Sevgi – Günelin essesi

Sevgi –  Günelin essesi
19 iyun 2020
# 17:09

Kulis.az Günel Mehrinin “Sevgi” adlı essesinin təqdim edir.

Bilirsənmi?

Öyrəndim ki, sevgi təkadamlıq da olurmuş,

Öpüşməklə deyil, baxışmaqla deyil, elə uzaqdan məsafələrə də sığırmış sevgi...

Öyrəndim ki, sevgi elə yarımçıq qalanda, nidayla deyil, nöqtələrlə tamamlananda gözəlmiş!

Möhtəşəmmiş!

Sevgi etiraflara sığmayan, sözlərə sızmayan, təsəllilərə ehtiyac duymayan bir nəsnəymiş!

Sevgi 5 hərflik söz, 3 kəliməlik cümlə deyilmiş!

Ayrıca bir dilmiş quş dili kimi – hamının anlamayacağı,

Ana dili tək doğma və həzinmiş sevgi...

Anladım ki, sevgi ömür boyu gedib varmayacağın bir yolmuş! Sən də bu yolun yorulmayan yolçusu!

Əslində bunlar da deyil e.

Həqiqətin dibinə varsan,

Sevgi hansısa bir dönəm hansısa hərfə ya rəqəmə tapınmaqdır,

Hər yerdə, hər bucaqda həmin hərfi anmaqdır,

Həmin rəqəmi 100 rəqəmin içindən sezməkdir,

Sonra da günün birində elə həmin rəqəmdən, o hərfdən diksinməkdir, küsməkdir.

Sevgi 100 zəngin, 1000 mesajın içində heç vaxt gəlməyəni axtarmaq, axtarmaq və bir də axtarmaqdır!

Sevgi – aldanıldığını bilə-bilə inanmaq, labirintdə itdiyini görə-görə dəlicəsinə yol axtarmaqdır,

Sevgi – qorumaqdır, bilirsənmi?

Özünü hamıdan və ona görə!

Onu – hər kəsdən, xəbər tutmasınlar deyə!

Sevgi qanadsız qanadlanıb uçmaqdır!

Mahnılara, şeirlərə köçməkdir!

2 adamlıq şar düzəldib hamıdan və hər şeydən ora daldalanıb gizlənməkdir!

Eşidirsənmi?

Sevgi – ackən tox olmaqdır!

Yorğunkən enerji tapmaq, istiykən üşümək, soyuqkən qızdırmaq!..
100 adamın içində təklənmək, tək ikən cüt olmaqdır Sevgi!

Dünyanı əhvalının rəngində qavramaqdır!

Həyat bozkən hər yeri çəhrayı görmək,

Yaxud da əksinə, ən rəngarəng tablonu görməzdən gəlməkdir!

Sevgi – hansısa bir anı rezin tək uzatmaq, uzatmaq istəyidir.

Kinolenti tək təkrar-təkrar beynində çevirməkdir!

Ya da hansısa günləri qovmaq, görməzdən gəlmək, üstündən xətt çəkməkdir!

Hm)) Sevgi – günün birində özünü unutmaqdır!

Özündən vaz keçməkdir!

Məndən sənə, səndən bizə qədər yol qətt etməkdir Sevgi!

Sevgi... sevgi əslində vurub yıxmaq, dağıtmaqdır.

Basdalamaq, əzib keçməkdir bütün dəyərləri, olanları-qalanları!

Sevgi – qurucu, yaşadıcı deyil ki, əzizim!

Gəl, özümüzü aldatmayaq!

Sevgi - ən təhlükəli, ən dəhşətli hissdir!

Və bütün bunları bilə-bilə deyirəm, deyirəm ki,

Sevgi – mənim dilimdə “Səni sevirəm”, deməkdir!

Və mən bunu dedim!)

# 2652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #