İnsan nəsli təbiətin səhvidir – Dahi yazıçıdan aforizmlər

İnsan nəsli təbiətin səhvidir – Dahi yazıçıdan aforizmlər
26 mart 2023
# 21:00

Kulis.az dahi amerikan yazıçı Mark Tvenin aforizmlərini təqdim edir.

Cəhənnəm kainatda ən mühüm və yeganə xristian icmasıdır.

Tanrı İtaliyanı Mikelancelonun düşüncəsiylə yaratdı.

Belə bir məsəl var: Tanrı uşaqları və axmaqları qoruyur. Bu, tam həqiqətdir. Çünki özüm sınamışam.

Əgər mərhəmətlisənsə, demək həmişə tənha olacaqsan.

Yer üzündə cəmi bir xristian olub, onu da tez-tələsik tutub çarmıxa çəkdilər.

Əgər həmin vaxtacan asmasalar, o, mütləq prezident olacaq.

Elm bizim bildiklərimiz, fəlsəfə isə bilmədiklərimizdir.

Düşmənə nifrət etmək dostu sevməkdən daha asan və xoş hissdir.

Qətiyyətsizlikdən yorucu və faydasız heç nə yoxdur.

Başqalarının mərhəmətli əməlləri barədə heç vaxt qeybət eləmirlər.

Dilənçi heç vaxt milyonçuya həsəd aparmır. O, həmişə ondan daha çox pay alan dilənçiyə paxıllıq edir.

O, əsl centlmen deyil. Çünki həddindən artıq yaxşı geyinir.

Yalnız öz yerini bilən adam qorxulardan xilas ola bilər. İnsan yalnız öz qüsurlarını görməklə ucala bilər.

Vətənpərvər həmişə vətən uğrunda ölməyə hazır olduğunu deyir, Vətən uğrunda öldürməyə hazır olduğunu isə bir dəfə də dilinə gətirmir.

Pis filosoflar cəmiyyətə müəyyən təsir imkanlarına malikdir. Yaxşı filosoflar isə bu imkandan məhrumdurlar.

Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır.

İnsan nəsli təbiətin səhvidir. Onsuz dünya daha gözəl olardı.

Dünyada mövcud olan bütün günahların yarısı darıxmaqdan törənir.

Yəqin ki, Adəmlə Həvva bir-biriylə söhbətləşəndə çətinlik çəkib. Axı qeybət eləməyə adam yox idi.

Mafusail 969 il yaşayıb. Amma əziz oğlanlar və qızlar, siz növbəti on ildə Mafusailin bütün ömrü boyu gördüklərindən daha artıq görəcəksiniz.

Sağlamlığı qorumağın yeganə üsulu ürəyin istəməyən qidanı yemək, xoşlamadığın içkini içmək və bəyənmədiyin işlə məşğul olmaqdır.

Yaxşı dostlar, yaxşı kitablar və yatmış vicdan. İdeal həyat bax budur.

Mənim ölümüm haqqında məlumat həddən artıq şişirdilib.

Mən Vaşinqtona bənzəmirəm – prinsiplərim daha yüksək və dəyərlidir. Vaşinqton, ümumiyyətlə, yalan danışa bilmirdi. Mən isə yalan danışa bilirəm, amma özümü saxlayıram.

Yalanın üç növü var: yalan, ağ yalan və statistika.

İş günlərində mənəviyyatımızdan düzgün istifadə etmirik. Odur ki bazar günü mənəviyyatımızın təmirə ehtiyacı olur.

Tanrı əvvəlcə kişini, ardınca qadını yaratdı. Sonra kişiyə yazığı gəldi və ona tütün verdi.

Əgər insanı insan özü yaratmış olsaydı, bu işinə görə xəcalət çəkərdi.

Fransa elə bir ölkədir ki, burada nə qış, nə yay, nə də mənəviyyat var. Qalan şeylər isə əladır.

Qoca cənnət quşu olmaqdansa, cavan peyin qurdu olmaq yaxşıdır.

"Aydın Yol"

# 5149 dəfə oxunub

Müəllifin son yazıları

# # #