Vaqif Bayatlı: “Doğulduğum kəndi azad edən əsgərlərin əllərindən öpürəm” - Müsahibə

Vaqif Bayatlı: “Doğulduğum kəndi azad edən əsgərlərin əllərindən öpürəm” - Müsahibə
1 oktyabr 2020
# 11:59

Kulis.az bu gün ad gününü qeyd edən tanınmış şair Vaqif Bayatlı Odərlə söhbəti təqdim edir.

- Vaqif müəllim, ad günü sizin üçün nəyi ifadə edir?

- Mənim ad günüm yoxdur. Çünki sənətdə yazılan tarixdən bir neçə gün əvvəl doğulmuşam, yəqin ki. Atam doğum günümün yazılandan bir ay əvvəl olduğunu deyirdi. Əslində, mənim ad günüm vətənimin ad günüdür. Hər bir türkün, hər bir müsəlmanın ad günü mənim ad günümdür.

- Yəqin, buna görə ad günlərini qeyd etmirsiniz...

- Mən ad günlərimi heç vaxt qeyd etməmişəm, amma dostlar keçiriblər. Bu da onu göstərir ki, dostlar özü mənə xüsusi diqqətlidir. Dostların mənim ad günümü qeyd etməsi mənim etməyimdən daha üstün, daha yuxarıdır.

- Sizin üçün yadda qalan ad günü hansı olub?

- Yadımda qalan ad günü elə indi, bu gün mənə gələn bütün ad günü təbrikləri, zənglərdir. Və buna qədər də bütün dostlarımın hamısının gəldikləri, çəkdiyi zəhmətlər hamısı elə bil bir kitab kimi üst-üstə yığılıb ürəyimin içində, ürəyimin kitabxanasındadır. Öpürəm bütün dostlarımı və onların hamısının təbriklərini...

- Vaqif müəllim, tale elə gətirir ki, sizin builki ad gününüz Cəbrayılın kəndlərinin, o cümlədən sizin doğulduğunuz Böyük Mərcanlı kəndinin işğaldan azad olunduğu ərəfəyə təsadüf edir. Xəbəri necə eşitdiniz, sizə necə təsir etdi?

- Mən ürəyimdə kəndimizi də, işğal olunmuş bütün torpaqlarımızı da çoxdan azad eləmişəm. Öz kəndimizi də ürəyimdə işğaldan azad eləmişdim. Sadəcə olaraq, indi mənim ürəyimdəki arzuları, çırpıntıları yerinə yetirdikləri üçün Azərbaycan ordusuna təşəkkürlər edirəm və hamısının bir-bir əlindən, telindən öpürəm.

- Vəziyyət sakitləşəndən sonra o torpaqlara, kəndinizə getmək istərdinizmi? Necə qayıtmaq istərdiniz?

- Mən artıq ora getmişəm. Hər an da getmək istərdim. Vəziyyət sakitləşəndən sonra yox. Vəziyyət sakitləşməsin!

- Yaradıcılığınızda nə yenilik var?

- Keçən il yeni kitabım çıxdı. İndi də təzə kitab üzərində işləyirəm. Bundan sonra gərək elə şeirlər yazam ki, torpaqlarımızı azad edən əsgərlərimizə layiq olsun. Bizim əsgərimiz, türk əsgəri dünyanın ən gözəl əsgəri olduğu kimi, mənim də şeirlərim dünyanın ən gözəl, ən sevimli şeirləri olsun.

- Ad gününüzü bir daha təbrik edirik!

- Öpürəm hamınızı.

# 2865 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #