Həyat yoldaşına görə Adil İsgəndərovla düşmən olan, qızının ad günündə dəfn edilən Xalq artisti – Kinomuzun “Fəttah dayı”sını öldürən səbəblər...

Yusif Vəliyev. Xalq artisti

Yusif Vəliyev. Xalq artisti

18 mart 2022
# 12:00

Bu gün Xalq artisti Yusif Vəliyevin doğum günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.

Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real alınıb.

***

Aktyor üç dəfə ailə həyatı qurub. İlk dəfə evlənəndə onun 20 yaşı olub. O, Şəki teatrında işləyərkən özündən on iki yaş böyük olan geyim ustası Rəbiyyə adlı qadınla evlənib. Ancaq onların rəsmi nikahı olmayıb. Sonralar Rəbiyyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Naira və Natəvan adlı qızları doğulur.

Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra o, 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gələn özündən 24 yaş kiçik olan aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir.

***

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə, "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki, Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyevə bu xəbər çatanda o, Adil İsgəndərovla küsülü olsa belə, gəlib həmin rolu səsləndirir.

Zemfira Sadıqovanın sözlərinə görə, Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü imiş:

“Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü uyğun səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir, bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər, bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Yusif o zamankı mədəniyyət nazirinin yanına getmişdi. İstəyirdik ki, bizə bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı”.

Deyilənə görə, aktyor Zemfira xanımla ailə quranda aktrisa xörək bişirməyi bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib, xörəkləri bişirməyi öyrədib.

***

Zemfira xanımın sözlərinə görə, aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:

“Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov idi. Həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. 10 il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma üzlülüyünə salıb gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər”.

Ömrünün son günlərini aktyor ürək ağrılarından şikayət edir. Onu xəstəxanaya aparırlar. İki ay orada müalicə olunur. Həyat yoldaşı və qızı martın 17-də onun yanına gedəndə aktyor onları görən kimi hönkürtü ilə ağlayır. Ertəsi gün isə, o, dünyasını dəyişir. Yusif Vəliyev qızı Baharın ad günündə - martın 20-də “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılır.

***

Onun ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi yaşayır, beş il həkimlərin nəzarətində müalicə alır.

Aktyorun ölümünə səbəb həm də onun teatrda çox incidliməsi, ona qarşı baş verən haqsızlıqlar olur. Bahar Əliyeva Kulis.aza verdiyi müsahibəsində deyir:

“Onu teatrda incidirdilər. Düz on il rolsuz qaldı. Belə olanda atam içkiyə bağlandı. Daim içirdi deməzdim, amma içirdi. Hiss olunurdu ki, ona qarşı olunanları qəbul edə bilmir və ürək ağrısını içki ilə sakitləşdirir. İndi başa düşürəm ki, o, stress keçirdiyi üçün içkiylə “relaks” olurdu. İnanmıram ki, içki ona necəsə kömək olsun. Amma içirdi... Bir də yadıma gəlir ki, pivəni çox sevirdi. Mən də həmişə ona noxud verirdim ki, pivə içəndən sonra yesin”.

# 12795 dəfə oxunub

Müəllifin son yazıları

# # #