Deyin, dustaqları buraxacaqlar - Sücaət Kəlbəcərli

Deyin, dustaqları buraxacaqlar - Sücaət Kəlbəcərli
8 yanvar 2024
# 14:30

Kulis.az Sücaət Kəlbəcərlinin "Anamın" şeirini təqdim edir.

Deyin, dustaqları buraxacaqlar,
qoy qəm bozartmasın üzün anamın.
Deyin, qırılacaq zülmün zənciri,
birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.

Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.

Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.

# 2291 dəfə oxunub

Müəllifin son yazıları

# # #