Əzizə Cəfərzadənin romanı Özbəkistanda çap olundu

Əzizə Cəfərzadə

Əzizə Cəfərzadə

20 oktyabr 2022
# 14:20

Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.

Kulis.az xəbər verir ki, Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Universitetin prorektoru professor Sultan Normatov rektor Şuxrat Siracəddinovun tədbir iştirakçılara müraciətini oxuyub. O, günü-gündən inkişaf edən Özbəkistan-Azərbaycan arasında mədəni-ədəbi əlaqələr haqqında danışıb.

Təqdimat mərasimində universitetin dosenti, Füzuli Mərkəzinin rəhbəri Gülbahor Aşurova çıxış edərək Əzizə Cəfərzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib, kitabın əhəmiyyəti, Azərbaycan tarixi haqqında gözəl bir bədii əsər olduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tanınmış yazıçı, alim, professor Əzizə Cəfərzadənin yaradıcılığını xarakterizə edib, onun əsərlərinin ayrı-ayrı məqamları haqqında məlumat verib. O, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin yaradıcılığı haqqında danışaraq, “Bakı 1501” əsərinə dair fikirlərini bölüşüb, sovet dövrünün bestselleri olan əsərin xalqımızın şanlı dövlətçilik tarixinə işıq saldığını qeyd edən diplomat sözügedən əsərin Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirən, böyük bir imperiya quran Şah İsmayıl Xətaiyə həsr olunduğunu vurğulayıb. S.Abbasov həm dövlət rəhbəri, həm də ədəbiyyatımızın tanınmış nümayəndəsi kimi Xətainin xidmətlərindən danışıb.

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, alim kimi Əzizə Cəfərzadə bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları bu qəbildəndir.

“Bakı 1501” romanını özbək dilinə tərcümə edən tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov əsərin əhəmiyyəti haqqında danışıb, Azərbaycanda olduğu kimi, Özbəkistanda da bu romanın seviləcəyinə əmin olduğunu bildirib.

# 1693 dəfə oxunub

Müəllifin son yazıları

# # #