İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə
2 may 2026
# 13:30

Kulis.az Samirə Əşrəfin Yazıçılar Birliyinin katibi, şair, yazıçı-dramaturq İlqar Fəhmi ilə müsahibəsini təqdim edir.

- Artıq neçə ildir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə yaradıcı müstəvidə əməkdaşlıq edirsiniz. Sizi Gənc Tamaşaçılar Teatrı ilə bağlayan nədir?

- Ümumiyyətlə, mən öz yaradıcılığımda teatrallığa meyil olduğunu hər zaman hiss etmişəm. Hətta nəsr əsərlərimdə, ssenarilərimdə ümumən teatral estetika mənim üçün həmişə maraqlı olub. Lakin yaradıcılıq yolunda nədənsə kino teatrdan bir az qabağa düşüb. Əsərlərim əsasında kinolar, seriallar çox çəkilib. Teatrla aktiv iş isə son yeddi-səkkiz ildə başladı. Hərçənd, 2013-2014-cü illərdə xeyli pyeslər yazmışdım. Elə son vaxtlar Milli Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən pyeslərdən biri olan “Şahnamə” də 2013-cü ildə yazılmış pyesdir.

Son vaxtlar düşündüm ki, kino və serial sahəsində fəaliyyətim kifayət edər. Teatra daha çox enerji, vaxt sərf etmək lazımdır. Hazırda internet məkanı bir çox sahələrdə sənətin inkişafına mane olur. Hətta süni zəka çıxandan sonra audiovizual məhsullar süni intellekt tərəfindən çəkilir. Belə fikirlər var ki, bir neçə ildən sonra bu sahələrdəki prosesləri tam olaraq bu proqramlar həyata keçirəcək. Bu mənada hesab edirəm teatr hələ yeganə sahədir ki, öz gücünü saxlayıb. Çünki teatrda yanlız canlı fəaliyyət mümkündür. Canlı sənətin yerini heç bir texniki vasitə verə bilmir.
Gənc Tamaşaçılar teatrı ilə isə aktiv fəaliyyətim uzun illər əvvəl “Leyli və Məcnun” tamaşasında rejissor Nicat Kazımov vasitəsi ilə oldu. Bildiyiniz kimi, Nicat Kazımov bu tamaşanı məhz Füzulinin “Leyli və Məcnunu” əsəri üzərində qurmuşdu. Burada isə mətn qəliz və çətin idi. Əruz vəzni və tələffüzlə bağlı aktyorlarla iş prosesində mən iştirak etdim, köməklik göstərdim. Yəni o dövrdə biz Nicatla birgə fəaliyyətə başladıq.


- Səhv etmirəmsə, bundan əvvəl də Nicat bəylə bir sıra dövlət tədbirlərində birgə fəaliyyətiniz olub?


- Bəli, düz vurğulayırsınız. Dövlət tədbirlərində, proqramlarında birgə işlərimiz olmuşdu. Amma sırf teatr səhnəsində ilk orijinal işimiz Qarabağ müharibəsindəki Zəfərimizlə bağlı “Balaca kişilər” tamaşasında oldu. Bu tamaşa uğur qazandı, yaxşı qarşılandı. Çünki hadisələr məhz gənc əsgərlərimizin hekayəti üzərində idi. Ondan sonra “Şahnamə” pyesi üzərində iş başlandı. Bu da Nicat müəllimlə artıq ikinci tam bitkin işimiz oldu. “Şahnamə” hazır mətn idi, illər əvvəl kitab şəklində çap olunmuşdu.

Ümumiyyətlə, Nicat Kazımov o rejissorlardandır ki, dramaturji materiala hər zaman çox həssas yanaşıb. Rejissor tərəfindən dramaturji materialın dəyişdirilməsinin əleyhinə olub. Onun üçün istinad nöqtəsi məhz müəllifin əsəri olub. Ona görə də tək mənimlə yox, istənilən dramaturq üçün Nicat Kazımovla işləmək rahat olar. Digər tərəfdən də onunla dünya görüşümüz də üst-üstə düşdüyü üçün onunla daha böyük həvəslə çalışıram və düşünürəm ki, daha maraqlı işlər ortaya qoyacağıq.

Ümumilikdə isə Milli Gənc Tamaşaçılar teatrı ilə məni bağlayan bu teatrda sırf yaradıcı mühitin olmasıdır. Mən həmişə bu məsələni xüsusi qeyd edirəm ki, burada teatrın direktoru Naidə xanımın, Nicat müəllimin, ümumiyyətlə, kollektivdəki hər kəsin zəhməti böyükdür ki, şükürlər olsun son illər bu teatr hansısa qalmaqalla, hadisə ilə yadda qalmayıb. Yəni teatrın fəaliyyəti son illər yalnız yaradıcı işlərlə yadda qalıb. Bu da çox sevindirici haldır. Belə anlaşılır ki, teatrın fəaliyyəti yalnız yaradıcılıq üzərindədir. Hansısa intiriqalar, hətta teatr daxilində kiçik hadisələr, konfliktlər olursa belə onlar böyümədən həllini tapır və cəmiyyətə ötürülmür. Arzu edirəm ki, teatrda bu cür mühit uzun illər davam eləsin. Bu baxımdan Milli Gənc Tamaşaçılar Teatrını çox sevirəm, bir çox fikirlərdə də rəhbərliklə həmrəyik. Və inanıram ki, gələcəkdə maraqlı işlərimiz olacaqdır.

- İlqar müəllim, özünüzün də qeyd etdiyiniz kimi “Balaca kişilər”, “Şahnamə” adlı pyesləriniz səhnəyə qoyuldu. İndi isə bildiyimə görə, məhz Milli Gənc Tamaşaçılar Teatrının sifarişi ilə xeyli vaxtdır ki, siz “Muxtarov” adlı əsər üzərində işləyirsiniz...


- “Muxtarov” haqqında pyes yazmaq ideyası hardasa dörd-beş ildir ki, mənim fikrimdə vardı. Sadəcə bədii həllini tapa bilmirdim. Muxtarovun həyatını, bioqrafiyasını əks etdirən fraqmentlərdən ibarət material istəmirdim. Ümumiyyətlə, istənilən tarixi şəxsiyyət haqqında yazmaq istəyəndə, onun bədii həllini tapa bilməyəndə yazmaq mənim üçün çətin olub. Realist bir pyes mənim üçün maraqlı olmayıb. “Şahnamə” pyesi də bu mənada çətin yazılan əsər olmuşdu. Hətta “Qarğa yuvası” romanında Şah Abbas barəsində bəhs olunurdu. Amma məhz səhnə üçün onun həllini tapmamışdım. Onun tapandan sonra artıq pyes də yarandı. Və Muxtarov obrazında da mənə lazım olan, məni tərpədən cizgilər yazılırdı, müəyyən struktur qurulurdu, amma tam olaraq yazılmırdı. Hardasa üç il əvvəl özüm üçün müəyyən tapıntılar düşündüm. Bu da əsəri hansı formatda qurmaq lazım olduğunu aydınlaşdırdı. Elə üç il əvvəl biz bu barədə Milli Gənc Tamaşaçılar Teatrında söhbət etdik. Teatrdan isə səhv etmirəmsə, Mədəniyyət Nazirliyi üç illik repertuar planı tələb eləmişdi. O vaxtı biz “Şahnamə” üzərində işləyirdik. Onda mən Bakı milyonçusu Murtuza Muxtarov haqqında yeni bir material üzərində çalışdığımı dedim.

Teatrdan mənə bildirildi ki, əgər yaxın vaxt ərzində mən bu pyesi bitirsəm, onu elə teatrın repertuar planına salarlar. Səhv etmirəmsə, 2023-cü ildə mənim bu pyesim teatrın repertuar planına salındı. Lakin material üzərində işin son mərhələsi keçən ilin yayından başlandı. Pyes üzərində ciddi işlədim. Təbii ki, iş prosesində Nicat müəllimlə çox məsləhətləşirdik, onun duyumu, düşüncəsi də mənim üçün çox maraqlı idi. Ondan bəzi məsləhətlər alırdım, onun görümünü düşünərək müəyyən gedişlər edirdim. Dekabr ayında artıq pyes hazır idi. Sonra müəyyən redaktə işləri getdi və teatra təqdim olundu. Artıq Nicat müəllimin də o pyes üzərində işləri başlayıb. İnşallah, bir problem olmasa, payız aylarında premyerası baş tutar.



- Biz bilirik ki, ötən əsrin əvvəllərində Bakı şəhərində milyonçular çox olubdur. Və bu daha çox neftçıxarma ilə əlaqəlidir. Onların içərisində çox ziddiyyətli şəxslər də var idi ki, biz bir çox romanlarımızda onların prototipi olan sürətlərə rast gəlmişik. Ümumiyyətlə, dövr özü çox təlatümlü, çalxantılı dövr olub. Bu mənada Muxtarov obrazına müraciət etməyinizə, bu obrazı ədəbiyyata, teatr səhnəsinə gətirməyinizə səbəb nə oldu?


- Düzgün qeyd elədiniz ki, ötən əsrin əvvəllərində neft bumu ilə bağlı Bakıda milyonçular birdən birə çoxalmışdı. Maraqlı bir detalı qeyd edim ki, həmin dövr bütün Şərq aləmində, müsəlman cəmiyyətində sərvət sahibi olan insanlar ancaq Bakı sahibkarları idi. Bakı milyonçuları ilə yanaşı başqa sahədə fəaliyyət göstərən sərvət sahibləri də vardı. Həmin dövrdə Türkiyəni, İranı, başqa İslam ölkələrinin iqtisadi durumunu gözümüzün önünə gətirsək bilərik ki, onlar hər biri olduqca ağır şərtlər altında, səfalət içərisində yaşayan məmləkətlər idilər. İstər iqtisadi, istərsə də sosial baxımdan bu belə idi.

Misalçün, ərəb ölkələrində heç neft tapılmamışdı, orta əsrlərdəki kimi yaşayırdılar. Yəni bütün Şərqdə iqtisadiyyat, sənaye və ardınca da müasir mədəniyyət ilk olaraq Bakıda inkişaf eləmişdi. Və bunun da başında bizim həmin o neftxudalar, neft milyonçuları dayanırdı. Amma çox maraqlıdır ki, bunların heç biri birmənalı şəkildə pozitiv insanlar olmayıb. Hər bir insanın müsbət və mənfi cəhətləri vardır. Bu böyüklərə də, kiçiklərə də, həmin o neftxudalara da aiddir. Muxtarovun da təbii ki, müsbət və mənfi cəhətləri olub. Amma sizin sual verdiyiniz kimi sual oluna bilər ki, niyə məhz Muxtarov? Birinci onu qeyd edim ki, bu milyonçular içərisində Muxtarov yeganə peşəkar qazmaçı idi. O, buruq qoyub, sonra da fontan vuran neft hesabına milyonçu olmayıb. Kiçik buruqlarda qazmaçılıqdan başlayıb, sonra onu böyüdüb qazma kontoru və nəhayət, qazma avadanlıqları zavodu açmışdı. Yəni bütün neft milyonçularının içərisində peşəkar qazmaçı, neftçi mühəndis yalnız Muxtarov idi. Hətta o milyonçu olandan sonra belə quyuların yanından keçəndə, quyunun səsindən, mühərriklərin işləməsindən həmin quyuda neft olub olmayacağını bilirdi.

Və maraqlı cəhət odur ki, milyonçu olandan sonra da həmişə peşəkar mühəndisləri dəvət edirdi ki, ona dərs öyrətsinlər. Çalışırdı ki, müasir və peşəkar qazmaçı elmini dərindən mənimsəsin, yeni inkişaf və nailiyyətlərdən geri qalmasın. Hərçənd ki, özü birbaşa qazmadan çıxmışdı, ali nəzəri təhsil görməmişdi. Amma bir çox ali təhsilli neftçilərdən daha çox bilikli idi.

İlk baxışdan bu məqamlar mənim diqqətimi cəlb eləmişdi ki, bu adam təhsilsiz də olsa, ilk peşəkar neft mühəndisimiz olub. Neft avadanlığı sahəsində xeyli ixtiraları olub. Onun açdığı neft avadanlıqları zavodu bütün Rusiya imperiyası ərazisində birinci zavod olub. Ondan əvvəl neft qazması üçün avadanlıqlar Almaniyadan gətirilirdi. Başqa maraqlı xüsusiyyəti o olub ki, heç vaxt ətrafında qoçu gəzdirməyib. Özü özünü qoruyub. Həmişə deyib ki, məni kiminsə qorumağına ehtiyacım yoxdur. İfrat qürurlu adam olub, heç kimdən söz götürməyi xoşlamayıb. Bu xüsusiyyəti ona çox problemlər yaradıb. Bəzən bağışlamağı bacarmayan insan olub. Müəyyən məqamlarda sərt və əzazil olub. Amma eyni zamanda çox xeyriyyəçi olub. Bakıda tikinti sahəsində xeyli işlər görüb. Təhsilə, insanların maariflənməsinə vəsait sərf edib. Bütün bu xüsusiyyətləri mənim üçün onu digər neftxudalardan daha maraqlı edə bilmişdi.


- “Muxtarov”un cəmiyyətə ötürdüyü mesaj nədir?


- İndi söhbətimizin bu yerində biz əsərin bədii forma, yanaşma tərzinin tapılma məsələsi üzərinə gəlib çıxırıq. İstənilən insan nə qədər maraqlı olur olsun, onun həyatını əks elətdirmək mənim üçün həmişə sadə versiya olub. “Muxtarov” pyesində mənim üçün əsas önəmli cəhət, tapıntı metaforik bir Bakı obrazının canlandırmağım oldu. Bu nefti, sərvəti milyonçulara, sahibkarlara verən Bakı idi. Bu barədə əslində, çox geniş danışmaq istəmirəm. Amma pyesdə bu gün cəmiyyətə ötürülən mesajlar var. Bu suallar əsərdə qoyulan əsas suallardır.


- Sizcə Muxtarovun səhvi nədə idi?


- Mənə belə gəlir ki, Muxtarovun əsas səhvi ondaydı ki, əlində olan güc, imkan və sərvətin daimi olacağı illuziyası ilə yaşayırdı. Düşünürdü ki, həmişə belə güclü və imkanlı olacaq. Bu digər neftxudalara da aiddir. Ona görə də bir çox həyati əhəmiyyətli işləri görməyə gecikirdilər. Düşünürəm ki, onlar bilsəydilər ki, tale onlar üçün belə bir məhdud bir dövr ayırıb, onların gücü, qüdrəti qısa müddətli olacaq, bu xalq, bu toplum üçün daha çox işlər görərdilər. Gərək tələsərdilər.

# 148 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər