Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar

Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
23 oktyabr 2023
# 21:00

Bu gün məşhur xanəndə Səxavət Məmmədovun doğum günüdür.
Kulis.az bu münasibətlə sənətkarın həyat və yaradıcılığı haqqından maraqlı faktları təqdim edir.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.

***
Asəf Zeynallı adına musiqi texnikumunda ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan dərs alır, ancaq Səxavəti əsgər aparırlar. Jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” soruşanda məşhur xanəndə deyir ki, ən yaxşı tələbəm əsgərlikdədir.

Image result for Səxavət məmmədov

***

Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Sabir Mirzəyev, İslam Rzayev və digər korifey ifaçılardan sonra muğam və xalq musiqisi sənətinə gəlməsinə baxmayaraq, çox tez bir zamanda sənətkar kimi qəbul olundu.

***

Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.

Image result for Səxavət məmmədov

***

Səxavət çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.

***

Özü kasıb ailədən olsa da, imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

Gallery

***

Səxavət Məmmədov müstəqillik uğrunda hərəkata qoşulub, Azadlıq meydanındakı insanlara kömək edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.

***

Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

Image result for Səxavət məmmədov

***

“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.

***

Balaca qardaşı Firuz Səxavət də məşhur xanəndə idi və onların səsləri bir-birinə çox oxşayırdı. Ancaq Səxavətin səsini bənzərsiz hesab edirdilər.

Image result for Səxavət məmmədov

***

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

***

İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə, hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

Image result for Səxavət məmmədov

***

Nikaraquada konsert verirmiş. Tamaşaçılar dəhşətə gəliblər, onun boğazını yoxlayıblar. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.

***

Maşınlara marağı vardı. O vaxt “Qaz 24” sürürdü, amma ən böyük arzusu xarici markalı maşın almaq idi. Qismət olmadı...

***

Dostları ilə Şirvandan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir.
37 yaşında.
Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir.

***

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir:

"Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşların heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi, həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm."

Image result for Səxavət məmmədov

***

Gərgin döyüşlərə görə məzar daşını kəndə göndərə bilmirlər. Sonra da kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır.

***

Ölümündən 23 il sonra oğlu meydana çıxıb. ATV-də yayımlanan “Öz aramızda” verilişinə dəvət olunan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Daha sonra Şəhriyar ögey qardaşı – aparıcı Bəxtiyar Məmmədovdan, Səxavət Məmmədovun qardaşı Firuz Səxavətdən şikayətlənib, ona diqqət yetirmədiklərindən danışıb. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini açıqlayıb. Ən sonda isə atasının ifasını xatırladan bir ifa ilə hamını çaş-baş qoyub.

Image result for Səxavət məmmədov

***

Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.

***

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

# 2166 dəfə oxunub

Müəllifin son yazıları

# # #