Elçibəy hansı şairimizi İsa Məsihə oxşatdı? – Maraqlı Faktlar

Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy

24 iyun 2022
# 21:00

Bu gün eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Yəqin, çoxları Elçibəyin şərqşünas olduğunu bilmir. O, nə qədər siyasət adamı kimi tanınsa da, ixtisasına uyğun olaraq sözə və ədəbiyyata çox bağlı idi. Ən yaxın dostları içində ədəbiyyat adamları xüsusi yer tuturdu. Sizə təqdim etdiyimiz bu faktlarda da daha çox Elçibəyin ömrünün bu məqamlarına işıq tutmağa çalışmışıq.

1. Ömründə bir dəfə təntənəli ad günü keçirib. 1999-cu ildə. Sonra məlum olub ki, bu, özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulmuşdular və Nəcəf müəllim xəstə olduğu üçün bu, onun sonuncu ad günü olar bilərdi. Elçibəy də onu son ad günündə sevindirməyə çalışmışdı. Doğrudan da belə oldu. Nəcəf müəllim növbəti ad gününü görmədi. Elçibəy isə cəmi bir ad günü yaşadı. Onu da xəstəliklə çarpışa-çarpışa...

2. Şairlərimizdən biri Elçibəyin prezident olduğu vaxt aparata zəng edib:

Bəyə qoşun məni!

Qoşurlar. Şair deyir:

Bəy, “Nərimanov” metrosu tərəfdəyəm, yeyib-içirik, pulumuz çatmır, mümkünsə mənə 100 dollar göndərin...

Image result for əbülfəz Elçibəy

3. Rüstəm Behrudi Kələkidə müəllim işləyən vaxt kirayədə qalırmış. 1979-cu ildə Elçibəyin toyu vaxtı qapı döyülür. Gələn Elçibəylə Vaqif Bayatlıymış. Elçibəy şairləri tanış eləyir və Vaqifə deyir:

Rüstəm mənim dostumdu, onun şerilərinə bax, mümkünsə “Ulduz” jurnalında çap elə.

Orda toy gedir, burda Elçibəy şairlərlə oturub çay içə-içə ədəbiyyatdan danışırmış.

4. “Nu poqadi” kafesində həmişə ədəbiyyatçılarla oturub-durub Kamil Vəli Nərimanoğlu, Vidadi Məmmədov, Natiq Səfərov, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudi və s. Vaqif Bayatlıya “İsa Məsihə oxşayırsan” deyib və bundan sonra Vaqif daha çox “göy şeirləri” yazıb. Rüstəm Behrudiyə isə ilk dəfə “Türk dünyasının böyük şairi” deyə müraciət edib. Bundan sonra Rüstəm Behrudi də daha çox türkçü şeirlər qələmə alıb.

5. Elçibəy haqqında ən məşhur şeiri Ramiz Rövşən yazıb. Çoxu elə bilir ki, şeir Elçibəyin prezidentliyi dövründə yazılıb. Halbuki elə deyil. Bu şeir Elçibəyin prezidentliyindən çox-çox sonralar, haqlı və haqsız tənqid olunduğu zamanlarda yazılıb.

Kubik daşıyan dustaq, küçədən zəng edən şairə araqpulu verən prezident –  Elçibəy haqda bilmədiklərimiz

6. Şərqşünas olduğu üçün sufi-təsəvvüf şeirlərini həm xalq, həm klassik çox yaxşı bilirdi. Bir çox şairlər, yazıçılar sovet vaxtı qeyri-rəsmi qadağa qoyulan bu mətləbləri onun məclislərində öyrəniblər.

Image result for elçibəy

7. Deyilənə görə, gənc yaşlarında kənddə ona bir qız vurulubmuş. Toyların birində Elçibəy qızı him-cimlə mağardan çölə çağırır. Sevgi etirafı ümidi ilə çölə qaçan qız gözləmədiyi sürprizlə qarşılaşır: Elçibəy müstəqil Azərbaycanın üçrəngli bayrağının fotosunu ona göstərib, 1918-ci il Cümhuriyyətindən danışır...

8. Mötəbər tədbirlərin birində şair Murad Köhnəqala o zamankı Daxili İşlər naziri İsgəndər Həmidovla əlbəyaxa olur. Polislər Murad Köhnəqalanı tutub aparırlar. Elçibəy məsələdən halı olan kimi zəng edib şairi təcili azad edir.

9. Elçibəy dindar deyildi. Ancaq dostlarının dediyinə görə, Ramazan aylarında namaz qılır, oruc tuturdu.

10. Özünün qəribə etirafı: "Gəncliyimdə sevdiyim qızlar Cəfər Cabbarlının obrazları ilə adaş idilər: Sevinc, Sevil, Gülər".

# 11832 dəfə oxunub

Müəllifin son yazıları

# # #