Dostunun sevgilisini əlindən aldı, həyat yoldaşına şər atdılar, uşaqlarına özü baxdı – Xalq artisti haqqında bilmədiklərimiz...

Əminə Dilbazi, Cövdət Hacıyev

Əminə Dilbazi, Cövdət Hacıyev

18 yanvar 2022
# 12:00

Bu gün Xalq artisti, bəstəkar Cövdət Hacıyevin doğum günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 18 yanvar 1917-ci ildə Şəki şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyur.

***

İkinci dünya müharibəsi başlayanda Cövdət tələbə olur. Buna baxmayaraq, o, müharibəyə yollanır. Cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirir. 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olur.

***

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən, Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilib.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, 1945-ci ildə "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülüb.

***

Cövdət Hacıyev rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub. Əminə Dilbazi gəncliyində olduqca cazibədar və gözəl qadın imiş. Dövrün iki ən böyük bəstəkarı, həm də yaxın dostu Fikrət Əmirov və Cövdət Hacıyev onu sevib. Onlar həm də çox yaxın dost olublar. Onların rəqqasəyə olan sevgisi münasibətlərinin gərginləşməsinə qədər çatır. Ancaq buna qədər bir-birlərinin sevgisindən xəbərsiz hər iki dost Əminəyə evlənmək təklifi etməyə hazırlaşırlar.

Əminə Dilbazi Filarmoniyada işləyəndə konsertlər bitəndən sonra Filarmoniyanın səhnəsində təkcə öz mahnılarını rəqs edən zaman bəstəkar Qara Qarayev pərdəni qaldırıb onun məşqlərinə baxır. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşır. Qarayev ona Əminəni göstərib deyir, gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir. Səhnədən çıxandan sonra Cövdət Hacıyev Əminə xanıma onu gözləməsini tapşırır. Söhbət əsnasında məlum olur ki, bəstəkarın ondan xoşu gəlir.

***

Elə həmin ərəfədə Fikrət Əmirov məsələdən xəbərsiz Əminə Dilbazini Gəncəyə ansambl üçün rəqs qurmağa dəvət edir. Əminə Dilbazi Gəncəyə çatır, Fikrət Əmirovun evinə qonaq düşür və quracağı mahnı ilə tanış olmaq istəyir. Firkət Əmirov royal arxasına keçib bir məhəbbət mahnısı ifa edir. Əminə xanım isə sakitcə dinləyir, amma hiss edir ki, Fikrətin ondan xoşu gəlir. Firkət Əmirov ona elə həmin məqamda evlənmək təklif edir. Lakin rəqqasə deyir ki, bu məsələni Cövdət də bilməlidir. Məsələdən xəbər tutan Cövdət Hacıyev təcili Gəncəyə gəlir və Fikrətə etiraz edib bildirir ki, o da rəqqasə ilə evlənmək istəyir.

Əminə Dilbazi öz hisslərini gizlətsə də, qəlbinin dərinliyində Cövdətə qarşı laqeyd deyildi. O, öz xatirələrində bu əhvalata belə münasibət bildirir: "Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəriydi. Qohumlarım təkidiylə Fikrətə ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: "Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm. Bu məktubu da sənə ağlaya-ağlaya yazıram. Mən nə edim ki, sənin cəsarətin mənə səni sevirəm deməyə çatmadı". Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa "ZAQS"-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər. Bu evlilikdən bizim dörd övladımız oldu".

***

Əminə xanım özünü bütünlüklə ailəsinə və həyat yoldaşına həsr edir. Kasıb ailədən olan Cövdət Hacıyevin Moskvada Konservatoriyanı oxuyub bitirməsi üçün çox çalışır. Bir gün Əminə xanıma xəbər gəlir ki, həyat yoldaşı maddi çətinlik ucbatından təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq istəyir. Bunu eşidən Əminə Dilbazi sarsılır. Həyat yoldaşına zəng vurub deyir:

"Sən diplom almamış Moskvadan qayıda bilməzsən. Əgər sənə pul lazımdırsa, mən sənə hər ay iki min manat göndərəcəm. Diplomunu alıb Bakıya qayıdacaqsan".

Bundan sonra o, lazım olan məbləği əldə etmək üçün beş yerdə işləməli olur.

Əminə Dilbazi müsahibələrinin birində deyir ki, neçə dəfələrlə bizi ayırmaq istəyiblər. Dəfələrlə gəlib Cövdətə deyirdilər ki, xəbərin var arvadın hardadı? O da deyib, işdədir. Ona deyirmişlər ki, yox, Əminə işdə deyil, filan yerdədi. Gəl, gedək, səni aparaq, göstərək. Bir dəfə onu gətirmişdilər də. O, gəldi gördü ki, dedikləri kimi deyil, heç nə yoxdu. Sonralar Cövdət qısqanclığından bir dəfə dedi ki, mən daha filarmoniyaya gəlməyəcəm. Orda hara gedirəmsə, hamı sənin rəqslərindəki nazından, qəmzəndən, gözəlliyindən danışır, mən dözə bilmirəm. Dediyi kimi də elədi, daha mənim ardımca filarmoniyaya gəlmədi, mən özüm işdən çıxanda tək gəlirdim. Amma bizim aramızı heç kimsə vura bilmədi, çünki bir-birimizi sevirdik. Cövdət də mənə xəyanət etmədi, heç zaman. O, mənim qəddarlığımı bilirdi. Xəyanət etsəydi, onu bağışlamazdım.

***

Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara getməsindən narazılıq edirdi. Həyat yoldaşı uzun müddətə xaricə qastrola gedəndə, uşaqların qayğısına Cövdət Hacıyev qalırdı.

***

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

# 12783 dəfə oxunub

Müəllifin son yazıları

# # #