Mübariz Tağıyev: “Bu sevinci ömrümün axırına kimi yaşayacam”

Mübariz Tağıyev: “Bu sevinci ömrümün axırına kimi yaşayacam”
7 dekabr 2020
# 11:10

“Ömrümün axırına kimi mən bu sevinci yaşayacam.”

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. Müğənni tarixi Qarabağ qələbəmizin səbəbkarı olan şəhidlərin ruhunu ehtiramla anıb:

“Mənim atam İkinci Dünya Müharibəsində döyüşüb. Mən müharibədə olanları, qələbəni necə qazandığımızı daha çox filmlərdə və atamın söhbətlərində eşitmişdim. Bu gün isə biz hamımız bu prosesin canlı şahidi olduq. Ömrümün axırına kimi mən bu sevinci yaşamlıyam və nəvələrimə olduğu kimi çatdırmalıyam.”

Mübariz müəllim daha sonra əlavə edib:

“Heç birimizin ağlına da gəlməzdi ki, o torpaqlar 44 günə alınacaq. Didərgin düşən yüz minlərlə insanımızın üstündən “Qaçqın” kəliməsi götürüləcək. Müharibənin davam etdiyi 44 gündən bəri zəfər sevincimiz bitməyib. Hələ qalibiyyətin sevinci, işğal olunan torpaqlarımızın necə alındığı, əsgərlərimizin şücaəti günbəgün yenidən xatırlanacaq. Bizim ordumuz 21-ci əsrin əfsanəsini yaratdı. Şəhidlər də verdik, qazilərimiz də oldu. Vətən uğrunda can verən 2783 şəhidin qəbri nurla dolsun. Baxıram bir ailədən iki oğlu bir gündə şəhid olub. Çox təsirlənirəm. Onların valideynlərinin öz övladlarının şəhadətini şükranlıqla qarşılamağı sözlərlə izah olunası deyil. Biz bundan sonra bu şüarla yaşayacağıq : “Vətən bölünməz, şəhidlər ölməz!” Mən şəhidlərimizin hər birinin qarşısında baş əyirəm.”


Qarabağın işğal olunduğu illərdə Azərbaycan musiqisində qəmli notların üstünlük təşkil etdiyini vurğulayan Xalq artisti bundan sonra musiqilərimizin ancaq zəfərə, qələbəyə köklənməsinin vacibliyini qeyd edib:

“30 ildə Azərbaycanda ən çox yaralı mahnılar yarandı. Çünki nisgilimiz var idi və inamımız tam deyildi. İşlədiyim bəstəkarlara deyirdim ki, mahnılarda çağırış olsun. Bu gün azad olunan hər şəhərə, hər kəndə aid mahnılar yazılmalıdır. Çünki bu gün tarix yazılıb. Simfoniyalar, oratoriyalar yazılmalıdır, yazılır da. Mən izləyirəm, görürəm ki, müharibə başlayandan bəri bütün sənətçilər vətənpərvərlik, zəfər mahnıları ifa edir.”

# 2314 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #