Hüqonun qızı, Merlin Monro, Van Qoq... – ONLAR TƏHLÜKƏLİDİR

Hüqonun qızı, Merlin Monro, Van Qoq... – <span style="color:red;">ONLAR TƏHLÜKƏLİDİR
1 fevral 2017
# 17:00

Kulis.Az sənətin yaratdığı ən məşhur sindromları təqdim edir.

Stendal sindromu

Ürək döyüntüsünün artımı, başgicəllənmə, hallüsinasiya halları bu sindromun xarakterik cəhətidir.

Sindromun əlamətləri yalnız muzeylərdə, qalereyalarda, yaxud başqa mədəniyyət obyektlərində deyil, həm də təbiətin, ayrı-ayrı şəhərlərin hədsiz gözəlliyinə valeh olarkən ortaya çıxa bilir: buraya əsrarəngiz təbiət hadisələrini seyr etmə, inanılmaz dərəcədə gözəl olan qadın və kişilərlə ünsiyyət də daxildir.

Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın adından götürüb. Yazıçı 1817-ci ildə “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında yazır: “Müqəddəs Xaç Kilsəsindən çıxanda ürəyim tez-tez döyünməyə başladı, sanki həyat çeşməm qurumuşdu, başım gicəllənib yerə yıxılacağımdan qorxa-qorxa yeriyirdim... Mən ehtirasın enerjisindən yaranan bu incəsənət şedevrlərini gördükcə başqa şeylər mənim üçün mənasını itirir, kiçilir, daralırdı...”

Image result for известные синдромы

Florensiyadakı Uffis qalereyasına gələn insanlarda sindromun əlamətləri görünsə də, o, yalnız 1979-cu ildə italyan psixiatr Qraçiell Maqerin tərəfindən təsvir edilmişdir. Həmin şəxs Florensiyaya gələn yüzdən çox turisti ayrı-ayrı izləmiş, onlardakı qəribəlikləri müşahidə etmişdir, xəstələrin halını və eləcə də onun meydana gəlməyinin təsnifatını vermişdir.

Renessansın beşiyi olan Florensiyada 50-dək muzey var. Sindromun əlamətləri bəzi turistlərdə həmin muzeylərdəki şedevrlərlə ilkin təmas zamanı müşahidə edilir. Onların hissləri o qədər cuşa gəlir ki, özlərini rəsm əsərinin "içində" hiss edirlər.

Xatırladaq ki, Stendal sindromu ilə bağlı film də çəkilib. “Stendal sindromu” adlanan filmin rejissoru italyan Dario Adjentodur. Film psixiatr Qraçelli Maqerinin romanı əsasında triller janrında ekranlaşdırılıb.

Van Qoq sindromu

Dünya şöhrətli Van Qoq 37 yaşında vəfat edib. Onun məhsuldarlığı ağlasığmaz idi. Gün ərzində bir neçə rəsm çəkə bilirdi: peyzaj, natürmort, portret. Onu müalicə edən həkim yazırdı: “Ağrıların arasındakı fasilələr zamanı xəstə tamamilə sakit olurdu və ehtirasla özünü rəsm sənətinə həsr edirdi”.

Rəssamın psixi xəstəliyində sirli məqamlar vardı. Keçirdiyi sarsıntılar zamanı rəssam əsəbi olurdu, boyaları yeyirdi, saatlarla otağında ora-bura qaçır və qəfil donub yerində dayanırdı. Van Qoqun öz sözlərinə görə, o, həmin vaxt çəkəcəyi rəsmləri görürmüş.

Həkimlər rəssamın xəstəliyi haqqında müxtəlif fikirlər səsləndirirdi. Bəziləri onu epilepsiya xəstəsi adlandırır, bəziləri isə rəssamın kəskin ensefalopatiyadan əziyyət çəkdiyini deyirdi.

Van Qoq sindromu özünə xəsarət yetirəndən sonra təkidlə həkimdən cərrahiyyə əməliyyatı olunmağını istəyən halda meydana çıxır. Deyilənə görə, Van Qoq qulağında olan dözülməz səslərə görə qulağını kəsib. Tədqiqatçılar hesab edirlər ki, dahi rəssam depressiyadan əziyyət çəkirdi: səslər eşitmələrinə, absent qəbuluna, əsəbi sarsıntıya və nəticədə şizofreniya xəstəliyinə səbəb ola bilərdi.

Merlin Monro sindromu

Monro sindromu emosional xəstəlikdir. İnsan əldə etdiyi uğur və nailiyyətlərə baxmayaraq, özünü həmişə uğursuz, bəxtsiz, talesiz hesab edir. Amerika psixiatrları xəstəliyi sevgi asılılığı adlandırırlar.

Milyonların sevimlisi Merlin Monro bu sindromdan əziyyət çəkirdi. O, hədsiz gözəl, uğurlu bir qadındı, saysız-hesabsız kişilərin diqqət mərkəzində idi. Ancaq həmişə özündən narazı idi. Gözəl Monro sevgiyə layiq olmadığını düşünürdü. Bunun səbəbi uşaqlıqda sevgidən yetim qalmaqla bağlıdır. Qayğı olmayanda uşaqlar müxtəlif fobiyaya düşür və balaca qəlbləri yaralanır. Böyüyəndən sonra isə ətrafında çox adam olsa da, daxilən özünü tək hiss edir. Bu sindromun əsas əlamətləri:

- özünü həmişə uşaq görmək və qəti cəlbedici olmadığını düşünmək;

- susqunluq, qapalılıq, əhvalın dəyişkənliyi, hədsiz qısqanclıq;

- özünün mükəmməl olmadığından əziyyət çəkmək və özünə qarşı hədsiz güvənsizlik hissi;

- öz gücünə inamsızlıq və özünütənqid;

- tənhalıqdan qorxmaq, lazımsızlıq hissi;

- kişi seçimində tiranlara üstünlük vermə və onlardan asılılıq;

- sakitləşdirici preparatlardan sui-istifadə və izaholunmaz həyəcan.

Verter sindromu

İntiharın yoluxuculuğu hadisəsi Verter sindromu adlanır. 1974-75-ci illərdə amerikan alimi David Philips XVIII əsrdə Götenin “Gənc Verterin iztirabları” romanının məşhurlaşması ilə Avropada baş qaldıran intihar epidemiyasını araşdırıb. Əsərdə nakam məhəbbət yaşayan gəncin həyatı və intiharı təsvir olunub. Philips 7 il ərzində 12585 intihar hadisəsi (əsasən də yeniyetmələrin intiharlarını) və qəzetlərin ilk səhifələrində və ya televiziyada əsas xəbərlər arasında verilən intihar hadisələri arasındakı əlaqəni araşdıraraq belə bir nəticəyə gəlib ki, hər hansı bir səsli-küylü intihar hadisəsindən sonra 7 gün ərzində intiharların sayı şiddətlə artır. Məşhurlaşan birinci intihar edən şəxs digərləri üçün “nümunə” olur.

Verter sindromunu təsdiq edən bir çox hadisə var. Məsələn, 1980-ci illərdə Almaniyada hər seriyasında bir tələbənin özünü qatarın altına ataraq öldürdüyü “Tələbənin ölümü” serialının nümayişindən sonra 15-19 yaşlı gənclər arasında intihar hadisələrinin sayı 175 faiz artıb. Həm də intiharlar məhz serialda göstərildiyi kimi özünü qatarın altına atmaqla reallaşdırılıb. Bu effekt bir ildən sonra serial yenidən televiziyada göstərildikdən sonra təkrarlanıb.

Merilin Monro, Curt Cobein kimi məşhurların intiharlarından sonra artan özünə qəsdlər də Verter sindromunu təsdiqləyir.

Martin İden sindromu

Cek Londonun məşhur əsərinin adı ilə bağlıdır. Martin İden sindromuna tutulanlar əməksevərdirlər. Onlar gecə-gündüz var gücləri ilə işləyə bilərlər. Ancaq bir problem var: onlar bu gün üçün yaşamırlar. Hansısa naməlum gələcək üçün yaşayırlar.

İstirahətlərini də bu naməlum gələcəyə görə heç edirlər. Məqsədləri heç vaxt dəqiq bilinmir. Hansısa məqsədlərinə çatanda ondan imtina edirlər. Düşünürlər ki, heç nə belə asan deyil. Bu insanlar gərgin rejimlə işləyirlər. İstirahəti itirilən xoşbəxtlik hesab edirlər. Məqsədləri yaşadıqları həyatdan üstündür. Bütün bunlar onları ruh düşkünlüyünə gətirib çıxarır və beləliklə, depressiyaya yuvarlanırlar.

Alisa Möcüzələr diyarında sindromu

Levis Karolun məşhur romanının adı ilə bağlıdır. Bu sindroma tutulanlar həyatı olduğu kimi yox, möcüzəli şəkildə görürlər. Onların təsəvvüründə balaca, ovuc boyda alma nəhəng, başı buludlara dəyən top kimi görünür. Həyat onlar üçün qəlizləşir. Gördükləri hər şey onlara öz ölçüsündə görünmür. Möcüzəli bir dünyaya daxil olurlar. Bu dünyada hər şey reallığın tərs üzüdür. Hansısa əşya, ya da insan onlara balaca, yaxud da böyük görünür.

Bu sindrom Todd Sindromu və ya liliput hallüsinasiyası kimi də tanınır. İlk dəfə Con Todd tərəfindən 1955-ci ildə elmə daxil edilib. Con Todd Yorkşir şəhərində çalışan britaniyalı psixiatr olub. O, müalicə etdiyi xəstələrin əksəriyyətində miqrenin yaratdığı baş ağrıları nəticəsində əşyaları daha böyük görüb qavradıqlarını müşahidə etmişdi. Bu xəstələr arasında miqrendən savayı digər xəstəlikdən əziyyət çəkən heç kim yox idi. Bu xəstələr nə beyin xərçəngindən, nə də əqli pozğunluqdan əziyyət çəkmirdilər. Onların hamısı aydın düşünə və hallüsinasiyanı reallıqdan fərqləndirmək bacarığına malik idilər. Levis Karroll özü də miqren xəstəsi olduğu üçün Todd güman edirdi ki, “ Alisa möcüzələr ölkəsində” əsərini yazarkən müəllif məhz özünün gördüklərindən bəhrələnib. Bunu sübuta yetirə bilən Con Todd 1955-ci ildə xəstəliyin adını uğurla səhiyyə təşkilatının qeydiyyatından keçirə bildi.

Sindrom insan dərrakəsinə təsir edən nevroloji vəziyyətdir. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixi aktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər. “ Alisa möcüzələr diyarında” sindromu erkən uşaqlıq dövründən iyirmi yaşların sonuna qədər müşahidə oluna bilər. Hətta otuz yaşlarında belə bu xəstəlikdən əziyyət çəkənlər olur.

Adel sindromu

Platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu deyilir. Sindromun yaranması real hadisəyə dayanır. Adel məşhur yazıçı Viktor Hüqonun qızıdır. Böyük bacısını itirəndən sonra depressiyaya düşən Adel 1861-ci ildə İngiltərəyə səyahət zamanı Adel Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə vurulur. Adel Pinsonla tanış olan kimi başa düşür ki, zabit onun həyatının sevgisidir. Qərar verir ki, ona ərə getməlidir. Lakin Pinson bunun üçün heç də tələsmir. Sonralar isə qadının dəlicəsinə sevgisindən bezərək ondan qaçmağa başlayır. Lakin Adel ondan əl çəkmir. Hətta Pinsonun polkunun olduğu şəhərə gedərək, yataqxanada nömrə tutur ki, onun yaxınlığında olsun. O, zabitə sevgi məktubları yazır, onun bütün qumar borclarını ödəyir, hətta sevgilisi üçün fahişə belə tutur. Çünki Adel onu bircə yüngül əxlaqlı qadınlara qısqanmır.

Adel hiss etmir ki, psixologiyası korlanıb. Ətrafdakılara, hər kəsə Pinsonla evli olduğunu deyir və özü də buna inanır. Xəyalındakı toy görüntülərini həqiqi hesab edir. Lakin Pinson tezliklə başqası ilə evlənir, hətta ata da olur. Hüqonun qızının sevgisindən yorulmuş zabit ona hər dəfə izah edir ki, ümid bəsləməsin, Fransaya qayıtsın. Lakin qadın əl çəkmir. Hər gün onun kazarmasının qarşısında gözləyir. Zabit görünən kimi sakitcə onun dalınca düşüb evinə qədər gedir. Sonda tamamilə kasıblamış, üzülmüş və dəli olmuş Adeli bir nəfər Fransaya aparır. Atası onu San-Mandedəki psixiatrik xəstəxanaya yerləşdirir. Viktor Hüqonun ölümündən sonra Adeli Syurendəki xəstəxanaya köçürürlər. O, ömrünün sonuna, 1915-ci ilə qədər xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında xəstəxanada ölür. Ölərkən də dodaqlarında Pinson adı olur. Ölümündən sonra Adelin yanından çoxlu sayda sevgi məktubları tapılır. O, məktubları öz sevgilisinə göndərə bilməmişdi.

Adel sindromu yaşayanlar gecələri narahat yatır, sevdikləri insanı ən azı iki dəfə yuxuda görürlər. Adel sindromlular telefonlara cavab vermir, məktubları cavabsız qoyur, zamanla əmək qabiliyyətləri zəifləyir. Sindrom qurbanının hər kəlməsində sevdiyi insanın adı olur, hər yerdə onun haqqında danışır.

# 3803 dəfə oxunub

Müəllifin son yazıları

# # #