Haqqında ölüm xəbəri yayıldı, konsertindən yığılan məbləği Çernobıla yolladı – 85 yaşlı Zeynəb Xanlarova haqqında bilmədiklərimiz...

Zeynəb Xanlarova. Xalq artisti

Zeynəb Xanlarova. Xalq artisti

28 dekabr 2021
# 12:25

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Kulis.az bu münasibətlə Zeynəb xanımı təbrik edir və onun haqqında az bilinən faktları oxucuların diqqətinə çatdırır.

1. Zeynəb Xanlarova Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivində çıxış edərkən münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır.

2. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib.

***

3. 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

4. Uzun illər yeni il başlayan kimi dövlət televiziyası vasitəsi ilə ilk Zeynəb Xanlarovanın ifası verilib. O, səhnəmizə hərəkətlilik və canlılıq gətirib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.

***

5. Az qala bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Bu günün özündə də Azərbaycanda ondan məşhur sənətkar yoxdur. Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Onu bütün dünyada, xüsusən SSRİ ilə dostluq münasibətində olan o zamankı sosialist ölkələrində yaxşı tanıyırdılar.

6. Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

7. Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.

***

8. Əməkdar artist Mehriban Xanlarova xanəndənin qardaşı qızıdır. Mətbuatda tez-tez onların münasibətlərinin yaxşı olmadığı deyilsə də, Mehriban Xanlarova bu fikirlərin doğru olmadığını deyib: “Mən bibimlə iki il əvvəl yeni il konsertində görüşüb, şəkil və videolar çəkdirib, İnstagram səhifəmə yüklədim. Amma buna baxmayaraq yenə də deyirlər ki, guya bizim münasibətimiz yoxdur! Bilmirəm, başqa nə edim ki, onlar inansın ki, bizim münasibətimiz yaxşıdır? Ağzıgöyçəklər onsuz da danışırlar və danışacaqlar da. Zeynəb Xanlarova bizim nəslimizin baş tacıdır.”

9. Araşdırmaçı, yazar Dilqəm Əhmədin “Mühacirələrin dönüşü” kitabında Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasında və tapmasında Zeynəb Xanlarovanın və ansamblının yardımçı olduğu qeyd edilib.

***

10. Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:

“Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”

9. Hal-hazırda 85 yaşı tamam olan müğənni 1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.

# 18217 dəfə oxunub

Müəllifin son yazıları

# # #