Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Macarıstandakı Ofisinin rəhbəri Yanoş Hovari ilə görüşüb.
Kulis.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva Fondun fəaliyyəti, həyata keçirilən çoxsaylı layihələr, eləcə də təşkilatın yaxın aylarda baş tutacaq tədbirlərindən bəhs edib. Eyni zamanda, Fondun prezidenti ortaq məqsədlər istiqamətində Türk Əməkdaşlıq Təşkilatlarının daha sıx tərəfdaşlıq etməsinin önəmini vurğulayıb.
Yanoş Hovari öz növbəsində, Fondun türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, türk xalqlarının mədəni dəyərlərinin, zəngin keçmişinin və tarixinin beynəlxalq miqyasda təbliği istiqamətində göstərdiyi fəaliyyətini, eləcə də təşkilatın üzv dövlətlər və qeyri-üzv dövlətlər arasında körpü rolunu oynadığını təqdir edib.
Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, Y.Hovari Qarabağa, xüsusilə Azərbaycanın və Türk dünyasının mədəni paytaxtı olan Şuşaya baş tutmuş ziyarəti və orada keçirdiyi görüşlər barədə G.Əfəndiyevaya məlumat verib. Bu xüsusda, Y.Hovari Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Vezpremdən söz açaraq, bu şəhərləri bir araya gətirən mümkün tədbirlər barədə danışıb.
Bununla yanaşı, görüşdə Fond və Türk Dövlətləri Təşkilatının Macarıstandakı Ofisi arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.