İlk dərs - Qorxmaz Şıxalıoğlu

İlk dərs - Qorxmaz Şıxalıoğlu
20 sentyabr 2024
# 10:57

Kulis.az Qorxmaz Şıxalıoğlunun "İlk dərs" adlı yeni yazısını təqdim edir.

Universitetdə bizə arxeologiyadan dərs deyən Məmmədəli müəllimi daha çox səmimiliyinə görə sevirdim. Araya, bəzi quru müəllimlər kimi, auditoriyanı ikiyə bölən “divar” çəkməmişdi. Bizim üçün müəllim–tələbə münasibətlərində ədalətə söykənən bir bərabərlik yaratmışdı. Ona görə Məmmədəli müəllimin dərsində özümüzü çox rahat hiss edirdik. O, bir az da başı təsərrüfatdan, iş-gücdən ayılmayan diribaş, sadə bir kənd adamını xatırladırdı. 50 nəfərlik “patok”un çoxunun kənd uşağı olduğunu nəzərə alsaq (44 oğlan, 6 qız), Məmmədəli müəllimin bu sadəliyi canımıza yağ kimi yayılırdı.

Mən bu yazımda 1977-ci ilin sentyabrında, tələbəliyimizin ilk günlərində Məmmədəli müəllimlə tanışlığımızdan, daha doğrusu, o ilk dərsdən danışacağam.

Füzuli rayonu ərazisində apardığı arxeoloji qazıntılar zamanı aşkar etdiyi qədim insanın alt çənə sümüyünün 400 min ildən çox yaşı olduğunu elmi şəkildə sübut edən məşhur arxeoloq-alim Məmmədəli Hüseynovu, təbii ki, qiyabi olaraq tanıyırdım. O, bu tapıntısı ilə bir çox bədxah elmi çevrələrin ağzından vurmuşdu, yəni onların dediklərinə rəğmən bir daha sübut etmişdi ki, doğma yurdumuz Azərbaycan çox qədim yaşayış məskənidir. Dünyanın arxeologiya elmi dairələrində tanınan belə nüfuzlu bir alimin özünü bu qədər sadə aparması, düzü, mənə qəribə gəlirdi.

Qayıdıram o uzaq sentyabra – o ilk dərsə. Məmmədəli müəllim qısa tanışlıqdan sonra arxeologiyaya necə gəldiyindən danışmağa başladı. 47 il keçib o gündən. Amma yaddaşımda onun, nəinki danışdıqları, səsi də, diksiyası da, hətta üzünün cizgiləri də dipdiri qalıb. İndi ondan eşitdiklərimi yazıram:
- “Universitetin “tarix”ində, sonuncu kursda oxuyurdum. Bir gün dərs vaxtı auditoriyanın qapısı açıldı və bizim rektorla Səməd Vurğun içəri daxil oldular. Məlum oldu ki, Leninqraddan (indiki Sankt-Peterburq) arxeoloqlardan ibarət ekspedisiya qrupu gəlib, Naxçıvanda arxeoloji qazıntılar aparacaq. S.Vurğun dedi ki, qrupun hamısı ruslardan ibarətdir, bizdə də arxeoloq yoxdur. Heç olmasa, bizim tarix fakültəsinin yuxarı kursunda oxuyan bir-iki əlaçı tələbəni bu qrupa qoşaq. Bir sözlə, məni və bir başqa tələbə dostumu - iki nəfəri seçdilər. O gün, məni arxeologiyaya aparan ilk cığır oldu. Buna görə S.Vurğuna minnətdaram. O, tək mənə yox, çoxlarına yaxşılıq edib”

Məmmədəli müəllim sözünün sonunda böyük şairimizin həmyerlisi olduğunu da böyük fərəh hissi ilə xatırlatdı. Adətən müəllimlər haralı olduqlarını deməzdilər onda. Tələbələr bunu əlaltından öyrənərdilər. Qazaxlı tələbə yoldaşlarım bu açıqlamadan çox xoşbəxt oldular. Bu informasiya, yəqin, onlara məlum idi. Təbii ki, mən bunu Məmmədəli müəllimin səmimiliyinə, nəcibliyinə, ürəkaçıqlığına yozdum.

Oxucum üçün burda bir haşiyə çıxmaq istəyirəm. Yadımdadır, universitetin rektoru Faiq Bağırzadə ara-sıra bizim auditoriyaya da baş çəkirdi. Və hər dəfə də üzünü müəllimə tutub deyərdi: - “bu uşaqlar əsgərlikdən gəlib. Hamısı da ağır işdə - tikintidə, zavodda işləyir. Onlara hörmətlə yanaşın.” Faiq müəllimin nəcibliyi öz yerində, bu, həm də tələbə kimi məsuliyyətimizi artırırdı.
İndi söz düşəndə mən də, tələbə dostlarım da onu rəhmətlə yad edirik.

O vaxtlar Azərbaycanda cəmi bir universitet vardı. Bura qəbul olunmaq çox çətin idi. Mən öz biliyi hesabına tələbə adını qazananlardan danışıram.

Konkurs yüksək idi burda. Bizim “Tarix”in axşam şöbəsində 50 nəfər qəbula qarşı 500-600 məzun sənəd verərdi. Gündüz şöbəsində bu say ikiqat çox olardı.

Tələbə dostum Nəbi Abbasov deyir ki, mən universitetə qəbul olunub kəndə gedəndə, atam şadyanalığa canlı bir dana kəsmişdi. “Tarix”i qurtaranların çoxu o dövrün dili ilə desək, ən yüksək partiya və dövlət orqanlarında çalışırdılar. Ona görə də məsuliyyət böyük idi, tələbə müəllimdən çəkinirdi. Və bərayi-ehtiyat, imtahandan kəsilə biləcəyi “qara gün” üçün əksər tələbələr ürəyində hazırlıqlar aparırdı. Bu hazırlıqların bir variantı da müəllimin təsadüfən yerlin çıxması, ya da hansısa tanışının qohumu olması idi. Bunlar öz yerində, bizim “patok”un 90 faizi öz gücünə oxuyurdu. Elə müəllimlərimizin də 90 faizi daşıdıqları ada layiq idilər…

Məmmədəli müəllim dərsi bir qırağa qoyub, S.Vurğundan danışırdı. Bu, mənim ürəyimcə idi. Çünki ədəbiyyatı çox sevirdim. Ən çox da poeziyanı. Əli Kərimlə Musa Yaqubun vurğunu idim. Bakıya da “Jurnalistika” da oxumaq üçün gəlmişdim. Və yalnız universitetə sənəd verəndə bildim ki, bu fakültəyə qəbul olmaq istəyənlər xarici dildən mütləq imtahan verməlidirlər. Bizim kənd məktəbində isə heç vaxt xarici dil müəllimi olmayıb. Attestatımda da bu fənnin qarşısında “ tire” işarəsi qoyulub. Və universitetə qəbul elanında isə bu məqamla bağlı heç nə yazılmamışdı. Həqiqət naminə deyim ki, yalnız X sinifdə fransız dili keçmişdik (9 və 10-cunu qonşu kənddə oxumuşam) “Tarix” fakültəsində isə xarici dil keçməyənlərə “üç” yazırdılar. Nə isə...
Mən bütün varlığımla Məmmədəli müəllimə qulaq kəsilmişdim. Demə, bizim bəstəboy tarix müəllimi, həm də gözəl filoloq imiş. Söhbət “Komsomol poeması”na gəlib çıxdı. Məmmədəli müəllim poemadakı “Dünya” qoşmasını bir xeyli təriflədikdən sonra, həmin şeirin birinci bəndini əzbərdən deməyə başladı. Lakin, bəndin ilk üç misrasını söyləyib susdu. Və sükut içində onu dinləyən auditoriyaya sual etdi:

- Kim bu bəndin sonuncu misrasını deyə bilər?

Tələbələrin arasında bir canlanma əmələ gəldi. Cəmi 10-15 gün əvvəl dil-ədəbiyyatdan yazılı və şifahi imtahan verən 50 tələbə bir-biri ilə pıçıldaşmağa başladı. Mən lap pis olmuşdum. Bu misranı yada sala bilmədiyim üçün ürəyimdə özümü asıb-kəsirdim. Düzü, həm də utanırdım. Çünki atam ədəbiyyat müəllimi idi. Bizə rayon mərkəzindən kitab alıb gətirərdi. Çoxu da şeir kitabı olardı.

Yuxarı siniflərdə oxuyanda kənd özfəaliyyət dərnəyinin üzvü kimi, klubda keçirilən bayram tədbirlərində şeir deyərdim. Bütün kəndimiz (köhnə nəsil) təsdiq edə bilər: bir tədbirdə S.Vurğunun “26-lar” poemasını birnəfəsə əzbərdən söylədim və bir yerdə də çaşmadım.

Bu qoşmanı da su kimi əzbər bilirdim. Amma bu misra...heç cür yadıma düşmürdü. Bütün ömrüm boyu, bəlkə də belə gərginlik keçirməmişdim.

Ürəyimdə : “Gör nəyi bilmirsən, ay ədəbiyyatı yaxşı bilən yoldaş” deyib, öz-özümə rişxənd edirdim. Birdən müəllimin səsi gəldi. Ani olaraq ona tərəf baxsam da, tez də gözümü çəkdim. Elə bildim ki, baxışlarımız rastlaşsa, Məmmədəli müəllim ürəyimdəkilərdən xəbər tutacaq. Sifətim istilənmişdi.

“Əgər kim bu sonuncu misranı desə, ona qış semesterində zaçotu dərs soruşmadan yazacam”.
Onun sözləri içimdəki sıxıntılı gərginliyi bir az da artırdı. Sual-cavabsız zaçot məsələsi heç vecimə də deyildi. Sonuncu misra məni dirigözlü öldürürdü.

Yenə auditoriyanı pıçıltı bürüdü. 49 nəfər qalmışdı bir tərəfdə, ancaq özümü ittiham edirdim.

- Nə oldu? - Məmmədəli müəllimin sualında və səsində bir qınaq vardı. Yenə auditoriyaya sükut çökdü. Elə bilirdim ki, bu ağır sükut bir az da uzansa, ürəyim partlayacaq. Şükür Allahın böyüklüyünə! Məmmədəli müəllimin səsi gəldi yenə:

Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvalanır ay.
Fəqət nə Cəlal var, nə də ki, Humay...

O, bir anlıq susdu və “Fəqət nə Cəlal var, nə də ki, Humay” misrasını təkrar eləyib, auditoriyaya göz gəzdirdi. Məmmədəli müəllim bu cür sözünə ara verməklə, nəfəsimizi kəsən, az qala sirrə çevrilən bu dördüncü misranın, bəlkə də 50 nəfərdən birinin yadına düşə biləcəyinə hələ də ümid edirdi. Bilirdim ki, bu pauza ilə yaddaşımızı ələk-vələk eləmək üçün bizə vaxt verir. Bu da onun qəlbinin incəliyi ilə bağlı idi. Biz, axşam şöbəsinə qəbul olunan oğlanlar əsgərlikdən bir-iki il olardı qayıtmışdıq. Çoxumuz da fəhlə idik. Səhər işə, axşam dərsə gedirdik. Gündüz oxuyan tələbələrə baxanda, biz, necə deyərlər, bığlı-saqqallı kişilər idik. Yəqin ki, Məmmədəli müəllim bu yaş məsələsini nəzərə alırdı. O, bizi utandırmaq istəmirdi.
Auditoriyaya çökən sükutu yenə onun səsi pozdu:

- Fəqət, nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya.

Auditoriyanı deyə bilmərəm, sonuncu misranı eşidəndə məni, elə bil “tok” vurdu. Əlbəttə, indi bu barədə çox danışmaq olar. Amma...

Hər dəfə o ilk dərs günü yadıma düşəndə, fikirləşirəm ki, görən Məmmədəli müəllim niyə o məşhur qoşmadakı mənaca daha ağır çəkili bəndləri qoyub, Cəlalla Humayın adı çəkilən bəndlə bizi sınağa çəkdi? Bəlkə bu iki gəncin nakam taleyinə görə? Bəlkə də, onun tale yoluna işıq salan S.Vurğunun dünyadan tez köçdüyünə görə? Yüz fərziyyə söyləmək olar. Bəlkə də, bu sadə və nəcib insanın öz həyatında yaşadığı hansısa sarsıntıya görə?
Bilmirəm. Bəlkə də, bunu bilməmək bilməkdən yaxşıdır. Qoy bizim o bilmədiyimizin içində olub keçənlər dünya kimi sirrli qalsın. Onsuz da bu sualların cavabını gözəl müəllimimiz özü ilə haqq dünyasına aparıb. Əslində, dünya elə həm də özü boyda bir sualdır.

Sadəcə, gücüm bir sözə çatır: ruhun şad olsun, Məmmədəli müəllim.

# 909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #