Oğlu şəhid olan Əməkdar artist: Öz qardaşı ilə onun qapısına gələn qız kim idi? - Maraqlı faktlar

Oğlu şəhid olan Əməkdar artist: Öz qardaşı ilə onun qapısına gələn qız kim idi? - Maraqlı faktlar
7 dekabr 2022
# 21:00

Kulis.az əməkdar artist Firuz Xudaverdiyev haqqında maraqlı faktları təqdim edir.

Firuz İslam oğlu Xudaverdiyev 9 iyul 1939-cu ildə Bakının Qobu kəndində neftçi ailəsində göz açıb. Atası İslam kişi zəhmətsevər Azərbaycan neftçilərindən olub.

***

İslam kişi öz övladlarını da neftçi, mühəndis kimi görmək istəyib. Ancaq Firuz neftçi deyil, aktyor olmaq istəyir. Lakin onun ilk cəhdi uğursuz olur. Aktyor təhsili almaq üçün instituta qəbul ola bilməsə də, ruhdan düşmür. Elə atasının da arzusunu gözündə qoymur, bir neçə il neftçi işləyir.

1965-ci ildə ikinci dəfə bəxtini sınayır və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olur. Oranı bitirəndən sonra təyinatla - Mehdi Məmmədovun xeyir duası ilə Mingəçevir Dövlət Dram Teatrına göndərilir. Yeddi il həmin teatrda fəaliyyət göstərən gənc aktyor C. Cabbarlının “Almaz” əsərində Fuad, S. S. Axundovun “Eşq və intiqam” pyesində Şəmsi bəy, S. Vurğunun “Fərhad və Şirin” əsərində Vəzir, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” dramında Ədalət kimi maraqlı obrazlar yaradır.

***

Aktyor tələbəlik illərini xatırlayarkən deyir: “O vaxtlar Rasim Balayev, Mikayıl Mirzə, Əlabbas Qədirovla eyni kursda təhsil alırdıq. Biz SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun sinfində oxuyurduq. O zaman bizlər - gələcəyin gənc aktyorları böyük arzularla yaşayırdıq. İnstitutda bizə dərs deyən müəllimlərimizin əksəriyyəti Azərbaycanın tanınmış və məşhur sənətçiləri idilər. Yaxşı xatirimdədir, səhnə danışığı kafedrasının rəhbəri Müxlis Qənizadə biz tələbələrin həm də yaxın dostu və sirdaşı idi. Onun rəhbərliyi altında maraqlı kompozisiyalar, səhnəciklər, tematik süjetlər hazırlayardıq. Radioda da çıxışlarımız olardı”.

Səhnədə taleyinə kiçik rollar düşsə də, Firuz Xudaverdiyev zaman-zaman xırda rolların böyük aktyoru kimi tanınıb sevildi. Ən kiçik rolları belə, böyük şövq və məhəbbətlə oynadı. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda kişi, A. Şaiqin “Fitnə” sində qoca, V. Şekspirin “Maqbet”ində əsgər, L. Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan rolları onu bir aktyor kimi sevdirdi. O da bütün qəlbi ilə sənəti, səhnəni sevdi...

***

Firuz Xudaverdiyevin dediklərindən:
“Teatrda, səhnədə rolun böyük-kiçiyi olmur. Əsl aktyor ən kiçik rolu belə tamaşaçıya sevdirə bilər. Mən səhnə həyatımda çox şöhrətli aktyorlarla tərəf-müqabil olmuşam. Bir dəfə qəribə bir əhvalat baş verdi. Baş rolun ifaçısı olan aktyorlardan biri qəzetlərə verdiyi müsahibəsində tamaşanın bütün ağırlığının onun üzərində olduğunu söyləyərək lovğalanmışdı. Bu müsahibə bütün aktyor heyətinin narazılığına səbəb oldu. O zaman hamımız sözü bir yerə qoyduq ki, növbəti tamaşa zamanı səhnədə hər kəs sadəcə olaraq öz sözünü desin, obraz yaratmasın. Razılaşdıq və növbəti tamaşa zamanı aktyorlar sadəcə olaraq öz sözlərini deməklə kifayətləndilər. Baş rolun ifaçısı nə qədər canfəşanlıq eləsə də, tamaşa hamıya ölü bir təsir bağışladı. Həmin şöhrətli aktyoru isə başa saldıq ki, teatrda uğur və müvəffəqiyyət bir nəfərin deyil, bütün aktyor heyətinin zəhmətinə bağlıdır. Səhəri gün o, həmin qəzetdə çıxış edərək, müsahibə zamanı öz fikirlərini düzgün çatdırmadığı üçün oxuculardan üzr istədi”.

Firuz Xudaverdiyev bir sıra televiziya tamaşalarında da maraqlı və yaddaqalan obrazlar yaradıb. O, ”Dəvətnamə”də müəllim, “Həmyerlilər”də Sarı Sarızadə, “Ordan burdan”da müəllim, “Pəncərədə işıq”da Firuz obrazlarını ərsəyə gətirib.

***

Günlərin birində Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda gəzintiyə çıxır. Qəfildən Mehdi Məmmədovla üz-üzə gəlirlər. Rejissor uşaqlara mehribanlıqla nəzər salır. Növbəti günlərin birində Mehdi Məmmədov Firuz Xudaverdiyevə məsləhət görür ki, Tahiri teatra gətirsin. Ona rol verib sınasınlar. Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi onu sakitləşdirir. Tahirin böyük səhnədə ilk rolu “Dəli yığıncağı”nda xəstə uşaq obrazı olur.

İlk tamaşa günü hamıdan çox Tahirin atası - Firuz həyəcan keçirir. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi müəllimin ümidini doğrulda biləcəkmi?” Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca özünü doğruldur. Balaca aktyorun oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.
Həmin tamaşadan sonra Tahir bir-birindən maraqlı rollar oynayır.

***

Moskvalı teatrşünas A. Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək yazırdı: “Tahir Əhməd rolunu o qədər təbii, canlı oynadı ki, mən elə zənn etdim, o, təcrübəli bir aktyordur”.

Krımda hərbi xidmətdə olan Tahir il yarımdan sonra Vətənə qayıdır. 1992-ci ildə Milli Ordunun sıralarında əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd, Çıldıran yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üzbəüz dayanır, müharibənin şiddətli döyüş səhnələrinin şahidi və iştirakçısı olur.

***

Ağdərədən sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində - 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən köksündən aldığı güllə yarası onun həyatına son qoyur.

Üstündən illər keçsə də Firuz Xudaverdiyev o günləri yenə də göz yaşları ilə xatırlayır: “Bu hadisə aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Səhər anası Tahiri belə görsəydi, yaşaya bilməzdi. Gecə saat birdən sonra Tahiri maşın işığında Xırdalan Şəhidlər xiyabanında dəfn elədik... Tahiri həmişə yanımda hiss edirəm. Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından 18 yaşınadək dostum olub, bir səhnədə çıxış eləmişik, aylarla qastrollara getmişik. Tahir mənim bir sözümü iki eləməzdi. Sevdiyi vardı. Belə bir hadisə də olmuşd Tahirin üçündə bizə xəbər verdilər ki, iki nəfər gəlib, Tahirin qəbrinin üstünə getmək istəyirlər. Öyrəndik ki, Tahirin istədiyi qız qardaşı ilə gəlib. Sonra Tahirin qəbrinin üstünə həmişə gül qoyardı...”

***

Uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkən Firuz Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişir. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

# 7569 dəfə oxunub

Müəllifin son yazıları

# # #