"Elza məndən yaxşı şairdir" - Yazıçılar Elza Seyidcahanın AYB-yə üzv olmağından danışdılar

"Elza məndən yaxşı şairdir" - Yazıçılar Elza Seyidcahanın AYB-yə üzv olmağından danışdılar
5 iyul 2023
# 12:45

Əməkdar artist, bəstəkar, müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi müzakirələrə səbəb olub. Kulis.az yazıçıların fikirlərini təqdim edir.

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Rəşad Məcid:

Normaldır. Elza Seyidcahan istedadlı bəstəkar və müğənnidir. Fərqli, qeyri-adi təqdimatlar etmək istəyir. Musiqidə də, verdiyi konsertlərdə də, söylədiyi fikirlərdə də şablondan qaçmağa, fərqli olmağa çalışır. Bu isə bəzən təəccüblə, bəzən də aqressiya ilə qarşılanır. Onun şeirlərindən ibarət qalın bir kitabı çap olunub. Şeirlərində də çərçivələri sındırmağa, şablondan qaçmağa çalışır. Bir dəfə onu ittiham edənlərə cavab olaraq Nəsiminin az bilinən, qeyri-adi qəzəlini söyləməsindən təəccüblənmişdim.

İnanmışdım ki, o, bu şeirləri kor-koranə, bilməməzlikdən yazmır. Qəsdən, bilə-bilə şablonları sındırmağa çalışır. Seyidcahanın AYB-yə üzv olmasının sosial mediada bu cür aqressivliklə qarşılanması ədalətsizlikdir. AYB-nin 2000 üzvü var. Elza xanım onların çoxundan istedadlı və orijinaldır.

Aqşin Yenisey: "Din tanrı qədər şeytana da borcludur” – Söhbət

Aqşin Yenisey:

Bir dəfə yazmışam, bir də yazıram, Yazıçılar Birliyi Anar müəllimə sözün həqiqi mənasında rəhmətlik atasından qalıb. Ona görə, özü bilər, istəsə oraya müğənnini üzv edər, istəsə meyxanaçını. Yazıçılar Birliyi bir xanədanlıqdır. Orada baş verənlərə qarışmaq etik baxımdan doğru deyil.

Rasim Qaraca: “Gənclər Yazıçılar Birliyi ilə əməkdaşlıq etməməlidir”

Rasim Qaraca:

Yazıçılar Birliyi indi gülməşəkər olub. Elza Seyidcahanın və ya hər hansısa bir parlaq ulduzun təşkilata üzv olması onsuz da onun keçmişdəki qara ləkəsinin üstünü örtməyəcək. Bu, o təşkilatdır ki, Hüseyn Cavid həbs olunanda bir Xalq şairi (sonradan oğlu da Xalq yazıçısı oldu) "Artıq sıralarımız təmizlənmişdir" yazmışdı. Sabir Əhmədlini, Rafiq Tağını "cəzalandıraraq" öz sıralarından xaric etmişdi. Elza Seyidcahan azca heysiyyəti olsaydı, keçmişin bu ləkəsinə ortaq olmazdı.

Samirə Əşrəf:

Mən pis heç nə görmədim. İroniya ilə yanaşırlar, ancaq Elza Seyidcahan çox istedadlı qadın, çox istedadlı musiqiçidir. Yaxşı musiqi təhsili var. Arif Məlikovdan dərs alıb. Şeirlərinə gülürük, ancaq onlarda qəribə bir intonasiya, ritm var. Şair kimi yox, ancaq yaradıcı insan kimi hansısa quruma üzv olmasında pis, gülməli heç nə yoxdur. Sadəcə onun görüntüsü ənənəvi olmadığı üçün, nə eləsə, gülməli alınır. AYB-ə kimlər üzv olmayıb ki… O niyə olmasın? Oranın o qədər istedadı olmayan üzvüvar ki, Elza Seyidcahan onlardan min dəfə istedadlıdır.

Şəhriyar del Gerani: "Azərbaycanlılar Qurana inanmır" - Müsahibə

Şəhriyar Del Gerani:

Çox gözəldir münasibətim. Elza məndən yaxşı şairdir. Mən üzv ola bilərəm, o yox? İki ədəd şeir də mənə həsr edib. Üçüncü şeiri gözləyirəm. Elza xanıma təbriklər və eşqlər!

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…

Şərif Ağayar:

Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv seçilməsi qeyri-adi hadisə deyil. Ora Elzadan dəfələrlə istedadsız adamları üzv ediblər. Səmimi deyim, Elza orada çoxundan istedadlı və yaxşı adamdır. Həm də o, yaxşı musiqiçi olduğu üçün şeirlərində heç olmasa, təzə intonasiya, alliterasiyalar var. AYB-də mütərəqqiliyə aidiyyəti olmayan dəstə-dəstə var. Mənə elə gəlir ki, Elzanın AYB-yə üzv olması Yazıçılar Birliyini yox, Elzanı hörmətdən salacaq. Özü bu seçimi edib. İndi də buyursun. Nə demək olar? İctimai təşkilatdır, Elza da üzv olmaq istəyib, olub. O cür istedadlı adam özündən qat-qat istedadsız adamdan - Çingiz Abdullayevdən üzvlük vəsiqəsini almaqla fəxr edir. Nə deyək? Uğurlu olsun. Görünür, onları yaxşı tanımır.

Şuşaya təşkil olunan turları niyə qınayırlar? – Ulucay Akif yazır...

Ulucay Akif:

Mən bu hadisəyə müsbət baxıram. Yazıçılar Birliyində çatışmayan şey yenilik, dinamika, fərqlilikdir. Bunların hamısı Elza Seyidcahanda var. Ola bilər ki, yazdıqları birmənalı qarşılanmır, amma müzakirə olunur. Nə yalan deyim, mənə Elza xanımın şeirləri çox maraqlı gəlir. Tamam fərqli dalğada yazır. Bir şeirindən kiçik nümunə göstərim:

"Qazıb, qazıb
deşdim dibini
qazanın.
Kəfkirim azıb
dibi deşik qazandan
çıxdı havaya,
mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya".

Çox gözəl şeirdi! Sözü duyan, mənanı görən adamın bu şeiri bəyənməməsi mümkün deyil.

Kütlənin Elza xanımın şeirlərinə lağ etməyinə gəldikdə isə... Bu, həmin kütlə deyil ki, milyonlarla baxışı meyxanaçılara, üzeyirmehdizadələrə verir, toylarına şəbnəmtovuzluları, manafağayevləri çağırır? Hansı zövqdən, hansı sənətdən danışa bilər bu kütlə? Guya bu kütlə əsl şeirin nə olduğunu bilir ki, Elza Seyidcahanın şeirlərinə lağ edir?

Həm də, kitab oxumayan cəmiyyəti Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması niyə narahat edir ki? Guya Elza Seyidcahan ora üzv olsa, sizin üçün nə dəyişəcək, üzv olmasa, nə dəyişəcək?

Əslində, narahat etmir. Sadəcə danışmağa mövzu lazımdır.

Yenə deyirəm, kitab oxumayan cəmiyyəti belə şeylər narahat edə bilməz. Elza xanımı təbrik edirəm.

Bir qara gözəlin mavi göz yaşı – Xəyal Rzanın şeirləri

Xəyal Rza:

Elza Seyidcahan istedadlı adamdır. Gözəl sənətkardır. Təbrik edirəm.

Ramil Əhmədin yeni kitabı çap olundu

Ramil Əhməd:

Elza xanımın Yazıçılar Birliyinə üzv olması gündəm olacaq, sorğu ediləcək bir məsələ olmamalıdır, mənə görə. Məsələyə səthi yanaşmayaq. Birliyin XIII Qurultayındakı çıxışımda bu qədər çox üzvün olmasını istəmədiyimi demişdim. Üzvlük təbii olaraq yeni arzular, istəklər, tələblər və haqları da bərabərində gətirir. Bu da sonradan xoş mənzərə yaratmır. Üzv olanlar bu addan tamam başqa müstəvilərdə istifadə edir, öz yazarlığına ciddiyyət imajı vermək istəyirlər. Bunun həll yolu nədir? Əslində, asan kimi görünsə də, elə deyil. Burada nəşriyyatların mətbəə funksiyasını icra etməsi məsələsi yenidən gündəmə gəlməlidir. Bu gün istənilən şəxs kitab nəşr etdirmək imkanına sahibdir. Ölçünü, meyarı qoruyub saxlayan nəşriyyatımız yox dərəcəsindədir. Elə adam var ki, 8-10 kitabı var və birliyə üzv olmaq istəyir. Seçim necə olsun? Burada riyazi dəqiqliklə seçim etmək mümkün deyil.

"Bu gün müğənni Elza Seyidcahan AYB-nin üzvü oldu, fikirləriniz nədir?" sualı problemin təməl sualı deyil. Sualları doğru müəyyən etməyənə qədər cavablarımız yanlış olacaq. Amma əgər təkidlə bu sualı verirsinizsə, üzv olanın kimliyindən aslı olmadan istifadə edə biləcəyiniz cavabımı da deyim: Bilənlər yazarlığın vəsiqə ilə yox, mətnlə təsdiq tapdığını bilirlər, bilməyənlərin də canı sağ olsun.

Oyat bu utancağı – Rəbiqədən Erotik Şeir

Rəbiqə Nazimqızı:

Normal baxıram. Axtarsan, hər yerdə olduğu kimi, orada da Elza kimi, ondan pis, ondan nisbətən yaxşı və müqayisəyə gəlməyəcək dərəcədə yaxşı yazanlar az deyil. Sadəcə mənə maraqlıdır ki, Elza xanıma və AYB-yə bu nə verəcək? Məncə, hər iki tərəf üçün də heç nə.

Tanrı sonuncu insanla birlikdə öləcək” - Bir cümləlik hekayələr

Tural Turan:

Bu münasibətlə AYB sədri Anar Rzayevi, qurumun sədrinin birinci müavini Rəşad müəllim Məcidi ürəkdən təbrik edirəm! Elza xanıma Yazıçılar Birliyinə üzvlük üçün təqdimat yazan professorumuz Nizami müəllim Cəfərovu böyük hərflərlə salamlayıram. Fikrimcə, dünya ədəbiyyatı adına çox böyük hadisədir. Elza xanıma bundan sonrakı dərin yaradıcılıq axtarışlarında uğurlar arzulayıram. Məndə olan məlumata görə, Elza xanım Seyidcahan qarşısına məqsəd qoyub ki, tezliklə Buker, daha sonra Nobel mükafatlarını ölkəmizə gətirəcək. Böyük sənətkara dəstəyimizi əsirgəməməliyik. Mən Elza xanımdan xahiş edərdim ki, musiqi sahəsində olduğu kimi poeziya sahəsində də yenilikləri ard-arda sıralasın və heyvanlar üçün şeir gecəsi təşkil etsin. Hələ də heyvanlar üçün təşkil etdiyi konsert proqramı ilə bütün dünyada musiqimizi necə təmsil etməsindən danışılır.

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

Elzanı çox istəyirəm. Ona hər şey olar. Elza xanım gözəl bəstəkardır. Çox bəyəndiyim mahnıları var. Şeirlərinə gəlincə, insanların üzünü güldürür. Yəqin ki, Elza xanımın poeziyada missiyası da budur. Elza xanımın poetik zövqünə inanıram, belə olmasaydı, mahnılarının sözləri qəlbə toxunmazdı. Nəğmələrinin sözlərində xeyli zövqlüdür. AYB məsələsi nə məsələdir bilmirəm, yəqin bu da Elza xanımın qəribə bir addımıdır. Əsas odur ki, bu xanım maraq doğurur. Hər zaman maraqlıdır. Onu bu cür də xatırlayacaqlar.

# 16476 dəfə oxunub

Müəllifin son yazıları

# # #