Gülləbaran altında konsert verdi, uzun müddət övlad həsrəti çəkdi, sevdiyi qadını aldatdı – Yubileyində onu niyə aşağıladılar?

Gülağa Məmmədov, Xalq artisti

Gülağa Məmmədov, Xalq artisti

28 iyun 2022
# 12:00

Bu gün Xalq artisti Gülağa Məmmədovun doğum günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında 10 maraqlı faktı təqdim edir.

Gülağa Allahverdi oğlu Məmmədov Lənkəranın Kiçik Bazar məhəlləsində olduqca kasıb ailədə dünyaya gəlib. Onun atası pinəçi, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb. Bir müddət sonra isə Bakıya köçüblər.

***

Uşaqlıqdan musiqiyə böyük marağı olan 12 yaşlı Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyur. Günlərin birində təsadüfən onların küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidib ayaq saxlayır. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və Gülağa ilə tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun “Səni gördüm, aşiq oldum” ariyası böyük alqışlarla qarşılanır.

Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənir. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir Hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.

Sevdiyi qızı aldadıb onunla gizli nikaha girdi, ermənilər konsertində dava saldı, yubiley tədbirinə görə şəkər tutub öldü

***

“Nəsimi” filmində Nəsimin səhrada dərvişlərin əhatəsində gəzərkən oxunan “İstəmə” qəzəlini də Gülağa Məmmədov ifa edib.

***

Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməyinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır. Həmin ərəfədə İkinci Dünya müharibəsi başlayır. Gülağa Məmmədov Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa, gülləbaran altında oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver". Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir, oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır.

***

Evlənirlər. Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə – evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları – Gülarə dünyaya gəlir. Olduqca qısqanc olan Gülağa həyat yoldaşının Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almasını istəmir.

***

Gülağanın həmçinin, yaxşı muğamat oxumağı olub. Ancaq efirdə muğam oxumayıb. Bu barədə ona sual verəndə "oxuyacağam" – deyə cavab verərmiş. Tez-tez qastrollarda olan sənətçi, nədənsə, Gürcüstan və İrəvanda daha çox sevilirmiş. Hətta İrəvanda konsert verən zaman qalmaqal da əskik olmurdu. Belə ki, bütün biletlər satıldığından onun səsini eşitmək istəyən camaat biletsiz içəri daxil olur, ya da konsert salonunun qabağına toplaşırdı. Milislər onları uzaqlaşdırmağa çalışanda isə böyük səs-küy qopurdu.

***

Xanəndənin bir xasiyyəti də var imiş – haqsızlığa, ədalətsizliyə dözən olmayıb. Hansısa işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib. Düzgünlüyü sevib. 1942-ci ildən radionun Bədii Şurasının üzvü olub. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş:

"Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikri ilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından o bu vəzifədən imtina edir.

***

Şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Ana Kürüm" mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəlir. Və Gülağaya tərəf baxıb deyir:

"Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın".

Həmin mahnı məşhur "Dəli Kür" bədii filmində səslənir.

***

Sənətinə layiqli qiymət verilməməsi, laqeydlik ona çox toxunur. Ən böyük ədalətsizliklərdən biri isə 60 illik yubileyi ərəfəsində olur. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılır. Afişalar asılır, dəvətnamələr paylanır. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəlir ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirirlər. Sonra qərara gəlirlər ki, tədbiri Aktyorlar evində keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq idi. Gülağa buna razı olmur. Bu haqsızlıq ona çox pis təsir edir. Deyir, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər. Mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? O, əsəbiləşib gecə ilə bütün afişaları çıxarır. O biri respublikalara da teleqram vurur ki, qonaqlar gəlməsin.

***

1994-cü il iyunun 7-də səhər yeməyini yedikdən sonra Gülağa Məmmədovun halı pisləşir. Ailəsinin təkidinə baxmayaraq, o, işə gedir. Həyətə təzəcə düşən kimi isə halı daha da pisləşir. Qızı Gülarə xanım o anı belə xatırlayır:

"Atamı çətinliklə pilləkənlərdən qaldıraraq evə aparıblar. Təcili yardım gəlib, ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da, onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə getmə, sən yanımda qal". Amma həkimlər etiraz ediblər. Anam otaqdan çıxa-çıxa onu arxayın edib: "Heç yerə getmirəm. Buradayam, qapının ağzında gözləyirəm". Xeyli vaxt keçəndən sonra anam içəridən çıxan tibb bacısından atamın vəziyyətini soruşub. Tibb bacısı da qəfildən – anamı bu acı xəbərə hazırlamadan – "o vəfat etdi", deyib”.

# 7179 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #