“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək
31 yanvar 2023
# 14:00

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək.

Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində olacaq.

Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Gecədə gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı və Tofiq Rzayevin əsərləri səslənəcək.

Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.

Fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

# 1149 dəfə oxunub

Müəllifin son yazıları

# # #