Əməkdar incəsənət xadiminin 90 illiyi keçirildi

Elmira Abasova, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor

Elmira Abasova, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor

22 fevral 2022
# 14:00

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm də pedaqoji fəaliyyətindən söz açıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abasovanın çoxşaxəli yaradıcılığından danışıb, onunla birgə iş fəaliyyətlərindən, Elmira xanımın mühazirələrindən, professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib, onun hər zaman öz işinə ciddi və məsuliyyətlə yanaşdığını vurğulayıb.

Azərbaycanın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Elmira Abasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfranslardan danışıb.

Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova daha çox Elmira Abasovanın pedaqoji fəaliyyətinə istinad edib.

Bildirilib ki, Elmira Abasova 1932-ci il yanvarın 10-da anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirib, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərib.

E.Abasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə ittifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

Musiqişünas-alim, ictimai xadim E.Abasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1977–1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsini icra edib. O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsərlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçirərək yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

Elmira Abasova, eyni zamanda, müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırmışdır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunub.

Tədbirdə Elmira xanımın yaradıcılığı ilə birbaşa əlaqəli olan bəstəkarlar – Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri səslənib.

Sonda Ülviyyə Hacıbəyova Elmira xanımın oğlu, istedadlı bəstəkar Elnar Məmmədovun Fortepiano üçün variasiyalarını və Qara Qarayevin “Eskiz” əsərini təqdim edib.

Sonda Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova hamıya öz təşəkkürünü bildirib.

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #