimin kimliyini təkrar-təkrar ortaya qoyur. Yaxşısı, qoy adil oxucunun və bugünkü canlı tarixin özü desin, aradan təxminən 600 il keçməsinə baxmayaraq, XX – XXI əsrlərdə Şər qüvvələri təmsil edən Metsopski törəmələrinin Qarabağda törətdikləri 30 illik qanlı cinayətlər vəhşilik və dağıdıcılıq illətinin ən bariz misalı olduğu halda, işğala Möhtəşəm Zəfərlə və şərəflə son qoyulandan sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təşəbbüsü ilə tikilib, özbək xalqı adından 2023-cü ilin 24 avqustunda cəfakeş Qarabağ uşaqlarına bəxşiş edilən və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi” kimi yüksək qiymətləndirilən Füzuli şəhərindəki ikimərtəbəli, 960 şagirdlik, qırx siniflik, ən müasir tələblərə uyğun Mirzə Uluğbəy adına 1-saylı tam orta məktəb də məhz öz vaxtında indiki Ermənistan paytaxtının bünövrəsini qoymuş həmin Əmir Teymurun Xeyirə yönlənmiş böyük quruculuq missiyasının bu gün bütün dünyanın gözü önündəki nümunəvi və ibrətli davamı deyilmi?!...

# 1973 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #