Dəyirmanda sükut üyüdən "intellektual dərviş"

Dəyirmanda sükut üyüdən "intellektual dərviş"
24 yanvar 2024
# 11:50

Bu gün görkəmli türk yazıçı Əhməd Həmdi Tanpınarın anım günüdür.

Kulis.az Azər Turanın onun "Ne içindeyim zamanın" şeiri barədə yazısını təqdim edir.

Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare, geniş bir anın
Parçalanmaz akışında.

Bir garip rüya rengiyle
Uyuşmuş gibi her şekil,
Rüzgarda uçan tüy bile
Benim kadar hafif değil.

Başım sükutu üyüten
Uçsuz bucaksız değirmen;
İçim muradına ermiş
Abasız, postsuz bir derviş.

Kökü bende bir sarmaşık
Olmuş dünya sezmekteyim,
Mavi, masmavi bir ışık
Ortasında yüzmekteyim.


"Nə içindəyim zamanın" şeiri "kosmosla insanın birləşməsini nəql edən... röya halıdır". Bunu Tanpınarın özü deyir.

Demək ki, şeir gerçəkliklə metafizik düşüncənin, yaxud röya ilə gerçəkliyin polifonik səslənişidir.

Berqsonun zamanı təşrih edən həyat fəlsəfəsi məhz metafizik düşüncə ilə elmin, bəqa ilə fənanın, "ruh və maddə aləminin bir-biri ilə təmasından mayalanaraq" əsl həyati məqama sıçrayan və burda şəkillənən zamanın fəlsəfəsi idi. Demək ki, bu şeirdə zamanın həm Berqson, həm də təsəvvüf düsturu işləkdir. İntuitivizmdə olduğu kimi, sufizmdə də zaman ruhsallığın, davamlılığın, sürəkliliyin içində parçalanmaz bir bütündür: "Ne içindeyim zamanın, / Ne de büsbütün dışında; / Yekpare, geniş bir anın / Parçalanmaz akışında..." Yekparə, geniş və parçalanmaz an Berqsonun təyin etdiyi zamandır.

Qəribədir, elə bu şeirin yazıldığı illərdə Salvador Dali dalğalanan, əriyən, axıb gedən zamanın şəklini - "Yaddaşın daimiliyi" tablosunu çəkmişdi. Dali də Tanpınar kimi Berqson dövrünün yetirməsiydi: "Şeir və sənət anlayışımda Berqsonun zaman tələqqisinin mühüm bir yeri var. Freydlə Berqsonun bərabər paylaşdıqları bir dünyanın çocuğuyuq. Onlar bizə sirri insan zəkasında, insan hayatında aramağı öyrətdilər..." (A.Tanpınar)

Tanpınarın şeir əyarını bəlirləyən təməl fikir o idi ki, "röyalarda içimizə eşlik edən duyğu mühümdür. Əsl olan bu duyğudur. Musiqi burda işə girər".

Hələ Tanpınara qədər Mallarmeyə görə yer üzünün melodik şərhi, Orfik anlatımı poeziyanın yeganə vəzifəsidir. Röya, duyğu və musiqinin, belə demək mümkünsə, simbiozundan yaranmış şeir Mallarmedən başlayırdı.

Verlenin şeiri isə səsin musiqili ehtizazına istinad edirdi.

Amma Mallarmeyə və Verlenə qədər də Orfeyin şəxsində ədəbiyyatlaşan musiqi yunan mifoloji düşüncəsindən alman fəlsəfəsinə nüfuz etməyi bacarmışdı.

Fridrix Nitsşe "Musiqinin ruhundan faciənin doğuluşu" əsərində Şopenhauerə istinadən bəyan edirdi ki, musiqi istəyin dili olaraq xəyalqurma gücümüzü oyandırır. Özü görüntüsüz olsa da, ruhsal kainatı şəkilləndirir.

Tanpınar da türk poeziyasında Bodler, Mallarme, Verlen cizgisinin və cazibəsinin sehrinə düşən bir şair idi. Bunlarla da yetinmir, sıralamaya çoxları, o cümlədən Bethoven də daxil olur. Fransız simvolizmi türk şerinə yansımazdan 150 il öncə türk təsəvvüf nəfəsləri, mövləvi bəstələri Avropa musqisinə Bethoven səviyyəsində təsir göstərmişdi. Amma necə? Tanpınarın "Hüzur"da dediyi kimi, adsız-ünvansız. Yəni, babalarımız "sənətlərini bir mənliyin mütləq təsdiq vasitəsi olaraq deyil, böyük bütündə qeybolmanın tək yolu bilmişdilər". Çünki bura Şərq idi. Bethovenlər, Vaqnerlər, Debyüssilər sənət yapır, Şərqdəkilər isə muğamlarını da, məqamlarını da dua mislində yaradırdılar. Nəinki əsərlərin, hətta məzarların üstünə belə ad yazılması etinaya alınmırdı. Necə ki, bu gün Bethovenin "Afina xərabələri"ndəki "Dərvş xoru"nun ilkin qaynağını heç kəs bəlirləyə bilmir. Amma hamı da bilir ki, Bethoven bir mövləvi nəfəsindən əsinlənib, özü də bir "Mahur" havasında. Sonralar Rolan Bartın nişan verəcəyi yaradıcılıq fəlsəfəsi - "müəllifin ölümü" neçə əsr əvvəl Şərq musiqisində belə baş vermişdi.

"Nə içindəyim zamanın", Tanpınarın öz sözləri ilə desəm, bir "ruh meracı"dır. Ruhun zamansızlığa meracıdır. Kosmoloji elm artıq çoxdan təsbit edib ki, kainat vakumda, heçlikdə, boşluqda üzür, kainatın kütləsi sıfıra bərabərdir, yəni o, çəkisizdir. Kainatda zamansızlıq var, axış və uçuş var.

Tanpınarın şeirində zamansızlığın ritmi röya ritmidir, başqa sözlə, metafizik ritmdir: "Rüzgarda uçan tüy bile / Benim kadar hafif deyil".

Bu şeirin yazıldığı illərdə nəzəri fizika nüvədəki mikrokainatla kosmik kəhkaşanın ötəsindəki makrokaonatların vahid cizginin ətrafında bir araya gətirilməsi ilə uğraşırdı. Röyaların, axışın və uçuşun, yuxu əhvalının dilində və ahəngində yazılmış "Nə içindəyim zamanın" şeiri gözlənilmədən Yerin cazibəsindən sivrilib fəzaya daxil olsa da, fəzada davam etsə də, sonsuzluğa axsa da, masivadan bütün-bütünə imtina etsə də, dünyayla, məkanla, eşqlə irtibatı da tamam qırılmır. Xəfif qımıltı, rüşeym şəklində, bəlkə daha geniş anlamda (və lakin) sarmaşıqcasına, yəni sonsuz bir eşqlə dünyanı da öz arxasıyca çəkib aparır: "Kökü bende bir sarmaşık olmuş dünya sezmekteyim".

Digər tərəfdən, şeir işıq sürətinə qoşulur: "Mavi, masmavi bir ışık / Ortasında yüzmekteyim". Burda həm də modern, sürreal bir təsəvvüf var. Masmavi işığın ortasında uçuş dayansa, Eynşteyinin təbiriycə, Zaman dayanar.

Məkan qavramını aşıb keçmiş Tanpınara görə, şeirdə musiqinin səltənəti Bodlerlə başladığından bir mavi zolaqda poetik ahəng və duyğu yaradıb hərflərin notlaşmasını, sözlərin musiqiləşməsini gerçəkləşdirə bildiyi üçün o, ya Mallarmeyə, ya Verlenə, ya da Bodlerə borcludur. Daha çox Bodlerə borcludur. Bəllidir ki, Bodlerin "Səyahətə dəvət" şerindəki "Orda nə varsa süs, sükun və şəhvət, / Harmoniya və gözəllikdən ibarət" - misraları Tanpınarın özünün də etiraf etdiyi kimi, zehni düsturuna çevrilmişdi. "Şər çiçəkləri"ndəki həmin şeirində Bodler sevdiyinə bənzəyən bir yer düşünür: Gedib orda bərabər yaşamanın, sevmənin, sevmənin və ölmənin səadətini" və həzzini bölüşmək istəyir. Fəqət sıcaq-sıcaq bir ziya içində uyuyan kainatın xülya ilə sərxoş" olduğu o yer ömrün ələmindən, dünyanın çirkinliyindən qaçanların sığındığı metafizik bir aləmdir.

Xülyalarla sərxoş olan o məchul məkanı 1904-cü ildə Anri Matiss kəşf edib, "Lüks, huzur və həzz" tablosunu yaratdı. O dünyəvi cənnətin əsintiləri Matissin başqa bir əsərində - "Həyatın nəşəsi" tablosunda da ürpərirdi. Amma o ürpərti əsrar və şərabın doğurduğu ürpərtidir. Bağrından Tanpınarın üzüb keçdiyi bu masmavi işıq isə təbii ki, oralarda deyil. Yəni məkanda deyil, zamandadır. Bodler uydurduğu süni, "Yapma cənnət"in qapısını əsrar və şərabla açmaq istəyir. Tanpınar isə cənnətin qapısına təsəvvüf açarıyla uçur: "İçim muradına ermiş / Əbasız, postsuz bir dərviş..."

"Nə içindəyəm zamanın" şeirinin örnəyində türk və Qərb irfanı bu şəkldə iç-içə girib.

Tanpınarın şeir estetikası özünün də etiraf etdiyi kimi, Pol Valeridən qaynaqlanır, o da şeiri Valerinin təklif etdiyi kimi, bir gecədə pəjmürdə bir çılğın olaraq deyil, riyazi təfəkkürlə düşünərək yazırdı... "Valerinin "Röyalarını yazmaq istəyən adam belə əzəmi şəkildə oyanıq olmalıdır" cümləsini "ən oyanıq bir qeyrətlə dildə röya halını qurmaq" şəklində təshih edir və özünün şeir anlayışını ortaya qoyurdu. Röya halını, hətta dildəki vəcdli röya halını Tanpınardan öncə türk şeiri Əhməd Haşimdə sezmişdi. Amma Tanpınarın röyası "Nə içindəyəm zamanın" şeirinin poetikasında ən ciddi elementlərdən biriydi. "Bir qərib röya rəngiylə / Uyuşmuş gibi hər şəkil..."

"Nə içindəyim zamanın" şeiri ilə Tanpınarın estetikası türk poeziya tarixində ilk dəfəydi ki, "yekparə geniş bir anın parçalanmaz axışında" - "başqa türlü ritmi olan və məkanla, əşya ilə içdən qaynaşan... yaşadığımızdan daha başqa bir zaman"ın axışında süzdü. Yuxarıda dediym kimi, yekparə geniş və parçalanmaz an Berqsonun təyin etdiyi və iradənin, şüurun fövqündə cərəyan edən aralıqsız, sürəkli və bölünməyən zaman idi.

Tanpınarın mənsub olduğu ədəbi mentalitetdə həmin sirli zamanın ünvanı "daimi an" şəklində indeksləşib. Berqsondan beş yüz il əvvəl Şərq mütəsəvvifləri "daimi an, zamanüstü zaman, zamansızlıq..." barədə yazırdılar...

Türkiyədə qərbli şeir anlayışını Tanpınar yaratmışdı (Dıranas).

Sufi nəfəslərinin - ilahilərinin qərbli, estetik, həm də modern şəklini yaratmaq da onun intellektual hisslərinə nəsib oldu: "Başım sükutu üyüten / Uçsuz bucaksız değirmen..."

Təsəvvüfdəki susan kitabı yaxud mürşidi ucsuz-bucaqsız dəyirmanda sükutu üyüdən "intellektual dərviş" - Tanpınar əvəzlədi.

# 785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #