Dram Teatrı ölkəmizi Beynəlxalq festivalda təmsil edəcək

Dram Teatrı ölkəmizi Beynəlxalq festivalda təmsil edəcək
29 aprel 2022
# 15:40

Akademik Milli Dram Teatrı 5-9 may tarixlərində Türkiyədə keçiriləcək Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, festivalda teatr V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edəcək. Festival Trabzon şəhərində keçiriləcək.

Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.

Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya), əməkdar artist Elnar Qarayev (Antonio), aktyorlar Ziya Ağa və Corc Qafarov (Ser Endryu Eguçik), əməkdar artist Ayşad Məmmədov (Ser Tobi Belç), aktyor Vüsal Mustafayev (Fabian), əməkdar artist Rəşad Bəxtiyarov (Fasti), aktrisa Xədicə Novruzlu (Culiya) və Əlif Cahangirli (Keşiş – video-görüntü) iştirak edir.

Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.

Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.

# 1588 dəfə oxunub

Müəllifin son yazıları

# # #