İki dəfə həbs olundu, qardaşı edam edildi, oğluna ölüm hökmü verdilər – Səttarxan haqqında bilmədiklərimiz...

İki dəfə həbs olundu, qardaşı edam edildi, oğluna ölüm hökmü verdilər – Səttarxan haqqında bilmədiklərimiz...
30 yanvar 2023
# 21:00

Kulis.az Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Səttarxan haqqında maraqlı faktları təqdim edir.

Səttarxan 20 oktyabr 1868-ci ildə oktyabrın 20-də İranın Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olub. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi "qaradağlı" deyilməsi sübut edir. Lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur. Atası Hacı Həsən bəy, anası Təhminə xanımdır. Səttarxanın üç qardaşı və dörd bacısı olub. Kiçik yaşlarından ağır işlərlə məşğul olan, təhsil imkanı olmayan Səttar zəhmətkeş və cəsarətli gənc kimi formalaşıb.

Səttarxan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Səttarxandan başqa dörd qızı və iki oğlu olub.

***

Səttarxan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olur. Qərara əsasən qardaşını edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.

***

1880-ci ildə 14 yaşında olan Səttar yenidən həbs olunur və uzun müddətə məhkum edilərək Ərdəbildəki Narın həbsxanasına salınır. . Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə o, gözətçini öldürərək zindandan qaçır. "Alarlı" Türk tayfasına qatılır.

1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışırlar. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da, Səttarxanın əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttarxana Azərbaycanın əyalət əncüməni tərəfindən "Sərdari-milli" ləqəbi verilir.

***

27 sentyabr 1908-ci ildə Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı olur. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutulur. Ölkədə kütləvi həbslər və təqiblər başlanır.

Şura Məclisini topa tutduqdan sonra, Mir Haşimin başçılığı altında şahın 40 minlik silahlı qüvvələri və tərəfdarları Təbriz şəhərini ələ keçirməyə və mücahidlər, fədailər və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Bir çox məhəllələr müqaviməti dayandırıb ağ bayraqları qaldırır. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmır – Səttarxanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttarxan inqilabın tarixində dönüş yaradan hünər etdi. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz etdi. Bu addım inqilabçıları ruhlandırdı və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirdi.

***

Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttarxanı və silahdaşlarını gözdən salmaq üçün Səttarxan və Bağırxanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirir:

"Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir."

Hərəkatın başçısını və "Müdafiə Şurası" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə "kömək" məqsədilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və "azuqə" gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı. Bununla Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi başlandı. "Azuqə" gətirmək adı altında silahlı 5 minlik rus qoşunu 1909-cu il aprelin 25-də Təbrizə daxil oldu. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttarxan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttarxan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttarxan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttarxan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttarxana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttarxanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttarxanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttarxan ayağından yaralanır. Səttarxanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından sonra əsir düşən Səttarxana Təbrizə geri dönməyə icazə verilmir. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir. Onu Tehranın yaxınlığındakı Şah-Əbdüləzim məzarlığında dəfn edirlər.

Səttarxanın məzarına uzun müddət laqeyd yanaşılıb. Məzarın ətrafında dəfələrlə qazıntı işləri aparılıb baş daşına ziyan vurulur. Sonradan isə milli fəallar tərəfindən məzar daşı dəyişdirilib və qəbri yenidən təmir olunur. Bütün bu laqeydliklərə görə dəfələrlə İran hökumətindən məzarın Tehrana köçürülməsi tələb olunur, lakin illərdir hökumət bu istəyə müsbət cavab vermir. Hər il 13-14 noyabr tarixində milli fəallar Səttarxanın məzarı üzərinə yığışıb onu yad edirlər. Ancaq hər dəfə ziyarətə gələnlər təqib edilib, həbs olunurlar.

***

Səttarxanın yeganə oğlu Yədulla, 4 yaşında ikən, dövlət qoşunlarının yaratdığı qırğın, Təbrizi top tüfəng atəşinə tutub, adi xalqı güllələyərək öldürmələrinə şahid olmuşdur. Sonra atasıyla birlikdə Tehrana gedib Atabəy parkının kədərli hadisəsində, atasının yaralanmasını görmüş, sonra da Təbrizə göndərilmişdir. 1 il Təbrizdə qaldıqdan sonra Səməd xanın zalımcasına qətliamlarını görüb, əmisi Əzimxanla Təbrizdən Tehrana qaçırılmışdır. Səttarxanın ölümünə qədər iki il yanında qalmışdır. Atası dünyasını dəyişdikdən sonra Təbrizə qayıdıb, iki bacısıyla birgə Hacı Əzimxanın himayəsinə keçmişdir. O, sonralar hərbi təhsil almaq məqsədilə Fransaya gedib hərbi təhsilini başa vurduqdan sonra İran ordusuna daxil olaraq, hərbi prokuror vəzifəsində çalışmışdır. Özündən yüksək rütbəli hərbçilərin tələblərinə rəğmən Seyid Cəfər Pişəvərinin yaxını bir hərbçiyə ölüm hökmü yerinə ömürlük həbs hökmü çıxartdığı üçün həbs olunmuş, əleyhinə ölüm hökmü çıxarılmışdı. Ancaq minbaşı Haşimi və Siqqətül-İslamın oğlunun vasitəsilə, habelə Məhmud Cəm ilə qohumluq əlaqələrinə görə bağışlanaraq hərbi rütbəsi endirilmişdir. Təbrizdə vəfat etmiş İmamiyyə məzarlığında dəfn olunmuşdur.

1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə Səttarxan ilə ilk görüşünü belə təsvir edir:

"Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır... Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsiddə qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir”.

***

Təbrizdə Səttarxan və Bağır xanın mübarizəsinin şərəfinə xüsusi gün təsis olunub və iki medal düzəldilib. Medalların ön üzündə onların şəkli arxa üzündə isə 23 iyun 1908-ci il tarixi əks olunub.

1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttarxanın qəbri üstündə nitq söyləyir.

1946-cı ildə Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə Təbrizdə Rza şah ın abidəsinin yerində Səttarxana abidə qoyulmuş Gülüstan bağının da adı dəyişərək Səttarxan bağı olmuşdur. Milli hökumət süquta uğradıqdan sonra isə abidə dağıdılmış parkın adı dəyişdirilmişdir.

***

Müasir dövrdə Səttarxana Əhərdə və Təbrizdə heykəllər qoyulub.

Azərbaycanda Lənkəran, Naxçıvan, Şəmkir, Ucar və Bərdədə Səttarxan adına küçələr var.

***

1972-ci ildə İranda "Səttarxan" adlı sənədli film çəkilib. 2018-ci ildə isə İranda "Səttarxan" adlı 10 hissəli bədii serial çəkilib. Filmdə Səttarxanın ömrünün son dörd ili əks olunub. Lakin serialda bəzi faktların təhrifə uğraması və ssenarisi azərbaycanlı fəalların etirazlarına səbəb olub.

# 7192 dəfə oxunub

Müəllifin son yazıları

# # #