“Din və qlobal təhlükəsizlik” kitabının təqdimatı oldu

“Din və qlobal təhlükəsizlik” kitabının təqdimatı oldu
6 aprel 2023
# 18:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun “Din və qlobal təhlükəsizlik” kitabının təqdimat mərasimi keçirilib.

kKulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) baş tutan tədbirdə DQİDK və Aİİ-nin rəhbər şəxsləri, millət vəkilləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edərək bildirib ki, qlobal müstəvidən baxdıqda, xüsusilə XX əsrdən etibarən dünyanın müxtəlif bölgələrində din təkcə mənəviyyat mövzusu deyil, həm də təhlükəsizlik mövzusu olaraq önə çıxmağa başlayıb. O qeyd edib ki, İslam başda olmaqla heç bir din insanları zorakılığa, terrora sövq etmir, əksinə, sülhə dəvət edir. Dinlərin səhv interperetasiyasının radikal qruplaşmaların ortaya çıxmasının səbəblərindən biri olduğunu vurğulayan A.Şirinov İslam dünyasında da belə qrupların daha çox XX əsrdən etibarən yarandığını diqqətə çatdırıb. Bu qrupların yaranmasının müxtəlif səbəbləri olduğunu da qeyd edib.

Din pərdəsi altında ölkəmizə qarşı məkrli siyasət aparan xarici qüvvələrdən bəhs edən A.Şirinov bu güclərin öz niyyətlərinə çatmayacaqlarını, xalqımızın belə yad ünsürlərə qarşı immunitetli olduğunu vurğulayıb. Daha sonra Aİİ rektoru “Din və qlobal təhlükəsizlik” kitabı haqqında fikirlərini bölüşüb. Nəşrdə qeyd edilən mövzularda vacib məsələlərə toxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək “Din və qlobal təhlükəsizlik” adlı kitabın nəşrini zəruri edən amillərdən danışıb. Bildirib ki, kitabda qaldırılan məsələlər bugünkü dünyamızda baş verən hadisələr fonunda çox böyük əhəmiyyət daşıyır. Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maarifləndirmə məqsədi ilə müxtəlif mövzularda, o cümlədən ölkəmizdə mövcud dövlət-din münasibətləri haqqında kitablar nəşr etdirilir. Eyni zamanda Komitənin və Fondun sifarişi ilə çəkilən, kütləvi informasiya vasitələri, sosial media platformaları vasitəsilə geniş auditoriyaya təqdim olunan film və videoçarxlarda dini radikalizm və ekstremizmin fəsadları, vəhdətin önəmi, milli-mənəvi dəyərlərə sadiqlik, Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi öz əksini tapır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra və dövlət quruculuğu illərində qarşıda duran əsas məsələlərdən biri dövlətin din siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi idi. Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkənin gələcək inkişafının strateji hədəfləri, dövlət quruculuğu məsələləri geniş müzakirə olunaraq Azərbaycanın Konstitusiyası hazırlandı və qəbul edildi. Azərbaycanın dünyəvi dövlət olmasının Konstitusiya ilə təsbiti dövlət-din münasibətlərinə aydınlıq gətirdi. Ölkədə din dövlətdən ayrı olmasına baxmayaraq, dövlət dini himayə edir. Konfessiyalar arasında fərq qoyulmadan dini ibadət yerləri həm dövlət, həm də Heydər Əliyev Fondunun xətti ilə təmir-bərpa edilir, yeniləri tikilir. Hər il Prezident Cənab İlham Əliyev tərəfindən dini icmaların fəaliyyətinə dəstək göstərilməsi üçün maddi yardım ayrılır. Dövlət başçısı Prezident İlham Əliyev və birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğı və həssaslıqla hər zaman dini sahəni diqqətdə saxlayırlar.

M.Qurbanlı Azərbaycanın multikultural və tolarant dəyərlərin hakim olduğu, müxtəlif xalqların, dini konfessiyaların bərabərhüquqlu və qarşılıqlı hörmət şəraitində, birgəyaşayış ənənələrinə uyğun yaşadığı nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan vəhdət namazlarının keçirilməsinin əhəmiyyətini təşviq edən müsəlman ölkəsidir.

Ölkəmizdə cümə günləri məscidlərdə vəhdət namazlarının icra olunması ənənə halını alıb və Bakı şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində bunun ən gözəl nümunəsini görmək mümkündür. Bütün bunlar, eləcə də qlobal təhlükəsizilik fonunda Azərbaycanda baş verən hadisələr bu gün təqdimatı keçirilən kitabda öz əksini tapıb. Azərbaycanın zərərli dini cərəyanlara, dindən istifadə edərək bölücülük, təfriqə, dini radikalizm, düşmənçilik yaymaq istəyən qüvvələrə qarşı vahid ideoloji xətti və siyasi kursu mövcuddur.

Azərbaycançılıq ideologiyası və dövlətin milli-mənəvi dəyərlərə söykənən siyasət yürütməsi bu gün hansısa zərərli dini və siyasi düşüncənin cəmiyyətdə kök salmasına imkan vermir. Ölkəmizdə milli ruhlu, vətənpərvər, dövlətçiliyə bağlı dini kadrlar hazırlanır. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox böyük tarixi hadisədir. Gələcəkdə İnstitutun yetişdirdiyi ali təhsilli din xadimləri ölkəmizdə din adı altında hansısa xarici dövlətin dövlət-din münasibətləri modelinin formalaşması istiqamətində atacağı addımların qarşısını ala biləcək gücə çevriləcəklər.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, mövcud mənəvi böhranın aradan qaldırılması və bəşəriyyətin təhlükəsizliyinin təminatı məqsədilə qlobal mahiyyətli konsepsiyalara yenidən baxılması, onların icrasına məsul təsisatların ədalət prinsipinə sadiq qalmaqla gücləndirilməsinin vacibliyi bütün aşkarlığı ilə üzə çıxır. Bunlar dünya ictimaiyyətindən kollektiv məsuliyyətin artırılmasını tələb edir. Artıq “Günahkar kimdir?” sualı əvəzinə “Nə etməliyik?” sualına cavabın tapılmalı olduğunu vurğulayan S.Heydərov radikalizm, ekstremizm və terrorizmin qarşısını almağın yollarından birinin də din haqqında anlayışların modern dünyanın tələblərinə və çağırışlarına adekvatlaşdırılmasından keçdiyini deyib.

Sədr müavini əlavə edib ki, dinin sabit, dəyişməz prinsiplərini adət-ənənələr və siyasi proseslər nəticəsində dinə hopmuş, dini hökmlər kimi insanlara sırınmağa çalışılan xüsusiyyətlərdən ayırd etmək vacibdir. Bu baxımdan biz “din nədir? onun funksiyası və məqsədi nədir?” kimi sualları cavablandırmağa çalışmalıyıq. Əgər insanlıq inkişaf edirsə və dəyişiklik inkişaf qanunauyğunluğunun tələbidirsə, o zaman bizim baxışlarımız necə olmalıdır? İnsanın həyatı onun mənəvi, intellektual inkişafı və xoşbəxtliyi tarixin hansısa dövründə yad təsirlərlə doqmalaşmış baxışlara necə qurban verilə bilər? Bu suallara cavab tapsaq, qloballaşmanın sivilizasiyaların toqquşmasına deyil, ümumdünya sülhünün bərqərar olmasına yönəldilməsinə daha çox töhfə vermiş olarıq.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov əsərin aktual məsələləri ehtiva etdiyini, təhlükəsizliyin cəmiyyətimizin hər bir fərdi üçün vacib məsələ olduğunu diqqətə çatdırıb. Ölkəmizdə dinlərarası, eyni zamanda məzhəblərarası münasibətlərin, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının önəmli olduğunu bildirən A.İsgəndərov Azərbaycan İlahiyyat İnstitutunun yetişdirdiyi yüksəkixtisaslı gənc mütəxəssislərin üzərinə düşən vəzifələrin məsuliyyətini qeyd edib.

Deputat Ceyhun Məmmədov qlobal təhlükəsizliyin vacibliyi məsələsinə toxunub. Bildirib ki, hazırda din pərdəsi altında Azərbaycana qarşı edilən təhdidlərə qarşı birgə mübarizə vacibdir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir. Bu gün həm Şərqin, həm də Qərbin Azərbaycan gəncliyi ilə bağlı çox ciddi və məkrli planları var. Bütün bunlar ölkəmizin gənclər siyasətinə yenidən baxılmasını, bu cür təhdidlərə qarşı yeni strategiyaların və konsepsiyaların hazırlanmasını labüd edir. Məktəblərimizdə, məscidlərimizdə, kinoteatrlarımızda, televiziyalarımızda, mediamızda və idman klublarımızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə xüsusi həssaslıqla yanaşılmalı, davamlı geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Araz Qurbanov “Din və qlobal təhlükəsizlik” kitabı haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, müəllif əsərə milli təhlükəsizlik müstəvisində yanaşıb və problemlərin aradan qaldırılması üçün tövsiyələrini verib. A.Qurbanov dini təhlükəsizliyin vacibliyi, ölkəmizdə mövcud tolerant mühitin qorunması istiqamətində fikirlərini bildirib.

Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Alban-Udi Xristian dini icimasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək bildiriblər ki, kitabda çoxkonfessiyalı ölkəmizin timsalında dinin dövlətin milli təhlükəsizliyinin möhkəmlənməsinə verə biləcəyi töhfələr parlaq şəkildə ifadə edilib. Azərbaycan kimi çoxmillətli və çoxkonfessiyalı dövlət üçün dini təhlükəsizlik məsələlərinin önəmini, xarici təhdidlər qarşısında xalqın həmrəyliyinin vacibliyini, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın diqqətli və məsuliyyətli davranmalı olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan xalqı bir çox tarixi kataklizmlərdən keçərək, ölkənin bugünkü uğurlarının əsasında özünəməxsus və zəngin mədəniyyət, o cümlədən mənəvi mədəniyyət yaradıb. Qədim zamanlardan müxtəlif dini və etnik mənşəli insanların yan-yana yaşamasının səbəbi Azərbaycan mənəviyyatının unikallığıdır.

Qeyd edək ki, dörd fəsildən ibarət olan kitab beynəlxalq və regional münasibətlər sistemində din amili, bəşəriyyətin yeni kabusu – dini radikalizm, din və qlobal təhlükəsizlik kontekstində dinlərarası və mədəniyyətlərarası dialoq mövzularını əhatə edir.

# 894 dəfə oxunub

Müəllifin son yazıları

# # #