Heç bilirsən necədi ağ şəhərdə qara gün? - Esmira Məhiqızı

Heç bilirsən necədi ağ şəhərdə qara gün? - Esmira Məhiqızı
16 noyabr 2023
# 14:30

Kulis.az Esmira Məhiqızının "Ayrılığa oyanmaq" şeirini təqdim edir.

heç bilirsən necədi...ağ şəhərdə qara gün?
bürkülü qış, soyuq yay...
bir də içməyə hüzün, ancaq bir nəfər üçün...
nə varsa təkadamlıq - sevməklər, ağlamaqlar,
öldürdüyün, öldüyün yaşamlar təkadamlıq.
gündüzlər dözmək asan,
di gəl...
ikiadamlıq çarpayı da, həsrət də, o küncdəki divan da...
ilan kimi buz olur, axşamlar təkadamlıq.

belə bilmirsən hərdən,
ərköyün əllərini, dağınıq tellərini necə ovutmaq olar?
hərdən də, lap bezirsən... yenə o qaraçı qız,
yenə də həmin soru:
- ay qız, görən birini necə unutmaq olar?

unutmağın yolları qucaqlarından keçir,
xəyalının hər cürə bucaqlarından keçir.
hələ ayaqlarından, hələ barmaqlarından-
hər tərəfindən keçir.
bir də baxıb görürsən unutmaq səndən keçir..

heç bilirsən necədi...güzgüdəki o gözlər,
o gözlərdən süzülən yaş niyələr, necələr.
bircə o güzgü bilir...pərdələr örtülməmiş necə düşür gecələr.

gecələr e... gecələr
həsrətlər dağa dönür, çarpaz-çarpaz ağlayır.
pəncərəyə söykənən o gilənar ağacı yarpaq-yarpaq ağlayır.

yarpaqlar ağacların gözyaşıdı payızlar
eh...
gör hələ nə qədər ağlamağa payız var,
payız şəkillərində hələ gözləri bulud Yağış adlı bir qız var.

heç bilirsən necədi...
qaranlıq tünlüklərdə
yuxusuzluq filminin növbəsində dayanmaq?..
sonra, sonra və sonra...heç uyğuya dalmamış,
heç yuxuya batmamış ayrılığa oyanmaq.

heç bilirsən necədi...necədi e,necədi
ayrılıqdan əvvəlki
ayrılığa oyanmaq.

# 750 dəfə oxunub

Müəllifin son yazıları

# # #