Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"
27 noyabr 2024
# 18:32

“Humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır”.

Kulis.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

E.Akimova 2021-ci ilin sonunda ədəbiyyat adamlarının kitab üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsini böyük məmnunluq hissi ilə qarşıladığını xatırladıb. Bildirib ki, bu, ilk növbədə, naşirlər üçün çox önəmli bir hadisə idi. Onlar uzun müddət 18 faiz əlavə dəyər vergisinin götürülməsini istəyirdilər, dəfələrlə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi barədə məsələ qaldırırdılar.

Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulduğunu deyən deputat bildirib ki, bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır.

“Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır. Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma yaxşı yazılan bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir”.

E.Akimova qeyd edib ki, yaradıcı şəxs öz əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Deputat məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmağı, yaxud ləğv etməyi təklif edir:

“Bu, ölkənin qələm sahiblərinə xeyli dəstək olar”.

# 665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #