Gəncəli oğlanla nehrəmli qızın səhnə və eşq hekayəsi

Gəncəli oğlanla nehrəmli qızın səhnə və eşq hekayəsi
25 dekabr 2023
# 19:00

Bu gün görkəmli aktyor İbrahim Həmzəyevin doğum günüdür.

Kulis.az Türkanə Əmoyevanın "Gəncəli oğlanla Nehrəmli qızın səhnə və eşq hekayəsi- İbrahim və Zəroş Həmzəyevlər" yazısını təqdim edir.

XX əsr Azərbaycan teatr səhnəsinin qüdrətli simalarından, səhnə fədailərindən olan SSRİ Xalq artisti İbrahim Həmzəyev 1908-ci ildə Gəncə şəhərində, tanınmış mömin ailədə anadan olub. Ata-babası Seyid nəslindən olan İbrahim Həmzəyevin atası, məhşur tacir və iş adamı Mir Tağı kişinin Səmərqənddə çay fabriki, ticarət obyektləri olub.

Uşaqlıqdan teatra böyük həvəs göstərən İbrahim Həmzəyev 18-20 yaşlarından teatr tamaşaları səhnələşdirib. Hətta ona verilən xərcliyi də teatr geyimləri və səhnə dekorasiyaları üçün xərcləyib.

Səhnə həyatının 1890-1937- ci illəri Gəncə, 1937-1982- ci illəri isə Naxçıvan teatrını əhatə edir. 1937-ci ilin repressiyasında qardaşı Mir Cavad Həmzəyev güllələndikdən sonra İbrahim Həmzəyev Xalq Komissarı Soveti yanında İncəsənət İşləri İdarəsinin göndərişi ilə Naxçıvana gəlib və ömrünün sonuna qədər bu torpaqda yaşayıb. Hətta Naxçıvanda olmağından ailəsinin iki il xəbəri olmayıb. İbrahim Həmzəyev bu qədim torpağı və onun insanlarını sevib, naxçıvanlılar da ona doğma övlad məhəbbəti göstərərək qayğılarını əsirgəməyiblər. İbrahim Həmzəyev Gəncədə doğulsa da, Naxçıvanda yaşayıb və burada dəfn edilib. Naxçıvan və Gəncədə adına küçə var. 1978-ci ildə 70, 1999-cu ildə isə 90 illik yubileyləri qeyd olunub.

Yaradıcılığının çiçəklənən dövrünü Naxçıvan teatrında keçirən İbrahim Həmzəyev 35 il sərasər bu teatrda çalışıb. 1941-ci ildə Naxçıvan teatrında həm direktor, həm də rejissor olub. Teatrın kollektivi ona hörmət əlaməti olaraq “Miri müəllim” deyə müraciət edib.

Naxçıvan teatrında ilk rolu isə Mirzə İbrahimovun “Həyat” pyesindəki Abbas obrazı olub. Aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var. Abbas, Yaşar, Ayrum, Elxan, Balaş, Xosrov, Aydın, Vaqif, Nəbi və b. rollar onun sənət xalçasında əlvan butalar, tarixləşən səhnə obrazlarıdır.

Aktyorluqla yanaşı İbrahim Həmzəyev həm də Naxçıvan teatrında səhnələşdirilən bir çox əsərin quruluşçu rejissoru olub.

Naxçıvan teatrında tarixi xidmətlər göstərən sənətkar Mir İbrahim Həmzəyevin sənət şinelindən Zəroş Həmzəyeva, Sofiya Hüseynova, Əkbər Qardaşbəyov, Roza Cəfərxanova, Tofiq Mövləvi və b. çıxıb. Sənət taleyi Gəncədən başlasa da, sənətkarlıq ulduzu Naxçıvan teatrında parlayıb. 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1965-ci ildə isə Xalq artisti fəxri adlarını alıb. Elə həyatının gerçək sevgisini də bu teatrda tapıb.

Çox səliqəli aktyor olub. Geyimlərini səliqəli olsun deyə özü ütüləyib. Hətta şəhərdə dolaşarkən pəncərdən xanımlar onun səliqəli geyiminə, yerişinə həsədlə baxıblar. Ulu Öndər Heydər Əliyev onun ilk tələbəsi olub. İbrahim Həmzəyevin Azərbaycanda açdığı ilk uşaq (Bahar) teatrında baş rollar oynayan böyük siyasətçi həyatında xüsusi rol oynamış bu şəxsiyyət haqqında fikirlərini sonralar belə ifadə edib: “1937-ci ildə hamının bir-birini tanıdığı Naxçıvanda təzə bir adam peyda oldu. Dərhal da diqqəti cəlb etdi: böyüklər də, kiçiklər də gözəl biçimli kostyum, qar kimi ağ köynək geymiş, səliqə ilə bağlanan qalstuk taxmış, üstündə bir toz zərrəsi olmayan qara lak çəkməli gözəl qamətli kişini diqqətlə süzürdülər. O, naxçıvanlıların əsas istirahət yerinə, şəhər bağında yerləşən teatra gedirdi. Naməlum adam yüngül yerişlə irəliləyirdi. Ona baxmağın özü elə bil tamaşa idi, yoldan keçənlər ayaq saxlayıb bu adamın arxasınca baxırdılar. Artıq biz hamımız onun artist olduğunu, bizim teatra işləməyə gəldiyini bilirdik. Təbii ki, İbrahim Həmzəyev mənimlə söhbət edəndə çox şad oldum. Mənə rəhbərlik etdiyi dərnəkdə məşğul olmağı tövsiyə edəndə isə fikirləşmədən razılığımı verdim”.

1982-ci ildə Bakıda dünyasını dəyişən İbrahim Həmzəyev həyat yoldaşı Zəroş xanımın məsləhətilə Naxçıvanda dəfn olunub. Ulu Öndər H. Əliyevin Mir İbrahim Həmzəyevin dəfnini yüksək səviyyədə təşkil etdirməsi respublikamızın bütün mədəni ictimaiyyətinin yaddaşında qalır.

Deyirlər, gülüş İbrahim Həmzəyevin həyat yaraşığı, onun xarakterindəki ülvi və yüksək insani keyfiyyət idi. O güləndə əvvəlcə cazibəli gözləri gülüb, sonra da bu sehirli təbəssüm çöhrəsinə qonub.

İbrahim Həmzəyevin ilk evliliyi 1931-ci ildə Xalq artisti Barat Şəkinskaya ilə olub. Aktyor Barat xanımdan dünyaya gələn qızına “Od gəlini” pyesindəki Solmazın adını qoyub. Lakin uşağın heç bir yaşı tamam olmamış bu ailə dağılıb.

O, 1938-ci ildə isə Nehrəmin sayılıb-seçilən kişilərindən olan Mirzə Bağırın qızı Zəroşla ailə həyatı qurub.

Azərbaycan SSR Xalq artisti Zəroş Həmzəyeva 1925-ci ildə Babək rayonunun Nehrəm kəndində doğulub. Atası Mirzə Bağır Əliyev 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanda törətdikləri vəhşiliklərdən bəhs edən “Qanlı günlərimiz” kitabını yazıb. Əsl adı Zərrintac olan Zəroş Həmzəyevanı uşaqlıqdan əzizləyib Zəroş deyə çağırdıqlarına görə elə bu adla da tanınıb.

İbrahim Həmzəyevlə səmimi məhəbbətləri isə o zaman Naxçıvan şəhərindəki pionerlər evində başlayıb. Həmin vaxt İbrahim Həmzəyev pionerlər evinin dram dərnəyinə rəhbərlik edib. Beləliklə, 15 yaşında məktəbli ikən teatra gedən yeniyetmə qız teatr tamaşalarında İbrahim Həmzəyevi sevir. Və bu sevgi 15 yaşlı Zəroşun qoşulub qaçmağı ilə nəticələnir. Hətta atası Mirzəbağır Əliyev bu əhvalatdan sonra dünyasını dəyişir.

Onlar birlikdə səhnədə sevgili rollarını həmişə xüsusi şövqlə oynayıblar. Bir-birilərinə olan sevgisi, məhəbbəti səhnədə onlara sanki qanad verib. Vaqif və Xuraman, Nəbi və Həcər, Fərhad və Şirin, Yaşar və Yaqut və s. Bax, bu obrazlarla səhnədən ülvi duyğular saçıb, tamaşaçı salonuna ehtiras yağışı çiləyiblər. Məhz buna görə 18 yaşından peşəkar səhnədə olan Zəroş xanım Həmzəyeva 1982-ci ildə İbrahim Həmzəyev vəfat edəndən sonra bir daha səhnəyə çıxmayıb. Leylisi olduğu səhnədən ayrılmaq nə qədər çətin olsa da, İbrahim Həmzəyevsiz səhnəyə çıxmaq ondan da ağır gəlib. Hətta aktrisa nə vaxtsa onu təkidlə teatra dəvət edəcəklərindən çəkinərək köçüb ömrünün sonunadək Bakıda yaşayıb.

Onlar 1948-ci ildə bir il müddətində Qaryagində (indiki Füzuli Dövlət Dram Teatrında) çalışıblar.

Son dərəcə emosional, zəngin daxili aləmi olan, səhnə temperamentini həssaslıqla cilovlamağı bacaran Zəroş xanım sevgili rollarını necə zəriflik və lirik çalarlarla oynayıbsa, drammatik və faciəvi xarakterli obrazları da bir o qədər sənətkarlıqla canlandırıb, ürəyəyatımlı və məlahətli səsini ifa etdiyi obrazın xarakterinə uyğunlaşdırıb. Teatrda ilk rolu isə N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasındakı qulluqçu qız “Yetər” obrazı olub. Səhnəyə ilk çıxışında maraqlı obraz nümayiş etdirib. Sərbəstliyi və emosional dəyişmə bacarığı ilə teatr kollektivini heyran qoyub. Oynadığı rolların əksəriyyəti baş və əsas rollar olan aktrisa Azərbaycan teatr məkanında C. Cabbarlının obrazlarına ən çox səhnə həyatı bəxş edən sənətkarlardandır. Səhnəmizin Sevili, Gültəkini, Sarası, Sonası, Sitarəsi, Solmazı və s.

“Vaqif” mənzum dramında daha parlaq, daha lətafətli ifaya malik olan Xuramanı da Zəroş xanım Həmzəyeva oynayıb. Səhnədə çoxlu obrazlar yaradan Zəroş xanımın ən sevdiyi obraz isə səhnə bioqrafiyasında dərin iz qoyan Xuraman olub.

Teatr səhnəsinin işıqları sönəndə onun iri qara gözləri səhnəni işıqlandırarmış. 40 ildən çox peşəkar teatrda aktrisalıq edən, Naxçıvan teatrının tarixində ən çox baş rollarda çıxış edən səhnə ustalarından olan aktrisanın ürəyəyatımlı rəqqasəlik bacarığı da olub.

Zəroş Həmzəyeva həm də əyalət teatrından Akademik Milli Dram Teatrına dəvət olunan ilk qadın aktrisadır. Lakin onun bu müvəffəqiyyətlərinə qısqanclıqla yanaşanlar da olub. Görkəmli sənətkar Adil İsgəndərov “Ögey ana” filmində ögey ana rolunu Zəroş xanıma həvalə etmək istəyib. Bunun üçün Moskvadan zəng edərək onu filmdə oynamağa dəvət edib, lakin getmək istəyəndə aktrisanı aldadıblar ki, A.İsgəndərov ikinci dəfə zəng vurub bir aydan sonra dəvət edəcəyini deyib. Sonralar Adil müəllimlə görüşəndə aydın olub ki, bunlar qurma imiş.

Zəroş Həmzəyeva “Əhməd haradadır” filmində də Əhmədin anası rolunda oynamalı imiş. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş Həmzəyevanın) arxasınca Naxçıvana gəlsə də, əliboş qayıdıb, deyiblər ki, sən get, özümüz göndərərik. Amma göndərməyiblər.

Zəroş xanım Ögey anasız da, Əhmədsiz də Azərbaycan Respublikasının Xalq artisti adını alıb, 2000-ci ildə ən yüksək mükafata, “Şöhrət” ordeninə layiq görülüb.

2004- cü ildə Bakıda vəfat edən Xalq artisti Zəroş Həmzəyeva ikinci Fəxri Xiyabanda dəfn edilib. Bakıda yaşadığı evə barelyefi və xatirə lövhəsi vurulub. Naxçıvan şəhərində bir küçə Xalq artisti Zəroş Həmzəyevanın adını daşıyır.

Oğlu Nizami Həmzəyev deyir ki, teatrşünas Adilə İsmayılova 1960-cı ildə Zəroş xanım Həmzəyeva haqqında kitab yazır və evinə zəng edərək ondan məsləhət alır ki, başlığını “Azərbaycanın dahi sənətkarı Zəroş xanım Həmzəyeva”, ya “Görkəmli teatr xadimi” qoyaq? O isə belə cavab verir: “O adların ikisini də ləğv elə, ora yaz “Nehrəmli qız”, ona görə ki, Nehrəm kəndinin də aktrisası olub.” Bu adla onun haqqında sənədli film də çəkilib.

Bəli, XX əsrin 30-cu illərində qatı dindarlığın, qaragüruhun hökm sürdüyü Nehrəmdən Zəroş xanım Həmzəyeva adlı Xalq artisti çıxdı. Və bu “Nehrəmli qız” “Gəncəli oğlan”ı sevdi, özünün müəllimi bildi, onunla birgə sənət zirvələrini fəth etdi. İbrahim və Zəroş Həmzəyevlər səhnədə sevgi və sənət dastanını yazdılar. Bu izdivacdan Ayrum, Himalay, Nizami və Arzu adlı övladları dünyaya gəldi. 44 il birlikdə ömür sürən cütlük həm ailədə, həm də səhnədə sevgi dolu bir ömür abidəsi ucaldıb ömürlərinin sonuna qədər bir-birilərinə böyük hörmət və sevgi ilə yaşadılar.

# 1073 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #