Gənc Tamaşaçılar Teatrı Qubada qastrol səfərində olacaq

Gənc Tamaşaçılar Teatrı Qubada qastrol səfərində olacaq
14 mart 2024
# 13:09

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2024 -cü il teatr müəssisələrinin regionlarda nəzərdə tutulmuş qastrol səfərərlərinə uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 15-də “Tıq-tıq xanım” tamaşası ilə Quba şəhərində qastrol səfərində olacaq.

Kulis.az xəbər verir ki, Quba Mədəniyyət evinin səhnəsində nümayiş olunacaq tamaşadan əvvəl Novruz bayramının personajları Kosa və Keçəl uşaqları Bahar bayramı münasibəti ilə təbrik edəcək. Daha sonra tamaşanın nümayişi başlanacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Tuncay Hüseynova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir. Balaca tamaşaçıların böyük marağına səbəb olan, fərqli, müasir üslubda hazırlanan səhnə əsərində aktyorlar Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov iştirak edirlər.

Uşaqların sevimli nağıllarından biri olan “Tıq-tıq xanım” əsasında hazırlanan səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dosluğuna zərər vurur. Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır” deyə qeyd olunur

# 864 dəfə oxunub

Müəllifin son yazıları

# # #