“İncəsənət işığında” adlı konsert keçirildi

 “İncəsənət işığında”  adlı konsert keçirildi
21 dekabr 2023
# 17:30

III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində dünyaca məşhur opera müğənniləri - Azərbaycanın Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, dolğun konsert proqramından əvvəl tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova parlaq vokalçıların Azərbaycanın musiqi mədəniyyəti və vokal ifaçılıq sənətinin formalaşdırılmasında xidmətləri, milli vokal ifaçılıq məktəbinin ənənələrinin layiqli şəkildə qorunub saxlanılması haqqında danışıb.

Qasımova bacılarının yaradıcılığı yüksək ifaçılıq mədəniyyəti, zəngin zövqü, intellektual dünyagörüşü özünə qarşı tələbkarlıqla sıx bağlıdır, bu da öz əksini repertuar seçimində və klassikdən əvvəlki və orta əsrlər musiqiçilərinin mürəkkəb əsərləri, Azərbaycan bəstəkarlarının məşhur mahnıları və ariyaları üzərində aparılan iş prosesində tapır. Buna görə də Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva və Zülfiyə Sadıxovanın ifa etdikləri musiqi əsərləri musiqili komplimentlər kimi səslənib, Bakı Musiqi Akademiyasının Vokal və opera hazırlığı kafedrasının professorlarına olan çox böyük hörməti vurğulayıb və tamaşaçılar tərəfindən çox böyük heyranlıqla qarşılanıb.

Əməkdar artist İnarə Babayeva Andrea Falkonyerinin “O Bellisimi capelli”, Vinçenso Bellininin “Vaga Luna, che Inargenti”, Nikolay Rimski-Korsakovun “Qızıl gülün əsiri olmuş bülbül”, Sergey Raxmaninovun “Qızçiçəyi”, Ferens Listin “Oh! Quand je dors”, Qara Qarayevin “Gürcüstanın təpələrində” və “Mən sizi sevirdim” əsərlərini təqdim edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti İnarə Babayeva Cakomo Puççininin “Canni Skikki” operasından Laurettanın ariyasını, “Boqema” operasından Muzettanın valsını, Üzeyir Hacıbəylinin “Sənsiz” romansını, Frederik Lounun “I Could Have Danced all Night» və Tofiq Quliyevin “Əziz surət” əsərlərini, “Qoy gülüm gəlsin, ay nənə” Azərbaycan xalq mahnısını ifa edib

Konsertin sonunda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə çıxaraq İnarə Babayevanı səmimi-qəlbdən təbrik edib, ona təşəkkürünü bildirib. O qeyd edib ki, məhz onların sənətinə həsr olunmuş konsert ilk dəfədir keçirilir. Azertac

# 875 dəfə oxunub

Müəllifin son yazıları

# # #