İlk dəfə poeziya məclisi təşkil edildi

İlk dəfə poeziya məclisi təşkil edildi
10 mart 2022
# 16:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisinin keçirilməsinə start verilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin (AMN), Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Özbəkistan Yazıçılar İttifaqının (ÖYİ) rəsmi nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbərliyi, hər iki ölkənin gənc şairləri iştirak ediblər.

Təbrik sözü ilə çıxış edən AMM-nin direktoru Samir Abbasov ilk dəfə bərpa edilən, tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya görüşlərinin əsas məqsədinin xalqlarımızın klassik şairlərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadlı gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirmək və əməkdaşlıq platformasının yaradılması olduğunu bildirib.

S.Abbasov qeyd edib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalan, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən azad olunan tarixi Şuşa şəhəri mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz üçün müqəddəs bir məkandır. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı, 2022-ci ilin “Şuşa İli” elan olunduğunu diqqətə çatdırıb. S.Abbasov gələcəkdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə şairlər məclisinə türk dünyasının digər ölkələrinin də qoşulacağını, bu məclisin mübadilə və əməkdaşlıq platformasına çevrilməyini qeyd edib.

"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışında bildirib ki, Azərbaycan və özbək xalqları öz zəngin mədəniyyəti, poeziyası ilə fəxr etdiklərini və Qarabağın mərkəzi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada yaradılan “Məclisi-fəramuşan” şairlər məclisinin bərpasının iki ölkə, gələcəkdə isə türk dünyası ölkələri arasında ədəbi əlaqələri daha da inkişaf edəcəyini bildirib.

AMN-nin şöbə müdiri Akif Marifli Azərbaycan mədəniyyətinin beşiyi, Qafqazın konservatoriyası, sənət məbədi, görkəmli şəxsiyyətlərin vətəni Şuşada XIX əsrdə mövcud olmuş bu poeziya məclisinin XXI əsrdə Qarabağın azad edilməsindən sonra yenidən bərpasının tarixi hadisə olduğunu qeyd edib və bu istiqamətdə AMM-nin təşəbbüsünü yüksək qiymətləndirib.

Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva layihəni yüksək qiymətləndirərək Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib, iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olması, tarixən şair və yazıçılarımız arasında mövcud olan ədəbi əlaqələrin bu məclis vasitəsilə davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn “Məclisi-fəramuşan” şairlər məclisinin bərpasının əhəmiyyətindən danışıb, bu məclisin Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad edilməsi, Qarabağda geniş quruculuq işlərinin aparıldığı bir dövrdə bərpasının rəmzi və tarixi məna daşıdığını söyləyib.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Majid Azərbaycan-Özbəkistan arasında dostluğun, ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək Özbəkistan ədəbi elitasında Azərbaycan poeziyasına daim böyük maraq olduğunu söyləyib. O, özbək şairi Çolpanın “Ədəbiyyat yaşasa, demək millət yaşayır” sözlərini sitat gətirərək ədəbiyyatın millətin canı, ruhu və onu tanıdan ən böyük güc olduğunu vurğulayıb.

Daha sonra hər iki ölkənin gənc şairləri öz şeirlərini təqdim ediblər. Azərbaycan şairləri Fərid Hüseyn, İntiqam Yaşar, Emin Piri, Tural Turan, Qabil Ədalət, özbək şairlər Mansur Jumayev, Anvar Botir, Feruza Xayrullayeva, Muhiddin Abdusamad, Nargiza Odinayeva öz şeirlərini səsləndiriblər.

Azərbaycan tərəfdən məclisin moderatoru AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli, Özbəkistan tərəfdən ÖYİ-nin üzvü, şairə Nərgiz Asadova olub.

Məclisdə səsləndirilən şeirlər ilin sonunda AMN və AMM tərəfindən Azərbaycan və özbək dillərində nəşr olunacaq.

Xatırladırıq ki, 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, qədim Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisinin Azərbaycan ədəbi mühitində xüsusi rolu olub və dövrün tanınmış qarabağlı şairləri bu məclisdə öz şeirlərini təqdim edərək məşhurlaşıblar. !Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilə qədər fəaliyyət göstərib.

# 1383 dəfə oxunub

Müəllifin son yazıları

# # #