İnsan orda bir il ərzində çürüyür - Mark Tvenin essesi

İnsan orda bir il ərzində çürüyür - Mark Tvenin essesi
5 noyabr 2023
# 15:00

Kulis.az Amerika yazıçısı Mark Tvenin “Yerdən məktublar” adlı teoloji essesindən üçüncü hissəni təqdim edir.

(əvvəli burada)

Yer üzündə yaşayan hər bir insanın çox və ya az dərəcədə öz ağıl payı var; az ya çoxluğundan asılı olmayaraq, o öz ağlıyla öyünür. Öz cinsindən olan böyük mütəfəkkirlərin adını eşidəndə insan ürəyi qürur hissiylə dolur, onların gözəl əməlləri barədə eşidəndə vəcdə gəlir, sevinir; çünki onlarla qan yaxınlığı var, onlar ucaldıqca insanı da ucaldırlar. “Bax, insan ağlı gör nəyə qadirdir!” deyə insan öyünərək bildirir. Bütün dövrlərdə doğulan müdriklərin adlarını sadalayır, onların dünyaya bəxş etdiyi ölməz kitablarını xatırladır, icad etdikləri texniki möcüzələrdən danışır. Elmə və sənətə töhfə verdikləri parlaq nümunələrdən fəxarətlənir; monarxların qarşısında necə baş əyirsə, həmin müdriklərin qabağında da eləcə təzim edir; onlara səmimiyyətlə ehtiram göstərir, ürəkdən gələn sevinc hissiylə mümkün olan ehtiramını bildirir; bununla o, öz dünyasında ona idrakla yanaşır, onu yeganə və ali hakim kimi tanıyır. Di gəl bundan sonra isə insan özü üçün Cənnət uydurur, orda bir damcı belə ağıl deyilən şey olmur.

Bu çox qəribədir! Çox maraqlıdır! Anlamaq olmur, eləmi? Hər halda, məsələ bax bu cürdür, məhz mənim söylədiklərim kimidir, halbuki bunlar inanılmaz görünür. Sidqi-ürəkdən idraka pərəstiş edən bu məxluq, Yerdə idrakın ləyaqətinə görə öz böyük rolunu qiymətləndirən insan dini və Cənnəti uydurub: din və Cənnət isə idraka hörmət bəsləmirlər, onu mədh etmirlər, idrakı ayaqları altına salıb dəyərsiz edirlər, bir sözlə, onun varlığı barədə bir kəlmə belə danışmırlar.

Siz yəqin əmin oldunuz ki, insan cənnəti uydurulub, tamamilə müəyyən plan əsasında qurulub; mahiyyəti də bundan ibarətdir ki, Cənnət insan üçün iyrənc olan hər şeydən, bütün xırda nüanslarına qədər hər şeydən ibarətdir, Cənnətdə insanın xoşladığı heç nə yoxdur!

Mövzunu dərindən tədqiq etdikcə, bu heyrətamiz fakt aşkara çıxır.

Beləliklə, yadda saxlayın: insanın uydurduğu Cənnətdə idraka yer yoxdur, yaşayış da yoxdu! İnsan orda bir il ərzində çürüyür; çürüyür, iylənir və yox olur! Və sonra müqəddəsləşir! Bu da yaxşıdır, çünki belə bir qaranlıq sığınacaq yalnız müqəddəs ağıldankəmlərin sevincinə dözə bilər.

Üçüncü məktub

Siz artıq bildiniz ki, insan adlı məxluq əcaibdir. Keçmiş zamanlarda insan yüzlərlə dinə (hər cür dinə sitayiş edib, sonra da tullayıb) sitayiş edib; indi isə onun əlinin altında yenə yüzlərlə müxtəlif din var; o hər il yenə ən azı üç yeni din “istehsal” edib dövriyyəyə buraxır. Mən bu rəqəmləri nəzərəçarpacaq dərəcədə artıra bilərəm, bütün hallarda faktlardan kənara çıxmaram.

İnsanın əsas dinlərindən biri xristianlıq adlanır. Məncə, bu dinin qısaca icmalı sizi də maraqlandıra bilər: xristianlıq iki milyon sözdən ibarət Kitabda təfərrüatlı şəkildə ifadə edilib; Kitab “Əhdi Əqiq” və “Əhdi Cədid” adlanır. Onun başqa adı da var: “Allahın Sözü”. Çünki xristianlar hesab edirlər ki, bu kitabdakı hər bir söz sizə artıq haqqında söylədiyim Allah tərəfindən diktə edilib.

Kitab çox maraqlıdır. Orda çox gözəl poetik yerlər var; orda məntiqli təmsillər var, bir neçə qanlı tarixi xronika, bəzi faydalı əxlaqi təlimatlar yer alıb. Və orda çoxlu ədəbsizliklər, inanılmaz dərəcədə çoxsaylı yalanlar var.

İncil əsasən öz ömrünü başa vurmuş və məhv olub getmiş daha qədim incil kitablarının hissələrindən tərtib edilib. Təbii ki, o orijinallıqdan məhrumdur. İncildə təsvir edilən üç-dörd əhəmiyyətli və heyrətamiz hadisə ondan əvvəlki kitablarda da xatırlanır; bütün yaxşı qayda və təlimatlar da əvvəlki kitablardan götürülüb. İncildə yalnız iki şey yenidir: birincisi, Cəhənnəm, ikincisi isə xüsusi Cənnət. Sonuncu barədə mən sizə artıq söylədim.

Bəs biz nə edək, hə? Əgər biz də onlar kimi inansaq ki, hər iki müdhiş yeri Allah düşünüb, onda biz Ona nahaq böhtan atmış olarıq; əgər biz qərara alsaq ki, bu yerləri insanlar özləri uydurub, onda biz insanlara da haqsız şər atarıq. Xoşagəlməz dilemmadır; axı hər iki halda onlardan heç biri - nə Allah, nə də insan bizi incitməyib.

Bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün gəlin seçim edək: insanların baxışlarını qəbul edək, xoşagəlməz yükü də onların Allahının çiyinlərinə qoyaq: Cənnəti də, Cəhənnəmi də, İncili də və digərlərini də Onun adına yazaq. Ola bilsin ki, bu, ədalətsiz görünsün, ya da düzgün olmasın; əgər onların Cənnətini yadımıza salsaq...yadımıza salsaq ki, cənnəti necə böyük cidd-cəhdlə həqarət doğuran şeylərlə doldurublar, onda onu guya insanların özləri uydurmasına sadəcə inanmaq mümkün deyil. Lakin mən sizə Cəhənnəm barədə danışsam, bu ideya sizə daha inanılmaz görünər; siz də sözsüz ucadan qışqırıb deyərsiniz: yox, insan özü üçün və yaxud kimin üçünsə belə bir yer hazırlaya bilməz. Bu sadəcə mümkün ola bilməz.

Onların sadəlövh İncili aləmin yaranmasını nəql edir. Nəyin yaranışıdı belə? Dünyayi aləmin? Bəli, məhz dünyayi aləmin! Altı gün ərzində!

Bunu Allah yaradıb. O “dünyayi aləm” sözünü işlətməyib, dünyayi aləm təzə sözdü, bu yaxında meydana gəlib. O yalnız Yer kürəsiylə məşğul olub, onu beş günə yaradıb... sonra isə... Sonra da elə bircə günə iyirmi milyon günəş, səksən milyon planet yaradıb!

Bunlar Onun nəyinə gərək idi? Bu xırda oyuncaq dünyanı işıqla təmin etmək üçün! Bu Onun yeganə məqsədi idi, Onun başqa məqsədi olmamışdı. İyirmi milyon günəşdən yalnız biri (ən kiçiyi!) gündüzlər bu xırda şarı (kürəni) işıqlandırmalıydı, yerdə qalan günəşlər kainatdakı saysız-hesabsız aylardan birinə kömək məqsədilə yaranmışdılar ki, onun gecələrinin zülmətlərini azaltsınlar.

Şübhəsiz, O inanırdı ki, günəş ilk dəfə batan kimi Onun təzəcə yaratdığı milyonlarla sayrışan ulduz qəttəzə asimana səpələnəcək; lakin bu zülmət qübbədə ən birinci ulduz yalnız üç il yarımdan sonra parladı, o da həmin unudulmaz həftədə ağır əməkdən sonra mümkün oldu. Yalnız bu zaman ilk ulduz peyda oldu, tək-tənha sayrışmağa başladı. Üç ildən sonra ikinci ulduz bərq vurdu. Hər ikisi dörd ildən çox sayrışdılar, sonra onlara üçüncü ulduz da qoşuldu. Nəhayət, birinci yüz il ərzində bu geniş asimanın ənginliklərində bərq vuran iyirmi beş ulduzu güclə saymaq olardı. Minilliyin sonunda onlar çoxaldılar, lakin sayca bir o qədər çox deyildilər. Milyon il ərzində indiki səmada teleskopla da olsa, göy cisimlərinin yalnız yarısını görmək mümkün idi; daha milyon il lazım oldu ki, ulduzların qalan yarısını da görmək mümkün olsun. Keçmiş zamanlarda teleskoplar hələ mövcud deyildi, peyda olan ulduzları da görmək mümkün olmazdı.

Artıq üç yüz ildi ki, astronom-xristianlar bilirlər ki, ulduzları onların Allahı həmin əlamətdar altı gün ərzində yaratmayıb, lakin astronom-xristian bu barədə susmağa üstünlük verir. Elə xristian keşişləri də susurlar.

Bu Kitabda Allah öz qüdrətli əsərlərini bəlağətlə mədh edir, bundan ötrü özünə bəlli olan çox möhtəşəm sözlər seçir və sübut edir ki, (əsaslı olaraq!) Onun çox güclü və möhtəşəm həcmli şeyləri var; hər halda, O milyonlarla möhtəşən günəş yaradıb ki, onlar xırda bir Yer kürəciyinə işıq salsınlar; əksinə olmalıydı, Yer kürəsi onların xidmətində durmalıydı. Öz Kitabında O Arkturus ulduzunun adını çəkir; yəqin ki, xatırlayırsınız, biz ha vaxtsa birlikdə orda olmuşuq. Bu nəhəng ulduz Yer kürəsi üçün sadəcə bir gecə lampasıdır. Bu nəhəng şar böyüklüyünə görə Yerin günəşini əlli min dəfə üstələyir, günəş onunla müqayisədə kilsənin böyründə bitən balqabaq kimi görünür!

Lakin Bazar Günü məktəblərində uşaqlara hələ də öyrədirlər ki, Arkturus bircə məqsədlə yaradılıb: Yer kürəsini işıqlandırsın. Və uşaq da böyüyənədək buna inanmağa başlayır; sonralar ona məlum olur ki, ehtimal nəzəriyyəsinə görə bu məsələ ayrı cür izah edilir.

Bu kitaba və ona xidmət edən ilahiyyatçılara görə dünyanın yaşı cəmi altı min ildir. Yalnız son yüz ildə tədqiqatçı alimlər müəyyən edə biliblər ki, dünyanın yaşı az qala yüz milyon ildir.

Həmin Altı Gün ərzində Allah insanı və heyvanları yaradıb.

Allah kişiylə qadını yaradaraq onları digər məxluqlarla birlikdə gözəl bir bağda məskunlaşdırıb. Orda hamısı sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar, həyatlarından məmnun qalıblar, xoşbəxt ömür sürüblər, əbədi cavanlıqlarından həzz alıblar, sonra bədbəxtlik baş verib: O kişiylə qadına xəbərdarlıq etmişdi ki, hansısa ağacın meyvəsini yeməsinlər. Və qəribə də olsa əlavə edib ki, əgər o meyvədən yesələr, öləcəklər. Mən ona görə “qəribə də olsa” deyirəm ki, o məxluqlar heç vaxt ölümün nə olduğunu bilməmişdilər, təbii ki, Allahın nə dediyini anlaya bilməzdilər. Nə Allah, nə də digər allahlar bu cahil, nadan məxluqlara onun mənasını başa sala bilməzdilər, yəni əyani nümunə göstərməsəydilər, onlar ölümü başa düşə bilməzdi. “Ölüm” sözü təzə doğulan uşaq üçün necə yaddırsa, onlar üçün də eləydi.

Çox keçmir ki, hansısa bir ilan peyda olur, başlayır o məxluqlarla özəl söhbət eləməyə; özü də ilan yeriyə-yeriyə gəlir, çünki o zamanlar ilanlar yeriyirmiş. İlan deyir ki, qadağan edilmiş meyvə onların boş başını biliklə dolduracaq. Buna görə də onlar həmin meyvəni yeyirlər. Bu da təbiiydi, çünki insan hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən kimi yaradılıb; keşiş isə Allah kimidi, onun Yerdəki nümayəndəsidir, onu təqlid edir. O öz biznesini əvvəldən elə qurub ki, insan özünə lazım olan faydalı şeyləri bilməsin.

Adəm və Həvva qadağan olunmuş meyvəni yedilər, onların dumanlı beyni dərhal işıqlandı. Onlar bilik əldə etdilər. O nə bilikdi elə? Onların fayda götürə biləcəyi bilikdi? Heç də yox! Onlar sadəcə bildilər ki, Xeyir və Şər adlanan şeylər var; bundan başqa onlar şər işlər görməyi öyrəndilər. Əvvəllər bunu bacarmırdılar. Həmin ana kimi onların bütün hərəkətləri təmiz, ziyansız, günahsız və məsum olmuşdu.

İndi isə onlar şər işlər görməyi öyrəniblər, bundan əziyyət çəkirlər; indi onlar elə bir şey əxz ediblər ki, Kilsə bunları çox qiymətli xəzinə adlandırır – onlar mənəvi-əxlaqi hisslər əldə ediblər, bu da onları heyvanlardan fərqləndirir, heyvandan üstün edirdi. Heyvandan aşağı ola bilməzdi, olsaydı, hesab edərdilər ki, insan çirkin və günahkardır, heyvan isə təmiz və günahsız. Yəni, təxminən buna bənzəyir: bilə-bilə ki, saat işləmir, xarabdı, amma yenə onu işləyən saatdan üstün sayırsan.

Kilsə indi də hesab edir ki, Əxlaqi hiss insanın ən yüksək fəzilətidir; halbuki, Kilsə gözəl bilir ki, Allah bu hiss barədə ən pis fikirdə olub; O hər cür vasitəyə çalışmışdı ki, Cənnət bağında öz xoşbəxt uşaqlarını bu hissə yiyələnməkdən çəkindirsin.

Beləliklə, Adəm və Həvva artıq bilirdilər ki, Şər nə deməkdir, onu necə həyata keçirmək olar. Onlar artıq bilirdilər ki, mümkün olan bütün pis hərəkətləri necə həyata keçirmək olar; özü də o hərəkətlərin ən başlıcasını elə Allahın özü qadağan etmişdi. Söhbət cinsi münasibətlərin sirrindən və onların məharətlə həyata keçirilməsindən gedir. Bu kəşf onlara çox gözəl və möhtəşəm göründü. Onlar Cənnət bağında məqsədsiz gəzib-dolaşmaqdan qurtuldular, bütün diqqət və həvəslərini yeni məşğuliyyətə- cinsi əlaqəyə yönəltdilər. Yazıqlar, axı çox cavan və şən idilər!

Cütlüyün xoşbəxtcəsinə birgə yaşadığı ən qızğın çağında bağdakı kolların arasından ayaq səsləri gəldi, Allah gündəlik seyrə çıxmışdı. Cütlük Onu görüb qorxdu. Niyə? Çünki ikisi də lüt idi. Əvvəllər lüt olmaqlarından qorxmurdular, bu barədə bilikləri yox idi; onlar üçün fərqi yox idi, Allah da buna əhəmiyyət verməzdi. Elə həmin unudulmaz anda ədəbsizlik və utanmazlıq doğuldu, bəzi adamlar o vaxtdan bəri buna dəyər veriblər, halbuki səbəbini də izah edə bilmirdilər.

Adəm və Həvva dünyaya lüt gəlmişdi, utanmaq bilmirdilər; onlar çılpaq və təmiz qəlbliydilər. Onların nəsilləri də dünyaya belə gəliblər və indi də gəlirlər: təmiz ürəklə, utancaqlıq hissi olmadan. Onlar dünyaya əxlaq hissiylə gəlirlər. Əxlaqsızlığı və çirkin fikirləri sonradan, kənardan əldə edirdilər, başqa yol yox idi. Xristian ananın ilk vəzifəsi uşağın beynini korlamaqdır, ana heç vaxt bu vəzifəsindən əl çəkmir. Ananın oğlu böyüyür, missioner olur və sadəlövh vəhşilərin yanına yollanır, ya da mədəni yaponların arasına düşür, başlayır onlara çirkin fikirlər təlqin etməyə. Burada onlar da əxlaqsız olur, öz bədənlərini paltarın altında gizlətməyə başlayırlar, birlikdə çılpaq çimməkdən imtina edirlər.

Yanlış olaraq əxlaq adlandırılan məşrutlunun bir dənə belə norması yoxdur, ola da bilməz; çünki o təbiəti və ağılı inkar edir, hamının kefinə və xəstə şıltaqlığına səbəb olan uydurmadır. Misal üçün, Hindistanda tərbiyəli qadın üzünü və sinəsini örtülü saxlayır, lakin ayaqları baldırına kimi çılpaq qalır; tərbiyəli avropalı qadın isə ayaqlarını gizlədir, üzünü və sinəsini açıq saxlayır. Sadəlövh vəhşilərin məskunlaşdığı əyalətlərdə tərbiyəli avropalı qadın tezliklə yerli əhalinin çılpaq qalmaq adətinə alışır, çılpaqlıq artıq onun hisslərini təhqir eləmir. On səkkizinci əsrdə fransız qrafı və qrafinyası tamam kübar təbəqəli adamlar idi, onların qohumluq əlaqələri yox idi, izdivacda da deyildilər; gəmi qəzasından sonra ayılıb gördülər ki, kimsəsiz adaya düşüblər, özü də bircə dənə gecə köynəyində, sonra ondan da məhrum olub lümlüt qaldılar. Bir həftə çılpaq qalmaqdan utandılar. Sonra çılpaq bədənlərini veclərinə almadılar, lüt olduqlarını unutdular.

Axı siz heç vaxt əynində paltar olan insan görməmisiz, eyb etməz, heç nə itirməmisiniz.

Qayıdaq İncildə verilən nadir məlumatlara. Siz təbii ki, hesab edirsiniz ki, Allah Adəm və Həvvanı onun əmrlərindən çıxdıqlarına görə cəzalandırmayıb, daha doğrusu, onlar cəzasız qalıblar, çünki onlar nəinki özlərini, öz xarakterlərini də özləri yaratmayıb; istəklərini və zəif cəhətlərini də həmçinin. Buna görə də onlardan mümkün olmayan şeyi tələb etmək olmazdı, öz hərəkətlərinə və əməllərinə görə cavabdeh deyildilər. Amma siz təəccüb edəcəksiniz: Allahın hədə-qorxusu axır ki nəticə verdi, Adəm və Həvva cəzalandırıldı, həmin cinayətin bu günə kimi qızğın tərəfdarları var. Ölüm hökmü yerinə yetirildi.

Şübhəsiz, siz gördünüz ki, bu bədbəxt cütlüyün əməlində yeganə günahkar cəzadan qurtuldu, təkcə qaçıb gizlənmədi, hələ bir günahsızların cəlladı oldu.

Sizinlə birgə yaşadığımız məkanda əlbəttə biz bu cür əxlaqa gülə bilərik; lakin bunu Yerdə etsək, qeyri-səmimi olardı. İnsanların çoxunun dərk etmək qabiliyyəti var, amma dini məsələlər gələndə onlardan heç biri bu qabiliyyətini işə salmır.

Ən yaxşı ağıl sahibləri sizə deyər ki, insan uşaq dünyaya gətirəndən sonra uşağın qayğısına qalmaq, onu bəlalardan, xəstəliklərdən qorumaq, onu geyindirmək, yedizdirmək, şıltaqlıqlarına səbrlə dözmək, onunla mülayim davranmaq, uşağın xeyri üçün onu cəzalandıranda da zalımlıq etməmək insanın mənəvi borcudur; insanın uşağı mənasız əziyyətlərə salmağa da haqqı yoxdur.

Lakin Allah öz yerdəki uşaqlarıyla gecə-gündüz əksinə rəftar edir; elə həmin o ən yaxşı ağıl sahibləri də bu cinayətlərə qızğın şəkildə bəraət qazandırırlar, onları müdafiə edirlər, bağışlayırlar və onu cinayət adlandırmaqdan hiddətlə imtina edirlər, çünki bu cinayətləri O törədib. Bizim sizinlə birlikdə yaşadığımız ölkə çox maraqlı ölkədir; orda insan ağlına bənzər maraqlı, yarımçıq da olsa bircə ağıl belə tapa bilməzsən.

Hə, deməli, Allah Adəm və Həvvanı Cənnətdən qovdu, bir müddət sonra isə onları ümumiyyətlə məhv elədi; ona görə ki, onlar onun əmrindən çıxmışdılar, əslində isə onun bu əmri verməyə haqqı yox idi. Lakin O bununla dayanmadı, siz özünüz də buna əmin olacaqsınız. Onun bir dənə Əxlaq kodeksi özü üçün, bir dənə də tamam fərqli Əxlaq kodeksi uşaqları üçündü. O öz uşaqlarından tələb edir ki, onlar cinayətkarlarla ədalətlə, həm də mülayim davransınlar, onları yetmiş yeddi dəfə bağışlasınlar; lakin O özü heç kimlə ədalətli və mülayim davranmır, O sadəlövh və savadsız cütlüyü heç ilk cinayət əməllərinə görə bağışlamadı, belə bir söz də demədi: “Yaxşı, bu dəfə sizi bağışlayıram, sərbəst buraxıram, sizə daha bir şans verirəm!”

Tamam əksinə hərəkət etdi! O boş bir şey üstündə Adəm və Həvvanın hətta bütün nəslini əbədi cəzalandırdı, özü də bu əməllər onların peyda olmasına qədər başqaları tərəfindən artıq törədilmişdi. O indiyə kimi onları cəzalandırır. Sizcə, bu rəhmli və mülayim üsuldur? Yox, yox, çox vəhşi və amansız üsuldur!

Siz belə bir qənaətə gələcəksiniz ki, o cür varlıq xüsusi tərifə, mədhiyyəyə layiq deyil. Özünüzü aldatmayın; burda, Yerdə onu ədalətlilərin Ədalətlisi, dürüstlərin Dürüstü, mərhəmətlilərin ən Mərhəmətlisi, ən Rəhimli, bütün günahları Bağışlayan, bəndəsini ən çox sevən, bütün əxlaqlıların ən Əxlaqlısı, bütün mənəvi qanunların Yaradıcısı adlandırırlar. Bu ikimənalı komplimentləri hər gün Yer kürəsinin hər yerində eşidirsən. Amma insanlar onun ikili mənasını görmürlər, onlar bu tərifləri tamam sidqi-ürəkdən yağdırırlar, özü də təbəssümsüz-filansız.

# 3005 dəfə oxunub

Müəllifin son yazıları

# # #