Dünya alimləri Heydər Əliyevin işığında: ADU-nun beynəlxalq konfransı

Dünya alimləri Heydər Əliyevin işığında: ADU-nun beynəlxalq konfransı
19 may 2025
# 14:04

Azərbaycan Dillər Universitetinin rektor müşaviri Coşqun Dadaşovla Cavid Zeynallının söhbəti təqdim edirik

Cavid Zeynallı: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı Beynəlxalq Konfrans uğurla başa çatdı. Universitetimizin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və ideya müəllifliyi ilə artıq səkkizinci dəfə keçirilən konfrans həm çətin, həm də çox məsuliyyətli bir tədbir idi. Hesab edirəm ki, Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi bu çətin, məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Ən önəmli məqamlardan biri ondan ibarət idi ki, konfransın panel müzakirələrində dünyanın müxtəlif nüfuzlu universitetlərindən olan 40-dan artıq tanınmış alim iştirak edirdi. Gəlin, bu barədə ətraflı danışaq.

Coşqun Dadaşov: Təbii ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş və artıq Azərbaycan Dillər Universitetində ənənəyə çevrilmiş VIII Beynəlxalq Elmi Konfransın keçirilməsi olduqca əlamətdar hadisə oldu. Bu konfrans, əlamətdar olması ilə yanaşı, eyni zamanda üzərimizə böyük məsuliyyət qoyurdu. Mənim fikrimcə, konfransı üç mərhələyə bölmək olar: konfransdan əvvəlki hazırlıq dövrü, konfransın keçirildiyi dövr və konfransdan sonrakı mərhələ.

Builki konfransın xüsusi çəkisi ondan ibarət idi ki, ilk dəfə olaraq xarici ölkələrdən gələn iştirakçıların sayı 40-dan çox idi. Qonaqların arasında nüfuzlu universitetlərin rektorları iştirak edirdi. Məsələn, Türkiyədən Ankara Universitetinin rektoru Necdet Ünüvar, Pakistanın Müasir Dillər Universitetinin rektoru general Şahid Mahmud Kayani, İtaliyanın Peruca Əcnəbilər Universitetinin rektoru, professor Valerio de Cesaris iştirak edirdilər.

Bizim üçün ən qürurverici məqamlardan biri ondan ibarət idi ki, bu insanların hər birinin gözündə Azərbaycana olan dərin məhəbbət və Ümummilli liderin irsinə olan böyük maraq aydın sezilirdi. Hər bir iştirakçının simasında Heydər Əliyev irsinə, onun irsinin araşdırılmasına və təqdim olunmasına olan ehtiramı görmək mümkün idi. Ulu öndər bizim xalqımız üçün bir simvol, bir arxetipdir və biz bu təsviri iştirakçıların münasibətində dəfələrlə müşahidə etdik.

Konfrans zamanı əldə etdiyimiz mühüm nailiyyətlər də diqqətəlayiqdir. Artıq hər kəsə məlumdur ki, Azərbaycan Dillər Universiteti beynəlxalq nüfuzunu gündən-günə artırır. Bu nüfuz yalnız ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrdəki tanınmış universitetlər tərəfindən də qəbul olunur. Bu proses, ölkə başçımızın həyata keçirdiyi təhsil siyasətinin mühüm tərkib hissəsidir.

Universitetimizin beynəlmiləlləşmə strategiyası çərçivəsində həyata keçirilən işlər – beynəlxalq test mərkəzlərinin, dil mərkəzlərinin yaradılması bizim üçün strateji hədəfdir. Universitetimizin rektoru akademik Kamal Abdullanın bizim üçün müəyyən etdiyi hədəflərin artıq bir neçəsinə çatmaqdayıq.

Bu konfrans çərçivəsində mühüm hadisələrdən biri də universitetdə iki yeni beynəlxalq dil mərkəzinin fəaliyyətə başlaması oldu. Konfransın ilk günü Azərbaycan Dillər Universiteti ilə Peruca Əcnəbilər Universiteti arasında əməkdaşlıq çərçivəsində İtalyan Dili Mərkəzinin nəzdində CELI imtahan mərkəzinin rəsmi açılışı baş tutdu. Peruca Əcnəbilər Universitetinin rektoru, professor Valerio de Cesarislə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. CELI imtahan mərkəzinin rəsmi açılışında İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko iştirak etdi. Həm universitetin professor-müəllim heyəti, həm də tələbələr üçün bu imtahan mərkəzinin açılması olduqca əhəmiyyətli hadisədir. Hətta bu imkanlardan ölkəmizin digər universitetlərinin tələbələri də faydalana biləcək.

Konfransın digər mühüm hadisəsi isə 7 may tarixində – konfransın son günü baş tutdu. Bu tarixdə Ankara Universiteti ilə birlikdə TÖMER – Türk dili öyrətim mərkəzinin Azərbaycan Dillər Universitetində fəaliyyətə başlaması reallaşdı. Ankara Universitetinin rektoru Necdet Ünüvarla Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Açılış mərasimində Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak etdi. Ankara Universiteti, bildiyimiz kimi, regionun və dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Bu mərkəzlərin fəaliyyətə başlaması ulu öndərin əbədi irsini yaşadan konfransın nəticəsi olaraq bizi çox sevindirdi. Beləliklə, Azərbaycan Dillər Universiteti artıq rəsmi olaraq iki beynəlxalq dil mərkəzinin – CELI və TÖMER – sertifikatlarını təqdim etmək statusuna sahib oldu. Bu, təkcə bizim üçün deyil, həm də universitetimizi sevən hər kəs üçün böyük sevincdir.

Cavid Zeynallı: Sevindirici haldır ki, konfransa olan maraq ildən-ilə artır. Azərbaycan Dillər Universitetinin qonağı olan müxtəlif universitetlərin professorları ölkəmizdəki multikultural mühiti yüksək qiymətləndirirlər. Eyni zamanda, universitetimizin tələbələri haqqında da çox müsbət fikirlər səsləndirirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, universitetimizin qonağı olan müxtəlif ölkələrin diplomatları və səfirləri tələbələrimizin dil bacarıqlarını yüksək dəyərləndirirlər. Budəfəki konfransda iştirak edən müxtəlif universitetləri təmsil edən nümayəndələrə tələbələrimizin dil bilikləri ilə bağlı suallar ünvanladım və bizi sevindirən cavablar aldım. İstərdim ki, konfransın ideya müəllifi olan Kamal müəllimin bu təşəbbüsünün – azərbaycançılıq, azərbaycanşünaslıq və ümummilli liderin multikultural dünya, multikultural Azərbaycan istiqamətində atdığı addımların davamlılığı ilə bağlı fikirlərinizi bölüşəsiniz.

Coşqun Dadaşov: Təəssüf hissi ilə qeyd etməliyik ki, qloballaşan dünyada bir sıra dövlətlər arasında münaqişələr və gərginliklər müşahidə olunmaqdadır. Belə bir vəziyyətdə Azərbaycanda sabitlik, sülh və əmin-amanlıq hökm sürür. Bu, bizim xalqın milli yaddaşından gələn dəyərlərə söykənir. Kamal müəllimin ideya kimi irəli sürdüyü Azərbaycan multikulturalizmi konsepsiyası, əslində, Azərbaycan xalqının genetik yaddaşında, arxetiplərində tarixən mövcud olan bir anlayışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə multikulturalizmin əsas prinsipləri müəyyən edilib və bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirərək multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldib.

Bu gün müxtəlif dinlərə, millətlərə və irqlərə mənsub olan insanların – konfransa 40-dan artıq ölkədən gəlmiş iştirakçıların – dilindən Azərbaycan multikulturalizminin əzəməti və möhtəşəmliyi ilə bağlı dəyərləndirmələr eşidildi. Onlar bu dəyərləri hazırkı dünyadakı mənfi mənzərə ilə müqayisə edərək Azərbaycanın nümunəvi mövqeyini vurğuladılar.

Konfrans bölmələrində multikulturalizm və tolerantlıqla bağlı çox ciddi və məzmunlu müzakirələr aparıldı. Mən hesab edirəm ki, bu prinsiplər, yəni multikulturalizm və tolerantlıq, bu gün artıq məhz Azərbaycandan dünyaya yayılan bir dəyərlər sistemidir. Universitetimizin rektoru Kamal müəllimin bu sahədəki ideyası bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Mən bir məsələyə xüsusi toxunmaq istərdim. Qeyd etdim ki, konfransın üç mərhələsi mövcuddur – konfransdan əvvəlki dövr, konfransın keçirildiyi dövr və konfransdan sonrakı dövr. Mən özüm də təşkilat komitəsinin üzvü kimi, konfransdan aylar öncə təqdim edilən materialların dəyərləndirilməsindən tutmuş tədbirin bu qədər möhtəşəm şəkildə keçirilməsinə qədər bütün prosesdə fəal iştirak etmişəm. Kamal müəllimin bu mərhələdə bizə verdiyi xüsusi tapşırıqlar və tövsiyələr bizim üçün istiqamətverici oldu. Konfrans müddətində əldə olunan nailiyyətlər barədə yəqin ki, artıq müxtəlif informasiya vasitələrindən məlumat əldə etmisiniz. Amma konfransdan sonrakı dövr – bu, ən vacib mərhələlərdən biridir. Mənə elə gəlir ki, konfransdan sonrakı dövrün real bəhrələrini biz yalnız bir neçə il sonra daha aydın şəkildə görə biləcəyik.

Azərbaycana gəlmiş, konfransda iştirak etmiş professor və tədqiqatçılar artıq Azərbaycan multikulturalizminin əsaslarını dərindən qavramış insanlara çevriliblər. Onlar Azərbaycan siyasətinin mahiyyətini anlayırlar, Azərbaycan həqiqətləri ilə yaxından tanış olublar. Onlar artıq Azərbaycan tələbəsinin azad düşüncəsini, intellektual səviyyəsini, elmi potensialını tanıyırlar.

Bu gün həmin insanlar – tədqiqatçılar və professorlar – öz ölkələrində və beynəlxalq platformalarda Azərbaycanın tədqiqat potensialı barədə danışıqlar aparacaq, konfransda əldə etdikləri təəssüratları və bilgiləri elmi məqalələrində, çıxışlarında əks etdirəcəklər. Mən inanıram ki, onilliklər ərzində biz bu konfransın uzunmüddətli nəticələrini aydın şəkildə müşahidə edəcəyik.

Cavid Zeynallı: Konfrans çərçivəsində müxtəlif panel müzakirələr təşkil olundu və bu müzakirələr ölkə və dünya miqyasında aktual hesab edilən problemlərə həsr olunmuşdu. Mən özüm də bir neçə paneldə iştirak etdim. Azərbaycan qanunvericiliyi, Azərbaycan Konstitusiyası, multikulturalizm məsələləri, ədəbiyyatşünaslıq, dil və linqvistika sahəsindəki müxtəlif problemlərlə bağlı müzakirələr aparıldı. Bu mənzərə onu deməyə əsas verir ki, konfransda iştirak edən və tezislər göndərən, özünü bu konfransın bir parçası kimi görən alimlər, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu beynəlxalq tədbirin dünya elmi məkanındakı yerini yüksək qiymətləndirirlər. Bu isə o deməkdir ki, Azərbaycan Dillər Universitetinin artıq səkkizinci dəfə təşkil etdiyi bu konfransı gələcək illərdə də davamlı şəkildə keçiriləcək.

Coşqun Dadaşov: Bu məqamda bir əlavə etmək istərdim. Siz panel iclaslarını qeyd etdiniz. Bu məsələdə də universitetimizin rektoru, akademik Kamal Abdullanın xüsusi yanaşması özünü göstərdi. Kamal müəllimin ideya müəllifi olduğu konfransın əsas prinsiplərindən biri ondan ibarət idi ki, hər bir elmi paneldə moderator qismində mütləq şəkildə bir yerli və bir xarici nümayəndə iştirak etməli idi. Bu prinsip panel müzakirələrinin elmi nəticəliliyini artırmaq baxımından çox faydalı oldu. Konfransın bağlanış mərasimində moderatorların hesabatlarını dinləyərkən bir daha əmin olduq ki, keçirilən panel müzakirələrində çox ciddi elmi nəticələr əldə olunmuşdur. Ədəbiyyat və dil sahəsində aparılan paralel təhlillər, Azərbaycan Konstitusiyasının suverenlik prinsiplərinin digər ölkələrin konstitusiya sistemləri ilə müqayisəsi, qloballaşan dünyada dillərarası və mədəniyyətlərarası dialoqun tarixi aspektləri müzakirə olundu.

Süni intellektin sürətlə inkişaf etdiyi bu dövrdə tərcümə məsələləri, dillərin aktuallığı və rolunun dəyişməsi ilə bağlı ciddi elmi debatlar keçirildi. Müasir beynəlxalq münasibətlər və multikulturalizm mövzularında nəzəri və praktiki biliklərə malik olan alimlər dəyərli konseptual yanaşmalar irəli sürdülər. Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu məsələsi də xüsusi diqqət mərkəzində idi. Müasir təhsil modelləri və onların içərisində multikulturalizm dəyərlərinin inteqrasiyası ətrafında geniş müzakirələr aparıldı.

Səfərlərimiz zamanı qonaqlara əyani şəkildə nümayiş etdirdik ki, Azərbaycanda müxtəlif etnik qruplar öz ana dillərində təhsil almaq hüququna malikdirlər və bu hüquq təmin olunur. Xarici qonaqlardan bir neçəsi bu faktlara heyrətlə və təəccüblə yanaşdı, onların gözlərindəki təəccüb və marağı biz də müşahidə etdik. Bu faktları onlara yerində göstərmək və Azərbaycan reallığını canlı şəkildə təqdim etmək bizim üçün həm qürurverici, həm də böyük məsuliyyət idi.

Cavid Zeynallı: Beynəlxalq Konfransdan bir neçə gün əvvəl ulu öndərin xatirəsinə həsr olunmuş Tələbə-Şagird Konfransı təşkil olundu. Bu konfrans bizim tələbə və şagirdlərimiz üçün gələcəkdə dünyanın nüfuzlu ölkələrində keçiriləcək beynəlxalq tədbirlərə bir hazırlıq mərhələsi, ciddi bir baza rolunu oynayır. Fərqli məktəblərdən gələn şagirdlərin gözlərində sevinc, həvəs, tezliklə tələbə olmaq, elmlə məşğul olmaq istəyi hiss olunurdu. Azərbaycan Dillər Universiteti kollektivinin bu istiqamətdəki zəhməti və əməyi həmin o uşaqların baxışlarında, sevincində əks olunurdu. Bu isə o deməkdir ki, görülən işlər boşa getməyib və gələcəkdə onların hər birinin uğurunda özünü göstərəcəkdir.

Coşqun Dadaşov: Tamamilə haqlısınız. Bu layihə də məhz universitetimizin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu təşəbbüslərdən biridir. Tələbə-Şagird Konfransı ilk dəfə məhz Azərbaycan Dillər Universitetində keçirildi. Kamal müəllim belə bir konsepsiya irəli sürdü ki, orta məktəb şagirdlərinə universitet tələbələrinin elmi rəhbərlik etməsi elmi vərdişlərin həm şagirdlərdə, həm də tələbələrdə formalaşmasına zəmin yaradar.

Bunu da qeyd etmək yerinə düşər ki, universitetimizin strateji planında, eləcə də ümumi təhsil konsepsiyasında ali məktəb olaraq elmi tədqiqatlara üstünlük veririk. Elmə marağın artırılması bizim əsas strateji xəttimizdir. Kamal müəllimin bu ideyası — orta məktəbdən başlayaraq elmi tədqiqat bacarıqlarının formalaşdırılması — bu istiqamətdə atılan önəmli addımlardan biridir.

Azərbaycan Dillər Universiteti artıq ikinci ildir ki, ali məktəb tələbələrinin ümumtəhsil məktəbi şagirdlərinə elmi rəhbərlik etməsini uğurla reallaşdırır. Layihənin digər bir orijinallığı isə ondan ibarətdir ki, universitet tələbələri artıq bu ildən Azərbaycanın bütün regionlarını əhatə edən pedaqoji təcrübəyə göndəriliblər. Bu il ilk dəfə olaraq, tələbələrimiz ölkə daxilində bütün bölgələrdə təcrübələrini uğurla davam etdirirlər. Bu, Tələbə-Şagird Konfransında da geniş miqyasda özünü göstərdi. Burada iştirak edən şagirdlər təkcə Bakı və ətraf ərazilərdən deyil, cənubdan, şərqdən, qərbdən – ölkənin bütün bölgələrindən gəlmişdilər.

Yaddaşımda qalan çox mühüm bir məqamı qeyd etmək istərdim. Bir neçə il əvvəl Aprel döyüşləri nəticəsində ölkəmizin Cocuq Mərcanlı istiqamətində qazandığı qələbə ilə bu yaşayış məntəqəsi düşmən işğalından azad olundu və orada məktəb fəaliyyətə başladı. Kamal müəllim universitet kollektivi ilə bu məsələni müzakirəyə çıxararaq bildirdi ki, biz tələbələrimizi məhz Cocuq Mərcanlıya təcrübəyə göndərmək istəyirik. Etiraf edim ki, ilk mərhələdə bu qərarla bağlı müəyyən tərəddüdlər var idi. Düşünürdük ki, tələbələr və ya onların valideynləri bu ideyaya ehtiyatla yanaşa bilərlər. Axı ərazi o vaxtlar hələ tam təhlükəsiz deyildi. Amma Kamal müəllimin bu ideyaya olan inamı və dəstəyi nəticəsində biz gözləmədiyimiz qədər yüksək bir reaksiyayla qarşılaşdıq. Cocuq Mərcanlıda ayrılmış 10 yerə demək olar ki, bütün tələbələr müraciət etdi. Bu, əslində Azərbaycan gəncliyinin cəsarətini, vətənpərvərliyini və məsuliyyət hissini ortaya qoydu.

Həmin gün Kamal müəllimin zalda səsləndirdiyi sözlər yaddaşımıza həkk olundu. Dedi ki, bu gün Cocuq Mərcanlıda yerlərimiz məhduddur. 10 nəfər iştirak edə biləcək. Amma əmin olun ki, ölkə başçımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə azad olunacaq və mən rektor kimi sizə söz verirəm ki, gələcəkdə Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda da sizə təcrübə keçmək üçün şərait yaradılacaq. O an Kamal müəllimin gözlərində həm böyük sevinc, həm də dərin qürur və kədər vardı. Bu gün isə bu sözlər artıq reallıqdır. Ölkə başçımızın apardığı uğurlu siyasət, şəhid və qazilərimizin fədakarlığı, Azərbaycan gəncliyinin cəsarəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Bu gün Azərbaycan Dillər Universitetinin tələbələri artıq Qarabağda, azad edilmiş ərazilərdə pedaqoji və istehsalat təcrübəsi keçirlər. İnanıram ki, tezliklə bu təcrübələr Qərbi Azərbaycanda da həyata keçiriləcək.

Cavid Zeynallı: Hesab edirəm ki, bu cür tədbirlərin təşkili ali təhsil müəssisələrinin beynəlxalq imicinə və nüfuzuna birbaşa təsir göstərir. Təsadüfi deyil ki, son üç ildə Azərbaycan Dillər Universiteti müxtəlif reytinq təşkilatları, o cümlədən, QS reytinq sistemi üzrə əhəmiyyətli mövqelər əldə edib. Bu isə onu deməyə əsas verir ki, tədrisə və elmə yönəlmiş beynəlxalq konfranslar universitetin qlobal səviyyədə tanınmasına xidmət edir.

Eyni zamanda, bu cür tədbirlər ADU-nun beynəlxalq əlaqələrinin genişlənməsinə zəmin yaradır. Universitetin hazırkı xarici əlaqələri, yeni yaradılan mərkəzlər, ikili diplom proqramları və beynəlxalq tədris layihələri göstərir ki, Azərbaycan Dillər Universitetinin elmi və tədris ideyalarına dünyada ciddi ehtiyac var. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar universitetimizi gələcəkdə dünyanın ən nüfuzlu ali təhsil müəssisələri ilə eyni səviyyədə müxtəlif layihələrdə və proqramlarda təmsil edə bilər.

Coşqun Dadaşov: Tamamilə doğrudur. Bu istiqamət bizim beynəlmiləlləşmə konsepsiyamızın əsas komponentidir. Universitetimizin strateji inkişaf planında beynəlmiləlləşmə prioritet hədəf kimi müəyyən olunub. Bu strategiya çərçivəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Qürur hissi ilə qeyd edə bilərəm ki, ADU QS beynəlxalq reytinq sistemində 100 pillə irəliləyərək, müasir dillər sahəsində dünyada 200-250-ci yerləri bölüşməkdədir. Bu uğur tərəfdaş universitetlərimiz tərəfindən də yüksək qiymətləndirilmiş və ünvanımıza çoxsaylı təbrik məktubları göndərilmişdir.

Lakin fəaliyyətimiz bununla yekunlaşmır. Universitet rəhbərliyinin təşəbbüsü ilə yeni istiqamətlər üzrə də mühüm layihələr həyata keçirilir. Məsələn, yaxın zamanda Macarıstanın ən qədim və nüfuzlu ali məktəblərindən biri olan ELTE Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq. Bu mərkəz Azərbaycançılıq ideologiyasının və müasir Azərbaycanın obrazının beynəlxalq aləmdə tanıdılması üçün mühüm platforma olacaq.

Bu, ADU-nun açdığı səkkizinci mərkəz olacaq. Eləcə də, Özbəkistan Dövlət Cahan Dillər Universitetində də yaxın zamanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayacaq. Bu mərkəzlərin yaradılması regionda və dünyada Azərbaycanla marağın artmasına təkan verir. Bundan başqa, ADU-nun təşəbbüsü ilə Orta Asiyaşünaslıq ixtisasının açılması üzərində də ciddi iş aparılır. Yaxın zamanlarda Özbəkistanın dörd universiteti ilə əməkdaşlıq memorandumları imzalanacaq və ikili diplom proqramları həyata keçiriləcəkdir.

Azərbaycan Dillər Universiteti hal-hazırda İngiltərə, ABŞ və Çin də daxil olmaqla bir çox ölkənin aparıcı ali məktəbləri ilə ikili diplom layihələri və əməkdaşlıq müqavilələri çərçivəsində fəal əməkdaşlıq edir. Bu müqavilələr yalnız kağız üzərində qalmır, onların əksəriyyəti praktik fəaliyyətlə müşayiət olunur. Universitetin tələbə və müəllim heyəti bu layihələrdən aktiv şəkildə faydalanır.

Əlavə olaraq, universitetimiz müasir dünyada danışılmayan, yəni “ölü dillər” adlandırılan dillərin tədrisinə də xüsusi önəm verir. Artıq universitetimizdə latın dili tədris olunur. Bundan başqa, sanskrit dili də elmi tədqiqat məqsədilə öyrənilir. Bu istiqamətdə xarici mütəxəssislər – o cümlədən İndoneziya və digər ölkələrdən dəvət olunmuş müəllimlər dərs prosesinə cəlb olunmuşdur. Sanskrit dili, öz aktuallığını müəyyən dərəcədə itirsə də, elmi tədqiqat sahəsində fəaliyyət göstərən alimlər üçün əvəzolunmaz alət olaraq qalır. Əminik ki, bu dillərin tədrisi nəticəsində ADU dünya elmi məkanında da öz mövqeyini daha da gücləndirəcəkdir. Son olaraq, söhbətimizi ADU-nun rektoru akademik Kamal Abdullanın sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Konfrans başa çatdı, yaşasın konfrans”.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

# # #