Əməkdar artist Niftulla Əsgərov dəfn olundu

Əməkdar artist Niftulla Əsgərov dəfn olundu
22 yanvar 2024
# 16:30

Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

Kulis.az xəbər verir ki, aktyor uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.

Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maаrif şöbəsinin özfəaliyyət dram kollektivinin rəhbəri tam kursunu bitirdikdən sonra təhsilini Rostov Pedaqoji İnstitutunda davam etdirib. 1986-cı ildən Lənkəran Mədəniyyət şöbəsində mədəniyyət evinin direktoru vəzifəsində çalışıb. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyorudur.

Teatrda S.M.Qənizadənin "Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin "Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı”nda Çeda, N.Nərimanovun "Nadir şah”nda Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı verib.

Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. APA

# 1087 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #