Millət vəkili: “Vaqifin ruhu şad olacaq”

Millət vəkili: “Vaqifin ruhu şad olacaq”
7 yanvar 2021
# 13:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə bağlı videoformatda qəbul etdi, yeni Mədəniyyət nazirinə bir sıra vacib tövsiyə, tapşırıq və göstərişlər verdi. Prezidentin nitqi yalnız bir nazirlik çərçivəsində qalmayıb, ümumən yeni dövrün gerçəkliklərinin, imkan və çağırışlarının dövlət mədəniyyət siyasətində inkası ilə, ölkəmizin uyğunprofilli bütün qurum və quruluşlarının, mədəniyyət, incəsənət xadimlərinin, yeni nəsil yaradıcı vətəndaşlarımızın qarşısında duran mühüm vəzifələrlə əlaqəlidir.

Bu vəzifələrin bir qismi mənəvi məsuliyyət, mənəvi öhdəlik yaratmış ola bilər, lakin söhbət mədəniyyətdən və ölkə başçısının tövsiyələrindən, tapşırıqlarından getdiyi üçün biz mənəvi məsuliyyətimizi hüquqi məsuliyyət kateqoriyasından ayırmırıq. Əlbəttə, bu planda, Şuşa başda olmaqla, işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı yeni imkan və gerçəkliklər, təxirəsalınmaz işlər bizi xüsusi diqqətə dəvət edir, əməli fəaliyyətə kökləyir.

Dövlət başçısının xəlqi keyfiyyətlərimiz, milli kimliyimiz, mədəni irsimiz, ədəbiyyatımız, incəsənətimiz, dövlət dilimiz və başqa mədəni varlığımız, mədəniyyət hadisələrimiz haqqında tarixi fikirləri yolgöstəricidir. Prezidentin Mədəniyyət nazirini qəbulda etdiyi nitq, mədəniyyət sahəsinin təmsilçiləri, bu sahədə çalışan rəhbər şəxslər üçün rəhbər sənəd dəyərindədir. Şəxsən mən belə düşünür, belə qəbul edirəm. Hesab edirəm ki, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri də mənim bu fikrimi bölüşür və biz də qanunverici orqanın Mədəniyyət Komitəsi olaraq, gələcək fəaliyyətimizdə Prezidentin nitqindən irəli gələn məsələlərə öz əməli çalışmalarımızla cavab verməliyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dövlət dilinin qorunub saxlanması ilə bağlı dediyi fikirlər, mövcud mənzərəni, problemləri dəqiq ifadə edir: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır”.

Deputatın sözlərinə görə, dövlət başçısının da vurğuladığı kimi, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” və bizlərin məsuliyyəti yalnız özümüz, çalışdığımız kollektiv, yaşadığımız şəhər və hətta, respublika ilə məhdudlaşmır. Biz dünyanın dörd tərəfində, əskəriyyəti öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın doğma dili ilə bağlı mənəvi məsuliyyətə, qayğılara sahibik. Deməli, ilk növbədə Azərbaycan Respublikasında, özəlliklə yeni mediada, TV və radiolarda, dövlət dilinə öz nümunəvi münasibətimizlə dünya azərbaycanlılarına örnək yaratmalıyıq.

“Nəzərə alsaq ki, dövlət başçısı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib, bu, 2021-ci il boyu yalnız Nizami irsi ilə bağlı deyil, ümumən ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlı hesabatlılıq ili kimi dəyərləndirilə bilər. Bu ilə özəl olaraq həyata keçiriləcək fəaliyyətlər ictimai platformadan, yaradıcı insanlardan, ilk növbədə şair-yazıçı və ədəbiyyatşünaslardan özünəməxsus iştirak, töhfə və dəstək tələb edir. Əsl ədəbiyyat adamının yaradıcılığı isə ilk növbədə dil hadisəsi olması ilə, dilə yeniliklər gətirməsi, sözlərə yeni anlamlar qazandırması, daha ümumi şəkildə desək, dilin, bədii təfəkkürümüzün zənginləşməsinə xidmətlə ölçülür. Ədəbiyyat adamları, yaradıcı insanlar dilin zənginləşməsinə xüsusi töhfə verə bilməsə, heç olmasa, onun korlanmasından uzaq durmalı, sənətin estetik dəyərlərini zədələməməlidir...

44 günlük Vətən müharibəsi bizə bir çox həqiqətləri dünyaya nümayiş etdirmək imkanı qazandırıb. Bu imkan, dövlətimizin uzun illər boyu bütün mümkün platformalarda, ikitərəfli, çoxtərəfli görüş-müzakirələrdə səsləndirdiyi, tələb etdiyi məsələləri də ehtiva edir. Belə ki, 30 ilə yaxın işğal altında tutulmuş ərazilərimizdəki tarix-mədəniyyət abidələrimizin faktiki durumunu öyrənməkçün Azərbaycan Respublikasının əlaqədar beynəlxalq qurumlardan faktaraşdırıcı missiya xahişi, tələbi ən müxtəlif bəhanələrlə müsbət cavablandırlmamış, bu da işğalçının daha çox dağıntı ilə məşğul olmasına münbit mühit yaradıb”,- deyə Qənirə Paşayeva diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, hərbçilərimizin hərb meydanında etdiyi fədakarlığı mədəniyyətimizin, incəsənətimizin əsgərləri öz fədakarlığı ilə mübarizəni davam etdirməlidir: “Artıq dost da, düşmən də, Qafqazın incisi, Azərbaycanın, yaxın coğrafiyanın mədəniyyət paytaxtı Şuşada düzənlənəcək “Xarı Bülbül” Festivalına, “Vaqif Pioeziya Günləri”nə hazırlaqlarla tanış olacaq, o gözəl festivallarda üzə çıxacaq gənc istedadların səsi dünyanın dörd yanından gələcək, Vaqifin ruhu şad olacaq, dünya Azərbaycan xalqının istedadına bir daha şahid olacaq. Təsəvvür edin: Azərbaycanda Nizami ili, Azərbaycanın ürəyi Şuşada Vaqif poeziya günləri! Xarı bülbül öz həsrətinə son qoyur...

Şuşanı Şuşa edən bizim xalqdır. Şuşa – Azərbaycandır!

Siyasi paytaxtımız Bakıdan mədəniyyət paytaxtımız Şuşaya salam olsun!”

# 1785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #