Daha məndən sevgi umma, əzizim... – Günün şeiri

Musa Yaqub, Xalq şairi

Musa Yaqub, Xalq şairi

7 may 2022
# 12:40

Bu gün görkəmli Xalq şairimiz Musa Yaqubun anım günüdür. Kulis.az şairin dillər əzbəri olan “Bu dünyanın qara daşı göyərməz” şeirini təqdim edir.

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb.
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi,sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz...

# 2706 dəfə oxunub

Müəllifin son yazıları

# # #