Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanovun müsahibəsi müzakirələrə səbəb olub.
Tahir Əmiraslanov sifət quruluşunu dəyişdirmək üçün plastik cərrahiyyə əməliyyatına girən qadınları şeytana oxşadıb: "Üz-gözünü dəyişdirmək şeytan işidir. Quranda bir ayə var: şeytan Allaha deyir ki, mən sən yaratdıqlarının xaricini və daxilini dəyişdirəcəm. Özünə inamlı, güclü qadına nəyisə kəsdirmək lazım deyil. Qadın öncə şəxsiyyət olmalıdır...
...Ağlı və savadı, özgüvəni, tərbiyəsi olmayan qadın özünü satmaq üçün bu və digər şəkildə xarici görünüşünü düzəldir. İndi həmin qadınların şeytandan fərqi yoxdur. O cür qadınları bəyənən, alan kişilərin də ağlı yoxdur, ya gedib şeytanla yaşasın, ya da o cür qadınlarla...".
Yazıçı, jurnalist Aysel Əlizadə mövzu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, özü də plastik əməliyyatların tərəfdarı olmadığı üçün bu mövzuda qadınları müdafiə edə bilməyəcək:
“Ona görə ki, bu əməliyyatlardan sonra yaxşı görünməyən qadınlar görürəm. Mən hətta “Qızlar ağlamaz” kitabımda bu mövzuya “Gözəllik özünə əminlikdir” başlığı ilə bölüm ayırmışam. Amerikalı müəllif Naomi Volf “Gözəllik haqqında mif” kitabında plastik industriyanın ildə 300 mln. dollar qazandığını qeyd edib. O, eyni zamanda bu industriyanın təbliğatının qurbanı olan qadınların hansı vəziyyətə düşdüyünü, onlarda necə depressiya yarandığını, hətta bəzilərinin ölümlə üz-üzə qaldığını yazıb. Qeyd edib ki, qadınları hər zaman bir-biri ilə rəqabətə səsləyən biznes sahələri olub. Məsələn, modellik, gözəllik yarışmaları və s. Bədən ölçülərinin standartları, jurnalların üz qabıqlarındakı arıq qızlar, hər dönəm fərqli bədən ölçülərinin dəb olması qadınları yarışa çıxarır. Bir dönəm ancaq dümdüz arıq, çöp kimi qızlar dəb idi və bu zaman xanımlar dietoloqlara müraciət edirdi. Tahir Əmiraslanov da müsahibədə qeyd edib. Amma problem yalnız yalançı dietoloqları, saxta cərrahları ifşa etməklə və ya qadınları şeytan adlandırmaqla yox, məsələnin çox təhlükəli olmasını qabartmaqla təhlil edilsə, daha faydalı olar. Burada insan orqanizmindən, sağlıqdan, insan həyatından söhbət gedir. Çox peşəkar və çox diqqətli olmaq şərtdi. Diet proqramı yazmaq üçün bütün analizlər verilməli, ona nə olar-nə olmaz ayırd edilməlidir. Kökəlmə səbəbi yemək yeməsindənmi, metabolizm problemindənmi, oturaq həyatdanmı qaynaqlanır, aydınlaşdırılmalıdır. Bunlar çox dərin məsələlərdir, çünki yenə deyirəm, söhbət insan sağlamlığından gedir. Arıq qızlar dəb olanda qadınlar ac qalırdılar, xəstəlik tapırdılar. Bir müddət sonra sinəsi, arxası böyük qadınlar dəbə düşdü və bu tirajlanmağa başlandı. Əslində, həssas insanlar bu təbliğatın səbəbini hiss edirdi. Zamanla bunun plastik cərrahiyyə üçün edildiyini gördük. Qadınlar zamanla “Mənim də o cür sinəm, arxam olsun” deyərək yarışa girdilər. Sonra iri dodaqlı qadınlar dəbə düşdü. Bu səfər də dodaqlarımızı şişirtməyə başladıq. Bədəninə yad cism əlavə edirsən. Bu əlbəttə ki, təhlükəlidir. Yüz ölçüb bir biçmək, ən doğru peşəkarı tapmaq mütləqdir. Bu, az qala ölüm-qalım savaşıdır. Çox qadın tanıyıram ki, sinə əməliyyatından sonra ciddi fəsadlarla üzləşib. Bu zaman şişlər yarana və ciddi törəmələrə çevrilə bilir”.
Müsahibimiz qeyd edib ki, Tahir Əmiraslanovun işlətdiyi “şeytan” ifadəsi ilə razı deyil:
"Tahir bəy bunu dinlə, Quranla bağlayır. Əslində, o da bir məcazi, simvolik ifadədir. Həmin qadınlara “şeytan” demək, təbliğatın arxasında duran şeytanı gizlətməyə bərabər olar. Bir insanı ölümə sürükləmək, onun orqanizmini təhlükəyə atacaq iş görmək, bunu reklam etmək xeyirxah insanın işi ola bilməz. Buna məcazi mənada “şeytani məsələdir” deyə bilərik. Bu baxımdan mən estetik əməliyyata girən, özünə kənar müdaxilə edən qadınlara çox ehtiyatlı olmağı məsləhət görərdim. İnsan özü ilə barışda yaşayanda özünü dəyişmək üçün uğraşmır. Zəkanı, dünyagörüşünü, biliyini itilə, özünü inkişaf etdir. Bu olmadıqdan sonra estetik əməliyyat kömək etməz. Çox ehtiyac varsa, böyük burun və ya əyri qulaq insanı kompleksə salırsa, yaxşı cərraha üz tutmaq ən doğrusudur. Mən hətta kişilərin bu cür əməliyyata girməsinə qarşı deyiləm. Narahat yaşamaqdansa, peşəkar cərraha üz tutmaq yaxşıdır. Tanıdığım adamlar var, burun əməliyyatı çox uğurlu olub, üzü gözəlləşib. Amma bəzən görürük ki, burnu özünə yaraşdığı halda gözlənilmədən kəsdirir. Bəzən bu əməliyyat gözəllik gətirmir. Əksinə, üzlər fərdiliyini itirir. Əslində, qadınların burnundakı kiçik çıxıntı onlara bir əzəmət də gətirir. Standart burunlar isə standart xarakterli qadın obrazı yaradır. Təbii sifət görəndə təəccüblənməyə başlamışıq, təbiiliyə həsrət qalmışıq. Dodaqları elə şişirdirlər ki, adam şoka düşür. Danışırlar, ağızları sallanır. Hansı ölçülərə, kimə görə bu, gözəllikdi? Mən bilmirəm. Amma bütün bunlardan daha vacibi sağlamlıqdır. Nə insanı öz həyatını təhlükəyə atmağa məcbur edə bilər ki?!”.
A.Əlizadə sonda qeyd edib ki, sağlam həyat tərzi, idman plastik cərrahiyə qədər təbliğ edilmir:
“Çünki idmanın gəliri əməliyyatın gəliri qədər deyil. Bir tərəfdən də yoqa, pilates, yürüş, trenajor daha çətin gəlir insanlara, asana qaçırlar. Bizim peşəkar idmançılardan xahiş edirəm idmanı təbliğ etsinlər. Gündə 10 dəqiqə hərəkət etməyə ərinən adam ömrünü məşq zalında keçirən adamı bir az çətin anlayır. Ona görə də idmançılara yüksək mükafat veriləndə bəzən narazılıq yaranır. Amma onların da fəaliyyəti mükafatla bitməsin. İnsanımıza idmanı sevdirmək gərəkdir. İdman böyük iradə, disiplin, ciddiyət istəyir. Hamının peşəkar idmanla məşğul olmasından söhbət getmir. Kimə nə uyğundusa, üzgüçülük, gəzmək, futbol, tennis, yoqa - nə olur olsun, özünə rahat olanı seçsin. İdmanı həyat tərzimizə çevirək. Bizim cəmiyyətin “hərəkət” ənənəsi yoxdur”.
Modern.az