Fevralın 27-də Azərbaycan Gənc Tamaşaçılar Teatrında Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunan "Heydər Əliyev və mədəniyyət mövzusunda dəyirmi masa" adlı tədbir keçirilib.
Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrın direktoru Naidə İsmayılzadə, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Səbail rayon YAP təşkilatının sədri Muxtar Nağıyev, teatrşünas Məryəm Əlizadə, sənətşünas Vidadi Qafarov, A. Şaiq adına mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, yazıçı-dramaturq İlqar Fəhmi, Xalq artisti Yasin Qarayev, Əməkdar artist Nicat Kazımov, habelə yaradıcı və inzibati heyət iştirak edib.
Tədbiri giriş sözü ilə teatrın direktoru Naidə İsmayılzadə açaraq qonaqları salamlayıb. Heydər Əliyevin parlaq şəxsiyyətindən, sənətə, teatra, ümumilikdə yaradıcı insanlara olan diqqət və qayğısından bəhs edib.
Daha sonra teatrın baş rejissoru Mehriban Ələkbərzadə Heydər Əliyevin 100 illiyinin ölkə səviyyəsində qeyd olunmasının vacibliyindən, dəyirmi masanın əhəmiyyətindən bəhs edib.
Tədbir boyu dəvət olunan qonaqlar ardıcıllıqla çıxış edərək ulu öndərlə bağlı maraqlı xatirələrini, bu xatirələrin yaratdığı xoş təəssüratları bölüşüblər.
Sonda tədbir iştirakçıları xatirə şəkil çəkdiriblər.