Əli Kərimin ən məşhur şeiri

Əli Kərimin ən məşhur şeiri
26 dekabr 2023
# 18:40

Kulis.az Əli Kərimin “Qaytar ana borcunu” şeirini təqdim edir.


Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü - ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına...
Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
Atlını atdan salıb küləklərlə ötüşür.
Baxışından qızların ürəyinə od düşür.
Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: "Gör neçə aya getdi?!"
Ana yuxularında tez-tez Bakıya getdi,
Ana məktub yazdı ki: "Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı".
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu,
Ananı fikir aldı, ananın əsdi dizi
Ana müqəssir etdi, tramvayı, dənizi.
O yenə dözdü, durdu... O yolmadı saçını,
Səsləri qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya xdı,
Ana da məktubların dalınca baxdı, baxdı...
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.
Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
Oğul böyütdümü o büzmədodaq bir qıza?
Oğul böyütdümü o. min işvəyə, min naza?
Ana bilsəydi əgər böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti gülüşü anan verib,
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!

# 3998 dəfə oxunub

Müəllifin son yazıları

# # #