Hamını qorxu içində saxlayanlar - Allah belə doğuldu

Hamını qorxu içində saxlayanlar - Allah belə doğuldu
4 dekabr 2023
# 16:40

Bu gün məşhur ingilis filosofu və siyasi mütəfəkkiri Tomas Hobbsun anım günüdür.

Kulis.az Vahid Ömərovun "Tomas Hobbs və insan hüquq bərabərliyi azadlıqlarının müdafiəsi" yazısını təqdim edir.

Filosof Tomas Hobbs 17-ci əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O. 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır.

Hobbs özünün başlıca əsərlərində "Fəlsəfənin əsasları "Leviafan "Begemot ictimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi.

Hobbsa görə, insan anadan "təbii hüquqları (Riglıts of Nature) - tələbatlarının ödənilməsi haqları ilə doğulur. Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir. Təbii haqlar vəhşi, cəmiyyətə qədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət - yalnız hər kəsin özünə lazım olan şeyləri qoparıb buradan da "hamının hamıya qarşı müharibəsi başlayır.

Bu müharibənin qarşısını almaq məqsədilə insanlar öz aralarında öz təbii haqlarını, öz qeyri məhdud azadlıqlarını hamılıqla könüllü məhdudlaşdırmaq haqqında razılığa gəlirlər. İnsanlar onları bir-birindən müdafiə etməli olan bir dövlət yaratmaq haqqında ictimai müqavilə bağlayırlar. Hobbs hər şeyə qadir olan dövləti Leviafanla - azman və hər şeyə qadir. Bibliya əjdahası ilə eyniləşdirir. Dövlət tam suverenliyə - vətəndaşlar üzərində tam hakimiyyətə malikdir. Suveren qanuna tabe deyil, o, qanunları özü yaradır. Suveren yalnız Allah qarşısında məsuldur. Parlament də, aristokratiya da suveren rolunu oynaya bilər, lakin kral olsa, daha yaxşı olardı.

Hobbs vətənə dönəndə artıq I Karl edam olunmuş və ölkədə respublika qurulmuşdu. Bu yeni şəraitdə o öz nəzəriyyəsinə aşağıdakı müddəa əlavə edir: əgər dövlət daha vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə (yaxud özü tapdalayırsa), ictimai müqaviləni ləğv etmək olar.

Cəmiyyət içərisində yaşayan hər bir insan "təbii qanuna etik davranış normalarına tabe olmalıdır: insan mümkün olan qədər sülhə can atmalıdır; hər kəs başqalarını özünə bərabər hesab etməlidir; özünün şəxsi işində hakimlik etməməli, suverenin hakimliyini qəbul etməlidir; əsas qayda isə bizə yaxşı məlumdur: özünə rəva görmədiyini başqasına da görmə.

Hobbsun ideyalarını həm mütləqiyyətin, həm də demokratiyanın xeyrinə izah etmək olar. Məsələn, Hobbsun nəzəriyyəsinin belə bir müddəası monarxistlər partiyasının qəzəbinə səbəb oldu ki, dövlət vətəndaşların könüllü razılığı ilə yaradılır və hökmdar vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə, hakimiyyətdən salına bilər.

Hobbsun ictimai müqaviləsi ədalətli ictimai quruluşa dair antik və orta əsr baxışları ilə müqayisədə irəliyə doğru böyük bir addım oldu və liberalizm nəzəriyyəsinin inkişafına təkan verdi.

Tomas Hobbas "Leviafan" əsərində insanların hüquq bərabərliyi və azadlığı haqqında yazır: "İnsan yaranışdan bərabərdir. Təbiət insanlan fiziki və əqli qabiliyyət baxımından bərabər yaratmışdır, çünki biz bəzən bir insanın başqasından fıziki cəhətdən güclü, yaxud ağıllı olduğunu görsək də, hər şeyi bütövlükdə nəzərdən keçirəndə görərik ki, onların arasındakı fərq elə böyük deyildir ki, bir insan bu fərqə əsaslanaraq özü üçün hər hansı bir nemət iddiasında olsun, başqası isə eyni haqla bunu tələb edə bilməsin. Fiziki gücə gəldikdə isə, daha zəif olanın kifayət qədər gücü vardır ki, gizli fırıldaqlar, yaxud eyni təhlükənin hədələdiyi digər insanlarla ittifaq yolu ilə daha güclü olanı öldürə bilsin.

Əqli qabiliyyətlərə gəlincə isə (mən əsasında sözün durduğu incəsənəti, xüsusilə elm adlandırılan ümumi və sarsılmaz qaydalara yetmək incəsənətini bir kənara qoyuram - bu cür qaydalara çox adam, özü də çox az şeylə əlaqədar yiyələnib, çünki bu qaydalar bizimlə birgə doğulmuş fıtri qabiliyyətlər deyil, bunlar həmçinin nəyinsə üzərində müşahidə prosesində qazanılmış ağıl, kamal kimi qabiliyyətlər də deyil) mən bu sahədə fıziki güclə müqayisədə insanlar arasında daha çox bərabərlik görürəm. Belə ki, ağıllılıq yalnız bütün insanların eyni vaxt ərzində eyni səylə məşğul olduqları şeylər barədə eyni dərəcədə əldə etdikləri təcrübədir. Yəqin bu bərabərlik ona görə ağlasığmaz görünür ki, hər kəs bütün insanlara xas olan bir lovğalıqla öz şəxsi müdrikliyi haqqında xam xəyallara qapılaraq özünü "qara camaatdan daha ağıllı bilir...

Bərabərlik üzündən qarşılıqlı inamsızlıq doğur. Qabiliyyətlərin bərabərliyi üzündən məqsədəyetmə ümidlərinin bərabərliyi yaranır. Bax, buna görə iki nəfər eyni bir şeyi arzuladıqda və ikilikdə buna yiyələnə bilmədikdə bir-birinə düşmən kəsilir. Onlar məqsədəyetmə yolunda (bu, əsasən həyatı qoruyub saxlamaqdan, bəzən isə yalnız həzz almaqdan ibarət olur) bir-birlərini məhv etməyə çalışırlar. Belə çıxır ki, insan hücumun qarşısında təkbaşına qalanda, o əkmək, biçmək və qurmaqla, yaxud hər hansı bir ləyaqətli adın sahibi olmaqla yanaşı, əminliklə gözləyə bilər ki, başqa adamlar gələrək birləşmiş qüvvəylə onun mülkünü əlindən alacaq, onu nəinki öz əməyinin bəhrələrindən, həm də həyatdan, yaxud azadlıqdan məhrum edəcəklər. Hücum edən də özünü başqaları tərəfındən bu cür təhlükədə hiss edir.

Hobbusun fikrincə, qarşılıqlı inamsızlıqdan müharibə törəyir. Bu qarşılıqlı inamsızlıq üzündən insan üçün öz həyatının təhlükəsizliyini təmin etməyin ən ağıllı üsulu ehtiyat tədbirləri görmək, yəni gücün, yaxud hiylənin köməyi ilə bacara bildiklərinin hamısını etməkdir... Bu tədbirlər özünüqoruma çərçivəsindən kənara çıxmır və buna görə adətən yolverilən sayılır...

Beləliklə, biz insan təbiətində müharibənin üç əsas səbəbini tapmış oluruq: birincisi rəqabət; ikincisi inamsızlıq və üçüncüsü şöhrət yanğısı. Birinci sobəb insanları qazanc, ikinci səbəb şəxsi təhlükəsizliyi təmin etmək məqsədilə, üçüncü səbəb isə şərəf mülahizələri üzündən bir-birlərinə hücum etməyə sövq edir...

Ümumi hakimiyyət olmayan durumda hamının hamıya qarşı müharibəsi baş verir. Buradan göründüyü kimi, nə qədər ki, insanlar hamını qorxu içində saxlayan ümumi hakimiyyətdən məhrumdur, onlar elə müharibə durumundadır ki, hamı hamıya qarşı müharibə aparır. Çünki müharibə yalnız döyüş, yaxud hərbi əməliyyat deyildir, müharibə həm də elə zaman kəsiyidir ki, bu vaxtda mübarizə iradəsi döyüş yolu vasitəsilə öz aşkar təsirini göstərmiş olur. Buna görə müharibə anlayışına hava anlayışı kimi, zaman məfhumu da daxil edilməlidir. Rütubətli hava anlayışı yalnız bir-iki yağışdan yox, bir çox günlər ərzində bu yağışı fasiləsiz gözləməkdən ibarət olduğu kimi, müharibə anlayışı da yalnız gedən döyüşlərdən deyil, barışığa ümid olmadığı bütün vaxt ərzində müharibəyə aşkar canatmadan ibarətdir. Bütün qalan vaxt sülh deməkdir.

T.Hobbus yazır: "Bu cür müharibənin əlverişsizliyi. Bax, buna görə hamının hamıyla düşmən olduğu müharibə dövrü üçün səciyyəvi olan hər şey insanların öz fıziki gücündən, fərasətindən savayı heç bir təhlükəsizlik təminatı olmadan yaşadıqları dövr üçün də səciyyəvidir. Belə bir vəziyyətdə zəhmətsevərliyə yer yoxdur, belə ki, heç kəsin öz zəhmətinin bəhrəsini görə biləcəyinə təminat yoxdur və buna görə də əkinçilik, gəmiçilik, dəniz ticarəti, rahat binalar yoxdur, nəqliyyat və böyük güc tələb edən şeylərin daşınma vasitələri yoxdur, yer səthini, zaman hesablanmasını öyrənən elmlər, peşələr, ədəbiyyat yoxdur, cəmiyyət yoxdur, ən pisi isə odur ki, bunların əvəzinə əbədi qorxu və zorakı ölümün daimi təhlükəsi var və insanın həyatı yalqız, yoxsul, qaranlıq, küt və çox qısadır...

Hər halda, qorxu təlqin edən ümumi hakimiyyət olmadıqda insan həyatının necə keçə biləcəyini əvvəllər dinc hökumətin rəhbərliyi altında yaşamış adamların adətən vətəndaş müharibəsi zamanı düşdükləri həyat tərzinin nümunəsindən də görmək olar...

Dövlətin məqsədi əsasən təhlükəsizliyi təmin etməkdir. İnsanlar (təbiətən azadlığı və başqaları üzərində ağalığı sevənlər) özlərini buxova salarkən (gördüyümüz kimi, dövlət daxilində yaşamaqla onlar buxova girmiş olurlar) onların son məqsədi, yaxud niyyəti özlərini qorumaq və bu zaman daha əlverişli həyat qurmaq qayğısıdır. Başqa sözlə desək, insanlar dövlət yaradarkən müharibənin fəlakətli vəziyyətindən xilas olmağa can atırlar və bu müharibə vəziyyəti onları qorxu içində və cəzalandırılmaq hədəsi altında saxlayan, sazişləri yerinə yetirməyə və təbii qanunlara əməl etməyə məcbur edən real hakimiyyətin olmadığı yerlərdə insanların təbii ehtiraslarının... zəruri nəticəsidir.

Maarifçi, filosof qeyd edir ki, həqiqətən də təbii qanunlar (ədalət, qərəzsizlik, təvazökarlıq, rəhmdilik və ümumiyyətlə, başqalarının bizimlə necə davranmağım istəyiriksə, olarla da o cür davranmaq) bizi onlara əməl etməyə məcbur edən hər hansı qüvvə qarşısında qorxudan kənarda, özü-özlüyündə bizi qərəzli münasibətə, lovğalığa, qisas almağa və s. sürükləyən təbii ehtiraslara ziddir. Əldə qılınc olmadıqca hər hansı bir saziş insanı qoruya bilməyəcək quruca sözlərdir. Bax, buna görə də təbii qanunların olmasına baxmayaraq (o qanunlar ki, insan onlara istədikdə, özünə heç bir təhlükə yaranmadıqda əməl edir), hakimiyyət qu- rulmadıqda, yaxud insanların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər güclü dövlət olmadıqda hər bir fərd öz təhlükəsizliyini başqalarından qorumaq üçün öz fiziki gücündən və çevikliyindən istifadə edəcəkdir, yaxud o, tam qanuni şəkildə bunlardan istifadə edə bilər...

İnsanları yadelli basqınlarından və qarşılıqlı ədalətsizliklərdən qorumağa qadir olan və beləliklə, onların öz əlinin zəhməti və torpağın bəhrəsiylə dolana biləcəyi və rahatlığın yaşaya biləcəyi bu cür ümumi hakimiyyət yalnız bir yolla məhz bütün hakimiyyətin və gücün bir adamın, yaxud səs çoxluğuyla bütün vətəndaşların iradəsini bir vahid iradə halında toplaya biləcək insan toplumunun əlində cəmləşdirilməsi ilə qurula bilər.

Başqa cür desək, ümumi hakimiyyətin bərqərar olması üçün, insanların onların nümayəndəsi ola biləcək bir adamı, yaxud adamlar yığıncağını təyin etmələri gərəkdir; hər bir insanın ümumi sülhü və təhlükəsizliyini qorumaq məqsədilə ümumi şəxsin özünün etdiyi, yaxud başqalarını məcbur edəcəyi bütün işlərə münasibətdə özünü köməkçi sayması və buna görə özünü məsul hesab etməsi gərəkdir; hər bir insanın öz iradasini və fıkirlərini ümumi şəxsin iradəsinə və fikirlərinə tabe etməsi gərəkdir.

Bu, yekdillik və həmrəylikdən də çox şey deməkdir. Bu, saziş vasitəsilə bir vahid şəxsdə təcəssüm tapmış real vəhdətdir; hər bir insan bu sazişi digəriylə elə tərzdə bağlamış olur ki, sanki hər kəs digərinə demiş olur: bu adamı, yaxud bu yığıncağı özünə vəkil edirəm və özümün idarə etmək hüququmu ona verirəm, bir şərtlə ki, sən də öz hüququnu bu qaydayla verəsən və onun bütün hərəkətlərinə icazə vermiş olasan. Əgər bu baş veribsə, o zaman çoxlu insanın bu qaydayla bir şəxsdə birləşməsi dövlət (latınca - civitas) adlanır.

T.Hobbs qeyd edir ki, ölməz Allahın dərgahı altında öz dincliyimizə və müdafiəmizə görə borclu olduğumuz ulu Leviafanın, daha ehtiramla desək, fani Allahın doğuluşu belə baş verir. Çünki dövlət daxilində hər bir ayrıca insanın ona verdiyi səlahiyyətlər sayəsində göstərilən insan, yaxud insanlar yığıncağı onda cəmlənmiş elə böyük güc və hakimiyyət qazanır ki, onun doğurduğu qorxu bu insanı, yaxud bu insanlar yığıncağını bütün insanların iradəsini daxili barışığa və xarici düşmənlərin əleyhinə qarşılıqlı köməyə yönəltməyə qadir edir.

Mahiyyəti belə bir insandan, yaxud insanlar yığıncağından ibarət olan dövlətin aşağıdakı tərifə ehtiyacı vardır: dövlət elə bir vahid şəxsdir ki, külli miqdarda insan qarşılıqlı ınüqavilə yolu ilə onun hərəkətlərinə görə özünü məsul hesab edir və bu şəxs onların hamısının gücündən və vəsaitindən dinc yaşamaları və ümumi müdafiələri üçün zəruri saydığı kimi istifadə edə bilir.

Bu şəxsin daşıyıcısı Suveren adlanır və onun barəsində deyirlər ki, o, ali hakimiyyət sahibidir, başqa hər hansı şəxsə onun təbəqəsidir.

T.Hobbs yazır:

1. Sülhü axtarmaq və ona riayət etmək gərəkdir. Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olmalısan.

2. Başqa adamların razılığı olarsa. Sülh və özünümüdafiənin maraqları üçün zəruri ölçüdə bütün şeylərə olan hüquqdan imtina etmək, başqa adamlara münasibətdə adamların özünə qarşı ınünasibətdə yol verdiyi qədər azadlığın dərəcəsi ilə qənaətlənmək lazımdır.

3. Adamlar bağladıqları müqavilələri yerinə yetirməlidir.

4. Hər bir adam başqalarına uyğunlaşmağı bacarmalıdır.

5. Gələcəyə münasibətdə təminatın mövcudluğu zamanı adam peşmanlıq hissi keçirən və barışmağı arzulayan şəxslərə keçmiş incikliklərini bağışlamalıdır.

6. Qisas alarkən (yəni pisliyə pisliklə cavab verərkən) törədilmiş pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq xeyirin ölçüsü nəzərə alınmalıdır.

7. Heç bir adam başqasına ədavət və nifrətini iş, söz, mimika və ya jestlə bildirməməlidir.

8. Hər bir adam başqalarını özünə əzəldən bərabər hesab etməlidir.

# 1081 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #