Həkimlər əməliyyat masasında qoyub qaçdı, məşhur el şairi ona aşiq oldu – Ərinin hər gün döydüyü Nəzakət

Nəzakət Məmmədova

Nəzakət Məmmədova

21 oktyabr 2021
# 12:32

Bu gün Əməkdar artist Nəzakət Məmmədovanın anım günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında 10 maraqlı faktı təqdim edir.

1. Gəncədə anadan olan Nəzakət Məmmədova anasının istəyini nəzərə alaraq təhsil almaq üçün Bakıya gəlir. Opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır və gənc yaşda ailə qurur. Lakin, ailə həyatı o qədər də uğurlu alınmır. Çoxları tərəfindən sevilən, seçilən müğənni həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülüb söyülür. Bir axşam isə müğənni yenə də əri tərəfindən möhkəm döyülür. Deyilənlərə görə hətta o, üz-gözündən belə ağır zədələr alır. Onun harayına anası ilə bacısı çatır. Onlar Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakət həyat yoldaşından birdəfəlik ayrılır.


Əməkdar artist Nəzakət Məmmədova

2. Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

3. Bəzi şəxslər danışırlar ki, guya Nəzakət Məmmədova ilə kəlbəcərli şair Sücaətin arasında sevgi münasibətləri yaşanıb. Gerçək olan isə budur ki, şair Sücaət müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Şairin qohumlarının danışdıqlarına görə təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki “İstisu” sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.

Könül, üzü dönmüş yara neylədim

Mən ha əzizlədim, naşıydı, getdi.

Könlümün ilk yarı, ilk sevimlisi

Gözümün son damla yaşıydı, getdi.


Xanəndənin konsertindən kadr

4. Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirir.

5. Bacısı Kifayət xanım yuxuda bacısının əməliyyata gedəcəyi təqdirdə öləcəyini görür. Bunu xanəndəyə bildirəndə isə o, gülüb deyir, “öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da”.


Nəzakət Məmmədova gənclik illərində

6. Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdı. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib. Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olur. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.

7. Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".


Xanəndə oğlu ilə birlikdə

8. Nəzakət Məmmədovanın bacısı Məlahət Məmmədovanın sözlərinə görə müğənninin nəşi Soçidən Bakıya dəmir qutuda gətirilib. Onun cənazəsini görən molla qadınlar ağlayırmışlar. Həmin gün bir çox insan xanəndənin boğazında və yanağında olan tikiş izlərini öz gözləri ilə görürlər. Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.

9. Müğənnin ölüm xəbəri gələndə onun ardınca ailə üzvləri gedirlər. On üç yaşlı oğlu isə Bakıda qalır Xəbəri eşidib xanəndənin evinə gedənlərdən biri də Rübabə Muradova olur. Ancaq Nəzakət xanımın on üç yaşlı oğlu onu qapıdan içəri buraxmır, deyir, yalan deyirlər mənim anam ölməyib, kim gəlsə,onu burdan qovacam. Rübabə xanım ağlayır və əhd edir ki, əgər Nəzakət sağ qalmış olsa,qara qoç qurban kəsib onun qarşısına iməkləyə-iməkləyə gedəcək.

10. Cinayətkar həkimin həbs olunması üçün xanəndənin bacısı o vaxtkı rəsmi qurumlara məktub yazır. Nəhayət məhkəmə baş tutur. Heç kimin gözləmədiyi halda bir qadın ayağa qalxıb şahid kimi ifadə verir. O, xanəndənin əməliyyat günü xəstəxanada olduğunu əməliyyat zamanı müğənninin üç dəfə möhkəmdən qışqırdığını bundan sonra isə həkimin və köməkçisinin otaqdan çıxıb qaçdığını görür. Həkim isə əməliyyat vaxtı sərxoş olubmuş. Əgər ona vaxtında tibbi yardım göstərilsə, o, sağ qalacaqmış. Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə “canını alan” həkimə 9 il iş kəsir.

# 22543 dəfə oxunub

Müəllifin son yazıları

# # #