Əsgərlərin qarşısına yaylıq atan qadın - Məqsəd Nur

Əsgərlərin qarşısına yaylıq atan qadın - Məqsəd Nur
28 sentyabr 2023
# 13:20

Kulis.az Məqsəd Nurun "Raisa Maksimovnanın Qarabağı" adlı yazısını təqdim edir.

Raisa Maksimovna pulu və brilyantı çox sevirdi. Ənam almağı da. Qorbaçovu idarə edirdi. Qarabağı Azərbaycandan qoparmaq üçün erməni lobbisi ona xeyli bahalı hədiyyələr vermişdi. Sovetdə belə qadınlar, əsasən, erməni ailələrindən çıxırdı. Bu da kilsənin xidmətləri sayəsində baş verirdi. Yadımdadır, mən orta məktəbdə oxuyanda erməni ailələrin kilsə üçün "gizlicə" pul yığması gizlilikdən də çıxmış, adi hal almışdı. Bu pulların bir hissəsi SSRİ-də lobbiçiliyə, gizli millətçi terror təşkilatlarına ötürülsə də, digər hissə kasıb ailələrdən olan bacarıqlı uşaqların nüfuzlu ali məktəblərdə, o cümlədən hüquq-mühafizə orqanlarında yerləşdirilməsi üçün xərclənirdi.

Bax həmin "uşaqlar" və onların sələfləri Kremlə, o cümlədən Raisa Maksimovnanın nəfsinə yol tapa bilmişdilər. Bizdə isə o vaxtlar bir tərəfdən ateistlərin sayı artır, digər tərəfdən anbara dönmüş məscidləri qurd basırdı. Mollalar gülüş hədəfinə çevrilir, ərəbcə eşidilən hər sözə göz yaşı axıdılırdı. (Sonrakı illərdə məscidlərin və mollaların nəyə və kimə döndüyünün təfərrüatını da hamımız yaxşı bilirk - rəzalət və cəhalət bu gün də davam etməkdədir).

Əslində ABŞ senatoru Robert (Bob) Menendes və onun həyat yoldaşı Nadine Arslanyan-Menendeslə bağlı məhkəmə araşdırmasını oxuyanda Raisa Maksimovnanı xatırladım. Belə baxıram, Menendeslər də eyni vərdişlərə sahibdir. Budur, lobbi tərəfindən xeyli pul xərclənsə də, konqresmen ifşa olunur, nüfuz əldən gedir. Lakin mənim yaddaşım uzaq Amerikanı bir kənara qoyub, yaxın Kremli xatırlamaq istəyir: biz Qarabağı ermənilərdən daha çox həm də Raisa Maksimovnaya, Mixail Qorbaçova - onun Rusiyasına uduzduq. Ardınca əyyaş Boris Yeltsin gəldi və Qorbaçov ailəsinin yolunu davam etdirdi. Əslində elə danışıram ki, elə bil daş dövründən bəhs edirəm, amma bütün bunlar yaxın keçmişdə baş verib...

Bundan əvvəl deyilənə və yazılana görə, Xan görürdü ki, şəhər böyüyür, xüsusilə, qış aylarında ilxıya baxmaq çətinləşir, yayda isə atların qoxusu paytaxt Şuşanı bürüyür, o cümlədən gənc xanzadələr "şəhərə sığmır". Qərar verildi ki, aşağılarda həm ferma, həm də kef, eyş-işrət yerləri yaradılsın. Sonrası da bəllidir, Xankəndi əmələ gəldi. Bundan sonrası da məlumdur: bizi ikiyə bölən rus imperiyası orada kazakları və onların atlarını yerləşdirdi, ferma kazarmalara döndü, hazırca yer idi. Sonralar da adını Stepanakert qoyub mədəni şəhərə çevirdilər. Şəhərlər bax beləcə, öz pis və yaxşı hekayələri ilə şəhərləşə bilir. Lakin indi Xankəndinin hekayəsi göründüyü qədər də sadə deyil. Çünki ermənilər dağlar arasında yerləşən kiçicik bir şəhərin qısa hekayəsini birtərəfli qaydada böyütməyi bacardılar. Məntiqi sonluq isə budur, şəhərin əsl sahibləri geri dönür, tarix yenidən yazılır.

Xankəndi məsələsində Xuraman Qasımovanı da unuda bilmirəm. İlk dəfə onu görəndə doqquzuncu sinifdə oxuyurdum. Yaddaşımda ağıllı, xarizmatik, xanım-xatın bir qadın kimi qalıb. Sonralar Xuraman xanımın Əsgəran yaxınlığında Xankəndi məsələsini birdəfəlik həll etmək istəyən oğlanlarımızın qarşısına yaylıq atmasını isə (bu hekayəni hərə bir cür nəql edir) illərdir unuda bimirəm. Ümumiyyətlə, Əsgəran dərəsi ilə üzü Xankəndinə aparan yolla, o geniş vadi ilə bir neçə dəfə həm Xankəndinə, həm də Şuşaya getmişəm. Qəribədir, hələ də o dərəni qara dəlik kimi xatırlayıram. Mən bu hissləri keçirəndə Xocalı faciəsi baş verməmişdi. İndi isə yayılan görüntülər arasında Xocalıda yerləşən sülhməramlıları görəndə eyni hissləri yaşadım.

Xankəndinə bizim işıq verildi. İşığımız tutsun bütün qaranlıqları! Ardınca qaz, su, mobil operatorluq, internet, ən vacibi isə manatın tədavülə başlamasıdır. Əminəm ki, orada bizi tanıyan çox az erməni qalıb, yeni nəsil yetişib. Deyəsən, onlar da təəccüb edirlər, niyə bizim əsgər evlərə girmir, Xocalıda olduğu kimi milləti tankın qabağına verib "təmizləmir", niyə ətrafa od vurub yandırmır? Yaxşı ki biz onlar kimi etmirik. Nə kilsə, nə məscid ənənəmiz var, nəziri oğurlayan axund-molladan da boluq, amma onlar kimi etmirik.

Qorbaçov Stavropolda doğulmuşdu, babası əvvəlcə qolçomaq kimi tutulsa da, sonradan naməlum səbəblər üzündən vəzifəyə təyin olunub kolxoza qatılmışdı. Moskvada olarkən bir rus tanışım deyirdi ki, vaxt gələcək, ermənilər Stavropolu, Krasnodarı istəyəcəklər. Qəzəbli millətçiliyi və radikal dinçiliyi yaymağın sonu belə olur: növbəti təhdidlər bir coğrafi ərazidən çıxıb başqa bir yerdə baş qaldırır. İnfeksiya kimi.

Lakin dünyamızda terrorun bitəcəyini göstərən heç bir işartı görmürəm. Fəqət, bəlkə də, bizi xilas edən terrora, nifrətə meyilli olmamağımızdır. Bəlkə, elə unutqanlıq sərvətimizdir?

Bəs, görəsən, indi baş verənlər bir erməni uşağının yaddaşına necə yazılacaq? Bizim uşaqların yaddaşına yazıldığı kimi? Axı hər şey çox fərqli idi. Yəqin ki, Ermənistan adlanan ölkə öz tarixinə yenidən baxmalı, arınıb-durulmalıdır. Haqlı tərəf olaraq, həmçinin hesab edirəm ki, hamımız tarixin cənginə düşmüşük. Yenə tarixin sınaqları ilə üz-üzəyik.Yəqin, iki xalq bir yol tapıb birlikdə yaşayacaq. Amma bizə mövqeləri təhvil verən o rus zabitlərini gördükcə yadıma Raisa Maksimovna düşür, bir də qara dəlik duyğusu keçirirəm.

Hə, bir də, görəsən, mənim yaşıdım, bir erməni yazıçı, mənim kimi, sülh naminə qaranlıqları işığa döndərən hər nə varsa, ona sevinirmi?

Qaynarinfo

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

# # #