Ələsgər Ələkbərov onu şillələdi, sevdiyi qadın tərk etdi, “Ögey ana” filminə görə ölümlə üzləşdi – Xalq artistimiz haqqında maraqlı faktlar

Ələsgər Ələkbərov onu şillələdi, sevdiyi qadın tərk etdi, “Ögey ana” filminə görə ölümlə üzləşdi – Xalq artistimiz haqqında maraqlı faktlar
16 fevral 2023
# 21:00

Kulis.az Xalq artisti Murad Yagizarov haqqında maraqlı faktları təqdim edir.

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Uşaqlığı Bakının Sovetski adlanan məhəlləsində keçib. Onun ana tərəfdən ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olub.

***

Aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra ailəsi ilə birgə Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib, əslən Şamaxıdan olan Tamara xanımla ailə həyatı qurur. Hacı Murad evin tək övladı olur.

Uşaqlıqdan aktyorluq sənətinə maraq göstərən Hacı Muradın əslən dağıstanlı olan atası onun bu istəyinə etiraz edir. O, oğlunun öz qohumları kimi zərgər, diş həkimi olmasını istəyir. Lakin anası Tamara xanım oğlunu dəstəkləyir. Bir müddət sonra onun valideynləri ayrılır.

***

Hacı Murad dram dərnəklərində çıxış etməyə başlayır. Onun çıxışını izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. Hacı Murad M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. 1962-ci ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına işə düzəlir.

***

Ələsgər Ələkbərov sonralar da aktyorun sənət həyatında uğur qazanmasında ciddi rol oynayır. Belə ki, aktyorla Ələsgər Ələkbərov uzaq qohum olublar. Hacı Muradın kinoya gəlişində isə böyük aktyor birbaşa iştirak edib. Onun məsləhəti ilə Hacı rejissor Həbib İsmayılovun ekranlaşdırdığı "Ögey ana" filminə sınaq çəkilişi olmadan təsdiq edilir. Aktyor müsahibələrinin birində bu haqda deyir:

"Ögey ana" filminin növbəti çəkilişlərinin birində öz atımı dəyişib başqa bir at mindim. Baxmayaraq ki, o qədər də yaxşı atçapan deyiləm, ata mindim. Atlar isə bunu dərhal hiss edirlər. Nə isə, atın üstünə oturan kimi elə götürüldü ki, uçurumun kənarında yüyənini çəkib birtəhər saxlaya bildim. Yadıma düşdü ki, atı ram eləmək üçün gərək onu yorasan. Ona görə də onu dağa dırmaşdırmağa başladım. Həmin oğlanlar isə atın məni uçurumun kənarına apardığını görüb qorxmuş, gedib Ələsgər Ələkbərova xəbər vermişdilər. Mən qayıdanda elə yorulmuşdum ki, atdan güclə düşdüm. Ələsgər Ələkbərov bu vəziyyətdən elə həyəcanlanmışdı ki, mənə bir şillə çəkdi, dedi ki, bir iş görəndən əvvəl fikirləşmək lazımdır. Sonra da özünü saxlaya bilməyib ağladı”.

Xalq artisti üç dəfə ailə qurub. Məşhurluğunun zirvəsində olan zaman o, bir gürcü xanımla tanış olur və ona dəlicəsinə vurulur. Aktyor özü həmin günləri xatırlayarkən deyir:

“Mənim ilk məhəbbətim həm də ilk həyat yoldaşım gürcü qızı olub. Onu uzun müddət sevdim. Rusiyada tanış olmuşduq. Onun dərdindən dəliyə dönmüşdüm. Həmin xanım aktyorluq fakültəsini bitirmişdi. Atası Gürcüstanın tanınmış teatr rejissoru, qardaşları kinorejissor idi. Onu mənə vermək istəmirdilər. Böyük mübahisələrdən sonra, bizə evlənmək qismət oldu. Bakıya gəldik. İngilis dilini gözəl bildiyindən Kinematoqrafiya İdarəsində xarici dillər üzrə baş məsləhətçi vəzifəsində çalışırdı. Bütün xarici filmləri ingilis dilindən rus dilinə tərcümə edirdi. Sonralar mənim razılığımla rejissorluq fakültəsini də bitirdi. Amma Gürcüstanı çox sevirdi. Vətənindən qopa bilmirdi. Ona görə də, 5 gün burda, 5 gün orda olurdu. Mən də yollarda qalmışdım. Gedirdim, gəlirdim. Təbii ki, ailəni belə davam etdirmək çətin idi. Onun atası məni Gürcüstana dəvət elədi və təklif etdi ki, mənim üçün bütün şəraitləri yaradacaq. 3 otaqlı ev, maşın, teatrda da bütün baş rollar mənim olacaqdı. Mən düşündüm və başa düşdüm ki, bu həyat gözəldir, amma mənim üçün deyil. Mən ikinci planda qala bilmərəm. Axı, mən də Bakımı çox sevirdim. Mənim də anam, doğmalarım burada yaşayırdı. Onları qoyub gedə bilməzdim. Həm də mənə ağır gəlirdi ki, kişi olan qadına sığınıb yaşamaz. Mənim ad-sanım, şöhrətim var. Bunların hamısı vətənimə aiddir. Belə məsələlərə görə bizim ailəmiz dağıldı. Ondan övladım olmadı”.

“Ögey ana" filmi aktyorun kinoda ilk böyük işi olsa da, o, ilk dəfə "Uzaq sahillərdə" filmində partizan rolunu ifa edib. Hərçənd, aktyor "Uzaq sahillərdə" filmində Mixaylo roluna sınaq çəkilişlərindən keçsə də, Mixaylo rolu üçün çox cavan olduğundan rola təsdiq olunmayıb.

***

Aktyora ən böyük uğur gətirən rol isə "Arşın mal alan" filmindəki Süleyman obrazı olur. O, özü bu filmə çəkilməsinin tarixini belə xatırlayır:

“Əslində, Tofiq Tağızadə bu filmdə məni Əsgər rolunda çəkilməyə dəvət etmişdi. Çəkiliş meydançasına gələndə Həsən Məmmədovu gördüm. Öyrəndim ki, onu da Əsgərə sınaq çəkilişlərinə çağırıblar. Həsənlə dost idim, aktyorluq fakültəsində birlikdə oxumuşduq. Ona görə Tofiq müəllimə yaxınlaşıb dedim ki, "Mən ssenarini oxudum. Süleyman rolu daha çox ürəyimə yatır". Doğrudan da, Süleyman mənə ruhən yaxın idi. Tofiq Tağızadə "Sən nə danışırsan? Əsgər əsas roldur, baş roldur. Mən səni Əsgərə çəkmək istəyirəm" deyirdi. Süleyman bəy rolu üçün 18 aktyor sınaq çəkilişlərinə dəvət edilmişdi. Onların arasında Nodar Şaşıqoğlu, Məlik Dadaşov, Səyavuş Aslan var idi. Əsgər roluna isə Rəşid Behbudov çəkilmək istəyirdi. Tofiq müəllim ikinci "Arşın mal alan"da cavanları çəkmək niyətinı gizlətmirdi. Məni qrimlədilər, bığımın üstünə əlavə bığ yapışdırdılar. Amma, ilk dublda heç nə alınmadı. Kənardan mənə zillənən baxışların altında elə bil əzilirdim. Tofiq Tağızadə məni çəkmək istəyirdi. Ona görə mənə yaxınlaşıb, "Sənə nə mane olur axı? Özünü ələ al" dedi. Mən "Əlavə yapışdırılan bığlar mənə mane olur" dedim. Tofiq Tağızadə həmin dəqiqə bığları çıxartdırdı. Doğrudan da, ilk dubl uğurlu oldu. 24 yaşım var idi. Amma, məni qrimləyib, bir az qocaltdılar”.

Hazırda ailəsi ilə birgə Almaniyada yaşayan aktyor mütaliə etməyi, xatirələrini qələmə almağı çox xoşladığını deyir. O, Almaniyada "Şpeyer və O", "Şübhə altında" və Almaniyada fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar İmanovun "Məkkə" filmlərinə çəkilib. Hər iki filmdə o, rusdilli obrazlar yaradıb. Alman dilini mükəmməl bilməməsi isə onun aktyor kimi fəaliyyətini məhdudlaşdırıb.

***

H.M.Yagizarov Çexiyada, Gürcüstanda, Almaniyada 40-dan çox filmə də çəkilib. Aktyor 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti adlarını alıb, 1986-cı ildə Dövlət Mükafatına layiq görülüb.

# 2741 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #