Ərini güllələyib Xəzərə atdılar, öz qəbri 57 il sonra tapıldı - Rəsulzadənin baldızı, Azərbaycanın ilk yazıçı qadını haqqında maraqlı faktlar

Ərini güllələyib Xəzərə atdılar, öz qəbri 57 il sonra tapıldı - Rəsulzadənin baldızı, Azərbaycanın ilk yazıçı qadını haqqında maraqlı faktlar
2 fevral 2023
# 12:30

Kulis.az azərbaycanlı şair, yazıçı, repressiya qurbanı Ümmügülsüm haqqında maraqlı faktları təqdim edir.

Sadıqzadə Ümmügülsüm Əbdüləziz qızı 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində doğulub. Məhəmmədəmin Rəsulzadənin əmisi qızıdır. Ailəsi uzun müddət M.Ə.Rəsulzadənin ailəsi ilə bir həyətdə yaşamış, sonralar Ümmügülsümün bacısı Ümmülbanu xanım M.Ə.Rəsulzadə ilə ailə həyatı qurur.

***

Ümmügülsüm 9 yaşından şeir yazmağa başlayır. "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "Qurtuluş”, "Dirilik”, "Məktəb”, "Qardaş köməyi”, "Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri dərc edilir. "Solğun çiçək” hekayəsi "Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülür.

Jurnalın redaktoru, görkəmli yazıçı Seyid Hüseyn onun hekayələri, şeirləri ilə tanış olur, onunla maraqlanır. Ümmügülsümü şəxsən tanımazdan qabaq tez-tez mətbuatda imzasına rast gəlir və həmin dövrdə Azərbaycan qadınlarının azadlığa çıxmasını, hüquqlarının qorunmasını, ictimai işlərdə fəal iştirak etməsini arzulayan Seyid Hüseyn Ümmügülsüm kimi gənc Azərbaycan qadınının bu uğuruna sevinir, onun şəxsiyyəti ilə maraqlanır.

***

Bir müddət sonra həm Seyid Hüseyni, həm Ümmügülsümün ailəsini yaxından tanıyan Hüseyn Cavid C.Məmmədquluzadənin "Ölülər” pyesi birinci dəfə Bakıda səhnəyə qoyulanda teatrda onları tanış edir. Beləliklə Seyid Hüseyn çoxdan bəri maraqlandığı qızı görüb bəyənir.

***

Seyid Hüseynin ailəsi Ümmügülsümə elçi gedir. Elçilikdə Hüseyn Cavid də iştirak edir. İyirminci illərin çətin günlərinin başlanmasına baxmayaraq onlar evlənirlər. Bu evlilikdən cütlüyün dörd övladı dünyaya gəlir.

1918-20 illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, "Türk ordusuna”, "Ey türk oğlu!”, "Çəkil, dəf ol!”, "Əsgər anasına”, "Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”, "Yollarını bəklədim” adlı şeirlər yazır.

***

1920 ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə əlaqədar "Hicran” şeirini, bir müddət sonra isə "Bayrağım enərkən” şeirini yazır.

***

1937-ci ildə Seyid Hüseyn Yazıçılar Birliyinin üzvlüyündən çıxarılır. Ona Xalq düşməni damğası vurulur. 1937-ci ildə iyunun 15-də Şüvəlandakı bağında həbs olunur və ən ağır cəzaya, güllənməyə məhkum olunur. Seyid Hüseyn güllələndikdən sonra onun cəsədi Xəzər dənizinə atılır.

Bundan sonra ailənin ən məşəqqətli, ağır günləri başlanır. Ümmügülsüm də həbs olunaraq əvvəlcə Bayıl həbsxanasına, ordan isə Mordva vilayətinə sürgün edilir. Ümmügülsüm Bayıl həbsxanasında olduğu dövrdə böyük oğlu Oqtay onunla bircə dəfə görüşə bilir. Onun həbsinə əsas səbəblərdən biri də Məhəmməd Əminin əmisi qızı olması olur.

***

Ümmgülsüm sürgündə çox ağır şəraitdə, 20-30 qadınla balaca bir otaqda yaşayır. 1941-ci ildə fəal işçi olduğu üçün uşaqlarına məktub yazmağına icazə verilir. Övladları ilə görüşmək arzusu isə rədd edilir. Onun uşaqlarını Seyid Hüseynin bacısı qızı 21 yaşlı Səyyarə öz öhdəsinə götürüb, həyatını 4 yetim uşağa həsr edir.

Ancaq 1941-ci ildə onun 20 yaşlı oğlu Oqtayı "xalq düşməni”nin oğlu kimi onu Altay diyarına sürgün edirlər. Oqtay bir də Bakıya 1946-cı ildə qayıda bilir. Rəssamlıqla ciddi şəkildə məşğul olur. O, 1991-ci ildə anası Ümmügülsümün portretini yaradır. Bir il sonra isə Xalq rəssamı adına layiq görülür.

***

Düşərgə həyatı boyu Ümmügülsümün tədricən gözləri zəifləyir, səhhətində problemlər yaranır. Amma yaxşı işçi olduğu üçün onu tez, 1944-cü ildə sürgündən azad edirlər.

***

Vətənə qayıdan Ümmügülsümün Bakıda yaşamaq icazəsi olmadığından o, Bakıya qayıdandan 20 gün sonra qızı Qumralla birgə Şamaxıya köçür. Dörd ay sonra isə 15 yaşlı qızının qollarında can verir. Qonşuların köməyi ilə dəfn olunan Ümmgülsümün məzarı qarışıqlığa düşüb itir. 1998-ci ildə övladları onun məzarını tapa bilirlər.

Yazıçının oğlu Çıgatay isə fəhlə batalyonundakı ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutulub 24 yaşında vəfat edir. Kiçik oğlu əməkdar rəssam Toğrul Sadıqzadə 1995-ci ildə, qızı Qumral Sadıqzadə 2010-cu ildə, böyük oğlu Xalq rəssamı Oqtay Sadıqzadə isə 2010-cu ildə vəfat edirlər.

# 6833 dəfə oxunub

Müəllifin son yazıları

# # #