Bu gün dünyaca məşhur Ceyms Bond xarakterinin yaradıcısı və romanlarının müəllifi, ingilis yazıçı Yan Fleminqin anım günüdür.
Kulis.az yazıçının həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
Dünya kino və ədəbiyyat tarixində elə obrazlar var ki, onlar yaradıcılarının adını aşaraq qlobal mədəniyyətin müstəqil simvoluna çevrilirlər. Bu cür müstəsna fiqurların önündə, şübhəsiz ki, Britaniya xüsusi xidmət orqanlarının əfsanəvi əməkdaşı - "Agent 007", yəni Ceyms Bond dayanır. XXI əsrdə də öz cazibəsini, üslubunu və təsir gücünü qoruyub saxlayan bu məşhur obrazın arxasında isə qeyri-adi ömür yolu keçmiş ingilis yazıçısı və jurnalisti Yan Fleminq durur.
Yan Lankaster Fleminq 28 may 1908-ci ildə Londonda, parlament əyanı Valentin Fleminq və Evelyn St. Kroix Rosanın ailəsində dörduşaqlı evin ikinci övladı olaraq dünyaya gəlib. Nüfuzlu aristokratik çevrədə böyüyən Fleminqin qohumluq əlaqələri də maraqlı faktlarla zəngindir; məsələn, məşhur aktyor Kristofer Li onun ögey əmisi oğlu idi.
Təhsilini Durnford Məktəbində başlayan Fleminq, daha sonra Eton Kolleci, Sandhurst Hərbi Akademiyası, eləcə də Cenevrə və Münhen universitetlərində davam etdirib. Eton illərində məktəbin ən yaxşı idmançısına verilən "Victor Ludorum" mükafatına layiq görülsə də, hərbi intizamın özünə uyğun olmadığını anlayaraq fərqli sahələrdə şansını sınamağa qərar verib. "Reuters" xəbər agentliyində jurnalist kimi fəaliyyətə başlayan Yan, burada qələmini itiləşdirib və analitik yazı bacarığını təkmilləşdirib.

Lakin onun həyatının əsas dönüş nöqtəsi İkinci Dünya müharibəsi illəri oldu. Britaniya Dəniz Qüvvələrinin kəşfiyyat bölməsində Admiral Con Henri Qodfrinin (John Henry Godfrey) köməkçisi işləyən Fleminq, 1944-cü ildə "30 Commando" adlı elit hərbi birliyin yaradıcılarından biri və birbaşa rəhbəri oldu. Müharibə dövründə şahid olduğu real kəşfiyyat əməliyyatları, kod adları, gizli strategiyalar və təhlükəli diplomatik gedişlər sonradan yazacağı Bond romanlarının möhkəm bünövrəsini təşkil etdi.
Müharibə başa çatdıqdan sonra Yan Fleminq real həyatda gördüklərini bədii təxəyyülü ilə birləşdirərək ədəbiyyatda tamamilə yeni bir cərəyanın əsasını qoydu. 1952-ci ildə Yamaykada Anne Karteris ilə ailə həyatı quran yazıçı (bu nikahdan Kaspar Robert Fleminq adlı bir oğlu dünyaya gəlmişdi), Yamaykadakı "Goldeneye" mülkündə öz ilk romanını qələmə aldı.
1953-cü ildə nəşr olunan “Casino Royale” romanı ilə oxucuların qarşısına ilk dəfə Ceyms Bond çıxdı. Fleminq 1953–1966-cı illər arasında ümumilikdə 12 roman və 2 qısa hekayə toplusu yazdı. Onun ölümündən sonra işıq üzü görən "The Man with the Golden Gun" və "Octopussy and The Living Daylights" əsərləri isə bu unikal seriyanın yekun akkordları oldu.

Fleminq yalnız casus romanları ilə məhdudlaşmırdı. O, 1964-cü ildə uşaqlar üçün yazdığı və sonradan kassa rekordu qıran filmə çevrilən “Chitty Chitty Bang Bang” nağıl-romanının, eləcə də “The Diamond Smugglers” (1957) və “Thrilling Cities” (1963) kimi publisistik əsərlərin də müəllifidir. Yazıçının araşdırmaçı ruhunu göstərən ən maraqlı yazılarından biri isə 1955-ci ildə Türkiyədə baş verən 6-7 Sentyabr hadisələrindən bəhs edən “İstanbulda böyük qarışıqlıq” məqaləsidir.
Ceyms Bond sadəcə sıradan bir xüsusi xidmət əməkdaşı deyildi. O, soyuqqanlı, iti zəkalı, təhlükə qarşısında cəsarətli, eyni zamanda dəbdəbəli həyatı, bahalı geyimləri, kokteylləri və idman avtomobillərini sevən xarizmatik bir obraz idi. "00" indeksi ona dövlət tərəfindən verilmiş "öldürmək icazəsi"ni simvolizə edirdi. Maraqlıdır ki, Fleminq bu obraza ad seçərkən məqsədli şəkildə ən sadə və sıradan adı — amerikalı ornitoloq (quşşünas) Ceyms Bondun adını seçmişdi ki, obrazın ətrafındakı hadisələr daha qabarıq görünsün.

1962-ci ildə "Dr. No" filmi ilə Böyük Ekrana qədəm qoyan Bond, kino sənayesində görünməmiş bir inqilab etdi. Şon Konneri (Sean Connery) ilə başlayan bu kino marafonunda sonradan Corc Lazenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq kimi ulduzlar Agent 007 obrazına heyat verdilər. Bu layihə kinematoqrafiya tarixinin ən uzunömürlü və ən çox gəlir gətirən kino franşizalarından birinə çevrildi.

Zəngin və dəbdəbəli həyat tərzi sürən Fleminq, təəssüf ki, zərərli vərdişlərdən — intensiv siqaret və spirtli içki istifadəsindən imtina edə bilmədi. 1961-ci ildə ilk infarktını keçirən yazıçı, 1964-cü ilin 12 avqustunda baş verən ikinci ürəktutması nəticəsində 56 yaşında Kent şəhərində dünyasını dəyişdi.
Ancaq Yan Fleminqin fiziki yoxluğu "Agent 007"nin zəfər yürüşünü dayandıra bilmədi. Onun ölümündən sonra Kinqsli Amis, Con Qardner, Raymond Benson kimi görkəmli yazıçılar Bond haqqında yeni romanlar yazmaqla seriyanı yaşatdılar.
Bu gün Ceyms Bond obrazı təkcə ədəbiyyat və kinonun deyil; dəb, avtomobil sənayesi, musiqi və populyar mədəniyyətin ayrılmaz hissəsidir.
Yan Fleminq öz unikal təcrübəsini və bədii zövqünü tək bir obrazda cəmləşdirərək, müasir Qərb mədəniyyətinə xüsusi bir möhür vurdu və adını dünya ədəbiyyatı və kino tarixinə qızıl hərflərlə həkk etdi.