Filologiya elmləri doktoru: "Mənim dilim Azərbaycan türkcəsidir" - Müsahibə

Filologiya elmləri doktoru:  "Mənim dilim Azərbaycan türkcəsidir" - Müsahibə
13 dekabr 2022
# 15:00

Kulis.az AMEA Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin APA-ya müsahibəsini təqdim edir.

– Fəxrəddin müəllim, sizcə, Azərbaycan dili ilə bağlı verilən qərarlar niyə bu qədər müzakirələrə səbəb olur?

– Əslində, normaldır. Dil hamının dilidir və dil yaralı məsələdir. Ona görə də adamlar reaksiya verir. Əslində, bu cür müzakirələrə sevinmək lazımdır ki, insanlar biganə qalmır, müəyyən münasibət sərgiləyir, fikirlərini bildirirlər.

– Amma verilən reaksiyaların hamısı sağlam reaksiya olmur.

– Aydın məsələdir ki, hamının düşüncəsi, ağlı, məntiqi və səviyyəsi eyni deyil. Ömründə bir dəfə kitab oxumayıb fikir bildirən adamlar da olur. Bir də var, sırf bu sahədə peşəkar adamlar, bax onların fikirləri daha maraqlıdır. Ümumiyyətlə, dilçilik elə bir sahədir ki, demək olar ki, burada hər gün yenilik olur, dəyişiklik olur. O səbəbdən, müzakirələr faydalıdır. Amma yekun nəticəni, birmənalı olaraq, əsl dilçilərdən soruşmaq, onlara görə nizamlamaq lazımdır.

– Əsl dilçilər deyirsiniz. Məsələn, Dilçilik İnstitutunda bizim kifayət qədər peşəkar dilçi alimlərimiz var. Amma onların verdiyi qərarlar da cəmiyyətdə birmənalı qarşılanmır.

– Nihat bəy, biri var, nəyinsə xətrinə söz demək, biri də var ki, elmi əsaslara söykənib söz demək. Bunlar fərqli-fərqli şeylərdir. “Hər oxuyan Molla Pənah olmaz” məsəli boşuna yaranmayıb. Nə olsun ki, ali təhsilin var, müəyyən savadın var, amma bu o demək deyil ki, sən dilçilik üzrə mütəxəssissən. Mən özüm hər gün 50 səhifə kitab oxumasam, özümü rahat hiss eləmirəm. Amma adam var ki, aylarla kitab üzü açmır, lakin fikir bildirir. Bu cür adamlara və fikirlərə çox da fikir vermək lazım deyil.

– Bu yaxınlarda İnstitutda son Orfoepik Normalardakı uyğunsuz məqamlarla bağlı geniş müzakirə keçirildi. Elə vəziyyət yarandı ki, sanki orada yalnız “dovşan” sözünün tələffüz forması müzakirə edilib.

– Bilirsiniz, dilçiliyin və Dilçilik İnstitutunun o qədər böyük problemlər var ki... Təkcə “dovşan”la və o tip sözlərin tələffüz forması ilə kifayətlənmək doğru deyil.

Təxminən, 2014-cü ildə Azərbaycan dilinin Orfofoniya lüğətini hazırlayıb nəşr elətdirmişdim. Əslində, sözlərin tələffüzündən bəhs edən elm orfofoniyadır. Orfoepiya sözlərin düzgün tələffüzü ilə o qədər də yaxın deyil.

– Nədir bəs orfoepiya?

– Orfoepiya dildə ümumi şəkildə bazanı müəyyənləşdirən elmdir. Yəni nə qədər söz var, o sözlər hansı dildən, hansı mənbədən, yerdən gəlir və s. Biri də var, düzgün tələffüz formaları, bax bu orfofoniyadır. Dediyim kimi, həmin lüğəti mən 2014-cü ildə nəşr elətdirmişdim. Və o lüğətdə Azərbaycan dilində olan 100 mindən artıq sözün əsl tələffüz formasını vermişdik. O kitab həmin dövrdə əl-əl gəzirdi.

– Siz “dovşan” sözünün tələffüz variantını necə vermişdiniz?

– Böyük alman filosofu Martin Lüter deyirdi ki, almanca necə danışmaq lazım olduğunu bilmək istəyirsənsə, bazara getməlisən. Bu, çox dəqiq fikirdir. “Dovşan” sözünün, habelə istənilən bu cür sözün necə deyildiyini öyrənmək üçün adamları tədqiq eləmək, orada axtarmaq lazımdır. Adam var, [davşan] deyir, adam var, [do:şan] deyir, adam var, [douşan] deyir. Amma əsas məsələ ədəbi dildir, ədəbi dil ortaq qaydanı tapmalıdır. Və bu da hamı tərəfindən qəbul edilməlidir.

– Onda, bir növ, o müzakirə yersiz idi?

– Bilirsiniz, bayaq da dediyim kimi, dilçiliyin qarşısında, eləcə də Dilçilik İnstitutunun qarşısında onlarla, yüzlərlə vacib problemlər var. Bu tip müzakirələrin məqsədi sanki “Qonşu məni alverdə görsün” təsiri bağışlayır.

– Fəxrəddin müəllim, konkret olaraq, Dilçilik İnstitutunun hazırkı fəaliyyəti sizi qane edir?

– Orada Ağamusa Axundovdan sonra bir az boşluq yarandı. Doğrudur, Dilçilik İnstitutunda kifayət qədər mütəxəssis var, amma hamısı öz işi ilə məşğul olmur. Məsələ budur. Problem budur.

– Bəs konkret nə çatışmır ki, oradakı mütəxəssislər aidiyyəti işləri ilə məşğul olmurlar?

– Yox, orada hər kəs işi ilə məşğul olmur demək doğru deyil. Amma, dediyim kimi, bu kimi hallar da var. Və ən əsası, Dilçilik İnstitutunda predmet elm olmalıdır. Azərbaycan dili dünya dilləri arasında az təhlil edilmiş dillərdən biridir. Bizim zaman-zaman çox böyük dilçi alimlərimiz olub, bu, doğrudur. Bizim Bəkir Çobanzadə boyda alimimiz olub. Hansı ki Muxtar Hüsenyzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə məhz onun sayəsində yetişiblər, mütəxəssis, alim olublar. Bəkir Çobanzadə Azərbaycan dilçilik tarixində böyük məktəb yaradıb. Yəni dediyim odur ki, bizim böyük dilçi alimlərimiz olub. Bu gün institut səviyyəsində aparılan müzakirələr mütləq formada elmi əsaslara söykənməlidir. O adamlar elmlə yatıb elmlə dururdular. Bu gün bütün sahələrimizdə necə boşluqlar varsa, elmimizdə də, dilçilik elmimizdə də o cürdür. Köhnədir hər şey. Eyni şeyi nə qədər müzakirə eləmək olar axı. Yenilik lazımdır, yeni fikir lazımdır.

– Fikrimcə, Dilçilik İnstitutunda “dovşan” sözünün müzakirəsi bu qədər qınanılmamalıdır. Bu da bir dil prosesi və problemidir. Amma maraqlıdır ki, cəmiyyət Dilçilik İnstitutundan dillə bağlı müzakirələr yox, az qala, robot ixtira etməyi gözləyir.

– Dilçilik İnstitutu dilin fəaliyyəti haqqında normal qaydalar sistemi tərtib etməli və onu cəmiyyətə təqdim etməlidir. Nuh əyyamından qalma metodlarla işləmək olmaz, Nihat bəy. Dilə riyaziyyat tətbiq edilməlidir.

Dilçilik İnstitutuna yeni direktor təyin olunub – Nadir Məmmədli. Çox bacarıqlı və ağıllı adamdır. Mənə elə gəlir ki, o, yaxşı mənada nələrsə edəcək. Bütün bunlar üçün də kadr lazımdır.

– Var orda elə kadr?

– Orada kadr çoxdur.

– Siz dediyiniz yeniliyi edəcək kadrı nəzərdə tuturam.

– Dildə yenilik eləmək üçün müasir dilçiliyin, loru dillə desək, cikini-bikini bilməlisən. O da bizim müasir mütəxəssislər arasında çox az miqdardadır.

– Fəxrəddin müəllim, son Orfoqrafiya lüğətində də kifayət qədər xətalı məqamlar vardı.

– Lüğətlər son anda bir redaktorun əlindən keçməlidir. Konkret bir adam. Amma Dilçilik İnstitutunda belədir ki, müdir tapşırır bir neçə adama və nəticədə bu cür problemli məqamlar yaranır.

– Orfoqrafiya lüğətindəki problemlər müzakirə olunarkən komissiya üzvlərindən birinə “ç” hərfi ilə bağlı sual veriləndə cavab verdi ki, o hərf məndə deyildi. Ümumiyyətlə, lüğətin tərtib olunması necə həyata keçirilir? Hərflərin ayrı-ayrı şəxslərə verilməsi nə dərəcədə özünü doğruldur?

– Ay sağ ol, dediyim məqamdır. Bu, sizə zarafat gəlməsin. Lüğətin tərtib olunması həddindən artıq mürəkkəb məsələdir. Biri var, subyektiv yanaşasan, bir də var ki, götür-qoy edəsən, müəyyən müzakirə aparıb onun yekunu kimi yanaşasan. Dilçilik İnstitutunun əsas çatışmayan cəhəti odur ki, orada müasir tədqiqat üsullarını tətbiq etmirlər. Hələ də köhnə üsullarla yanaşırlar, ona uyğun hərəkət edirlər. Olmaz axı. Riyazi dəqiqliklə ortaq qərara gəlinməlidir, bir nəfərin ağlının məhsulu ilə isə lüğət tərtib etmirlər, yaxud dilə yanaşmırlar.

– Müəllim, siz Dilçilik İnstitutunda direktor kimi çalışmısınız. Bayaq dediniz ki, müasir dilçiliyin cikini-bikini bilmədən dilə müasir formada yanaşmaq olmaz. Siz özünüz müasir dilçiliyin cikini-bikini bilirdiniz?

– Nihat bəy, mən elə-belə adam deyiləm e (gülür). Mən burada bitirdiyim məktəbləri, keçdiyim təcrübələri saymaq istəmirəm, açığı. Amma onu deyim ki, 4 dəfə Almaniyada dillə bağlı qrant udmuşam. Alman xalqı hələm-hələm adama qrant vermir. Ona görə də mən qətiyyətlə deyə bilərəm ki, Avropadan, onun dilçilik strukturundan çox şey bilirəm, öyrənmişəm.

İndi dilçilik ədəbiyyatdan tamamilə ayrılıb. Bilirsiniz, dilçilikdə riyazi metodlardan mütləq formada istifadə edilməlidir. Riyaziyyatı özünə yaxın buraxmayan elm köhnə elmdir. Köhnə elmlə isə ayaqlaşmaq olmaz.

– Professor Sevinc Əliyeva onunla müsahibə zamanı qeyd etdi ki, bütün sözlərin lüğətə salınmasına lüzum yoxdur. Daha çox problemli sözlərin lüğətə salınmasını məqsədəuyğun hesab edirdi. Siz nə düşünürsünüz?

– Yox, mən razı deyiləm. Orfoqrafiya xalq dilinin güzgüsüdür. Orada dildə işlənən bütün sözlərin olması vacibdir. Bax mən bu yaxınlarda Tibb Universitetinin professorunun müəllifi olduğu bir kitabı oxuyurdum. İçərisində nə qədər dilimizdə olmayan sözlər var idi. Məsələn, Azərbaycan dilində “səs telləri” deyə ifadə var, amma müəllif bu ifadəni haradansa tərcümə edib və “səs bağları” kimi yazıb. Görün necə eybəcər səslənir? Bu cür problemli məqamlarda müəlliflər dilçilərə müraciət etməlidir. Dili qorumaq, mühafizə etmək hamının borcudur. Bilirsiniz, Avropada adi bir kitabın üzərində necə əsirlər? Məsuliyyətlə yanaşırlar?

– Azərbaycan dilinə zaman-zaman başqa dillərin təsiri olub və bu gün də davam etməkdədir. Xüsusən Türkiyə serialları məişət dilimizə ciddi şəkildə təsir edir. Elə Türkiyənin cizgi filmləri də.

– Tamamilə doğrudur. Mən “Azərbaycanda dil situasiyası” adlı məqaləmdə xalqların Azərbaycan dilinə təsirini açıq şəkildə göstərmişəm. Bir tərəfdən türk, bir tərəfdən ərəb-fars, bir tərəfdən rus-Avropa, indi isə ingilis dilinin dilimizə təsiri çoxdan çoxdur. Belə olmaz axı. Hər kəs öz dili ilə fəxr eləməlidir. Və qorumalıdır. Mənim dilim Azərbaycan türkcəsidir, vəssalam. Bilirsiniz, mənim beynimdə hər zaman bir düşüncə var, məsələn, filan söz, görəsən, bizim dildə necədir? Yaxud necə ola bilər? Variantlar düşünürəm. Çünki bu mənim bir dilçi olaraq vəzifə borcumdur.

– Müəllim, bir dilin başqa dillərin təsirinə məruz qalması normal prosesdir. Adamlar belə fikirlər səsləndirir ki, ərəb-fars, rus-Avropa mənşəli sözlərin çoxluğundansa, elə türk dilindən gəlmə sözlərin çoxalması daha yaxşıdır.

– Götenin bir ifadəsi var – Yeri gəlmişkən, görürsən, Göte dedim, Höte yox, bu ad Götedir – dilin böyüklüyü, əzəməti onda deyil ki, başqa dillərdən gələn sözləri rədd edir. Yox. Dilin əzəməti ondadır ki, başqa dillərdən gələn sözləri mənimsəyir. Sözün əsl mənasında, təmiz dil deyə bir şey yoxdur. Bütün dillər qarışıqdır, bir-birlərinə təsirləri olub və davam edir.

Adicə indi Azərbaycan efirlərində dilin qayda-qanunlarından yayınma halları baş alıb gedir. Hərəsində bir cür təsir hiss olunur. Olmaz. Sən danışdığın dili qorumalısan.

– Fəxrəddin müəllim, Ortaq Türk dili məsələsinə münasibətiniz necədir.

– Nihat bəy, bu, nağıldır. Heç kəs könüllü formada öz dilindən imtina eləməz. Belə şey mümkün deyil.

Mən İnstitutun direktoru olanda türkiyəlilər belə bir təklif verdilər ki, ortaq türk dilinə dair bir lüğət tərtib edək. Cəmi 100 söz olsun, amma sözlər ortaq olsun. Siz təsəvvür edirsiniz, bu qədər türk dili içində cəmi 3 söz ortaq oldu. Yəni bu üç sözü azərbaycanlı da, türk də, qazax da, özbək də işlədirdi. Dediyim odur ki, dil və onun qayda-qanunları sizə zarafat gəlməsin. Bu çox ağır, mürəkkəb prosesdir.

Adicə bizim özümüzdə hamı “xanım” sözünü qəbul edir, amma “bəy” sözünü yox. Niyə? “Xanımlar və cənablar” deyirik, niyə? “Xanımlar və bəylər” desəniz, nə olacaq? Demək lazımdır və Dilçilik İnstitutu bu tip müraciət formaları ilə məşğul olmalı, bunu müzakirəyə çıxarmalıdır.

– “Okey” ifadəsi demək olar ki, bütün dünyada istifadə olunur. Sizcə, bu tip sözlər gələcəkdə lüğətimizə daxil edilə bilər?

– Mən, birmənalı olaraq, bu cür sözlərin istifadə edilməsinə qarşıyam. Bu sözlərin qarşılığı olmalıdır, yoxdur, tapmalısan. “Okey” “oldu”, vəssalam. Nəyə lazımdır axı? Yaxud tez-tez efirlərdə rast gəlirik: Filankəsin performansı yaxşı idi. “Performans” nədir axı? De ki, “ifası”, vəssalam.

– “İfa” sözü də bizim deyil axı.

– Bu söz artıq dilimizə daxil edilib, qəbul edilib. Yenisinə ehtiyac yoxdur.

– Dildə sözlərin qarşılığını tapmaq məsələsinə toxundunuz. Bu necə həyata keçirilir?

– Bununla dil mütəxəssisləri məşğul olmalıdır. Dilçilik İnstitutunda akademik Şirəliyev kimi, Ağamusa Axundov kimi nəhəng adamlar olub. Hansı ki onların dediyi, qəbul etdiyi hökm səviyyəsində olurdu. Amma indi sanki cılızlaşıb hər şey. Bayaq siz də dediniz, “dovşan” sözünün tələffüzü ətrafında saatlarla müzakirə gedir. Məgər Azərbaycan dilində müzakirə ediləsi problem yoxdur? Var axı, var.

– Fəxrəddin müəllim, mediada bəzən elə ifadələrə rast gəlinir ki, onun qarşılığını tapa bilmirik. Məsələn, “plyonka” sözünü nə ilə əvəz edə bilərik?

– “Pərdə”dir də. “Avtomobil pərdəsi”.

Bu vaxt fotoqrafımız müzakirəmizə müdaxilə edir: axı “plyonka” pərdə deyil...

– Amma işlədə bilərik. “Pərdə” rolunu oynayır, sən də “pərdə” sözünü işlətsən, guya nə olar ki? Sonra mediada tez-tez rast gəlirəm: filan şey start götürdü. Çox əsəbiləşirəm. “Start götürdü” nədir axı. “Başladı”, vəssalam.

– Bu yaxınlarda jurnalistlərdən biri Azərbaycanın media dili ilə bağlı tənqidi yazı yazmışdı. Deyirdi ki, bizim media dilimiz çox qurudur. Məsələn, biz “Bina yandı” deyirik, türkiyəlilər “Bina alevler içinde kaldı, alev-alev oldu”.

– Qətiyyən razılaşmıram. Azərbaycan dilinin şirəsini, şəhvətini unutmaq olmaz. “Bina yandı”, vəssalam. O cür emosionallığa, pafosa lüzum yoxdur. Əsas odur, bina ümumiyyətlə yanmasın (gülür).

– Azərbaycan dili zəngin dildir?

– Çox zəngin dildir. Əvvəla, bu dildə danışan adamların sayına görə, 20-21-ci yerdədir bizim dil. Bu dildə 50 milyondan çox adam danışır. Bu sizə zarafat gəlməsin. Bu, balaca rəqəm deyil.

– Madam dilimiz bu qədər zəngindir, bəs niyə tərcüməçilər bu qədər giley-güzar edir?

– Siz bilirsiniz, mən də tərcümə ilə məşğulam. Amma mən qəti şəkildə şikayətçi deyiləm.

– Siz tərcüməçidən öncə dilçi alimsiniz. Şikayət etməməyiniz normaldır.

– Məsələ o deyil, məsələ odur ki, tərcüməçinin, birinci növbədə, çox-çox güclü mütaliəsi olmalıdır. Mənim mütaliəm güclüdür. Azərbaycan ədəbi dilində saysız-hesabsız roman oxumuşam. O səbəbdən, tərcümə zamanı söz axtarmıram. Problem tərcüməçidədir, Nihat bəy. Mütaliəsi zəifdir, ona görə əziyyət çəkir. Mütaliəsi güclü olsun, əziyyət çəkməsin.

– Dilçilik İnstitutu nəşriyyatlarla əməkdaşlıq edirmi? Yəni bir nəşriyyat hansısa əsəri tərcümə etdirəndən sonra onlarla məsləhətləşirmi?

– Mən bunu dəfələrdə demişəm, nəşriyyatlar birinci olaraq pulu düşünür, pul qazanmağı düşünür. Kitabı yazan, yaxud tərcümə edən müəllif olur, nəşriyyat sadəcə onun nəşri işinə baxır. Bəs keyfiyyət? Sən bir nəşriyyat olaraq, sənin mətbəəndə nəşr olunan kitabın keyfiyyətinə cavabdehsən. Dünyadakı ən mahir tərcüməçilər kitab işıq üzü görməzdən əvvəl dil mütəxəssisləri ilə məsləhətləşirlər. Bizdə bu şey yoxdur. Bizdə buna vəsait sərf edilmir. Elə tez-bazar getsin çapa. Axı belə olmaz. Nəşriyyat çap etdiyi kitabın dilinə cavabdehlik daşımalıdır.

– Hazırda sizin Dilçilik İnstitutu ilə əlaqəniz var?

– “Müasir Azərbaycan dilinin fonetikası” adlı kitab hazırlamışıq, bu yaxınlarda isə “Müasir Azərbaycan dilinin morfologiyası” kitabını da hazırlayacağıq. Amma həmişə olduğu kimi Dilçilik İnstitutu pul vermək istəmir. Təsəvvür edirsiniz, Dilçilik İnstitutu dilçiliklə bağlı kitabın müəllifinə pul vermək istəmir. Bu cür biganəlik bütün sahələrdə var...

# 3509 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #