Hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı
2 fevral 2024
# 18:00

Bu gün Azərbaycan Yazıçılar Birliyində görkəmli qələm ustası, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müsabiqənin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

"Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair, publisist, Qulu Ağsəs müsabiqə üçün müraciətin 2023-cü il iyul ayına kimi davam etdiyini bildirib. Qeyd edib ki, müsabiqəyə sentyabr ayında yekun vurulub. Mövzu seçimi sərbəst olan müsabiqəyə yaşı 35-dək 200-ə yaxın iştirakçı qoşulub. O, qalib olan gənc yazarları təbrik edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid gəncləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edib. Gənclər Gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. O, yazıçı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qaliblərinə uğurlar arzulayıb.

Çıxışlardan sonra 1-ci yerin qalibi Cavid Babayevə, 2-ci yerin sahibi Orxan Cuvarlıya və 3-cü yerə layiq görülmüş Xan Abdullaya mükafatlar təqdim olunub. Həvəsləndirici yerləri tutmuş Bəşir Niftəliyev və Səma Quliyevaya da həvəsləndirici diplom verilib.

# 982 dəfə oxunub

Müəllifin son yazıları

# # #