“Fəxri adım yoxdur deyə məni işdən çıxardılar” - Tanınmış xanəndə müraciət etdi

“Fəxri adım yoxdur deyə məni işdən çıxardılar” - Tanınmış xanəndə müraciət etdi
15 aprel 2024
# 18:00

“Musiqi mənim ruhumdadır. Mən muğamatla, sənətlə yaşayıram. Bir ildən çoxdur ki, yaşa görə təqaüdə çıxmışam. Fəxri adım yoxdu deyə, pedaqoji fəaliyyətimi davam etdirə bilmədim”.

Kulis.az xəbər verir ki, bu sözləri xanəndə, pedaqoq Sabir Abdullayev deyib. Yüzlərlə gəncin yetişməsində böyük əməyi olan sənətkar qeyd edib ki, enerjisi, səsi fəaliyyətini davam etdirməyə imkan versə də, pedaqoji fəaliyyətdən ayrı düşməsi onu sarsıdıb:

“İlk dəfədir ki, mənim kimi tanınmış, yüzlərlə tələbə yetişdirən xanəndə yaşa görə işdən çıxarılır. Çünki onların hamısının fəxri adı var idi və əmək fəaliyyətlərini davam etdirə bilirlər. Əzəldən belə olub. Həmişə yaşlı xanəndələr sağlamlığı imkan verənə qədər tələbə yetişdiriblər. Mən isə canımı verdiyim sənətdən ayrı qalmışam. Fəxri ad, titul istəmirəm. Cənab Prezidentimiz və müzəffər Ordumuz Qarabağı, Ağdamı, doğulub boya-başa çatdığım kəndi azad etməklə mənə ən yüksək titulu verib. Amma müəllim kimi yenidən çalışmaq istəyirəm, Asəf Zeynallı adına musiqi kollecindəki işimə geri qayıtmaq arzusundayam. Mənim hələ də gənc xanəndə yetişdirməyə enerjim var. Səsim də yerindədir. Bu gün doğum günümdür. Mənimçün hər şey mənasını itirib. Tələbələrin arasında özümü daha gümrah hiss edirdim. Bilirsiz, 38 ildir ki, müəllim kimi çalışırdım. İndi evdə oturmaq mənim üçün faciədir. Aidiyyəti qurumlardan xahiş edirəm ki, məni Asəf Zeynallı adına musiqi kollecinin muğam sinfinə qaytarsınlar”.

Qeyd edək ki, Sabir Abdullayev Amerika, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İsrail, Tayvan, Meksika, Braziliya, Rusiyada baş tutan konsertlərdə çıxış edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Qarabağ xanəndələri" albomuna Sabir Abdullayevin də ifaları daxil edilib. O, mərhum sənətkar Vahid Abdullayevin və Əməkdar artist Cabir Abdullayevin qardaşıdır.

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

# # #