İlk Azərbaycan operettasının müəllifi - O, niyə kölgədə qalmışdı?

İlk Azərbaycan operettasının müəllifi  - O, niyə kölgədə qalmışdı?
30 sentyabr 2025
# 12:00

30 sentyabr tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı ilə bağlı diqqətçəkən faktları təqdim edir.

Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub.

Zülfüqar kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəyovun incəsənətdə formalaşmasında çox böyük rolu olub.

Atası Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümündən sonra ailənin maddi cəhətdən bütün qayğıları böyük oğulun – Zülfüqarın öhdəsinə düşüb.

1900-1902-ci illərdə o, şəhər Duması və Qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə şəhər əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyib.

Zülfüqar Hacıbəyov Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi bir çox tanınmış sənətkarların yaradıcılığına təsir göstərib.

Onun qardaşı Üzeyir Hacıbəyov daha çox opera və muğam - opera janrında əsərləri ilə məşhur olsa da, Zülfüqar əsasən musiqili komediya və mahnılar yazmağa üstünlük verib.

Zülfüqar Hacıbəyov təkcə bəstəkar yox, həm də maarifçi olub. Müəllimliklə məşğul olub, gənclərin musiqiyə marağını artırmağa çalışıb.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir.

Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub.

Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladıb. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb.

XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır.

Zülfüqar Hacıbəyov 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantataların da müəllifidir.

1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Onun bəstələdiyi mahnılar arasında “Sənsiz”, “Sevgili canan” kimi əsərlər də var. Bu əsərlər təkcə teatr tamaşalarında deyil, müstəqil şəkildə də oxunub.

İlk dəfə məşhur xanəndə Rəşid Behbudov, sonralar Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Alim Qasımov kimi sənətkarlar həmin mahnıları ifa edib.

O, Avropa operettası ilə Şərq musiqisini sintez etməyə çalışan ilk sənətkarlarımızdan olub. Bu, Azərbaycan səhnə musiqisinin inkişafında mühüm rol oynayıb.

Sovet dövründə daha çox Üzeyir Hacıbəyovun adı ön plana çəkildiyi üçün, Zülfüqarın Hacıbəyovun əsərləri arxa planda qalıb. Bu gün onun bəzi musiqili komediyaları tam şəkildə səhnəyə qoyulmur və yalnız arxivlərdə yaşayır.

O, 1950-ci ilin payızında vəfat edib. Fəxri Xiyabanda - qardaşı Üzeyir Hacıbəyovla yanaşı dəfn olunub.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər